Ankaraya qarşı təxribatlarda QƏRB İZİ: Türkiyə gələn il səbrli davranmaya bilər – İLGİNC AÇIQLAMAbackend

Ankaraya qarşı təxribatlarda QƏRB İZİ: Türkiyə gələn il səbrli davranmaya bilər – İLGİNC AÇIQLAMA

Bu gün qardaş Türkiyənin regionda və geniş anlamda dünyada böyük gücə çevrilməsi bir çox dövlətləri narahat edir. Bu isə Türkiyəyə qarşı bəzi dövlətlərin koalisiya yaratmasına və məkrli planların işə salmasına zəmin yaradır. Əslində bir çox siyasi ekspertlər Türkiyəyə qarşı qurulacaq oyunun əsas iştirakçılarının Almaniya, Fransa və Yunanıstan olduğu haqda proqnozlar səsləndirirlər. Belə ki, rəsmi Ankaranın Moskva kimi təxribatlara cəlb edilməsi, Yunanıstanla müharibəyə sürüklənməsi, ardınca isə qardaş ölkənin NATO-dan çıxarılması planlarının işə salınması istiqamətdə addımlar atılır. Bəs görəsən bu cür məkrli planların həyata keçirilməsi nə dərəcədə realdır?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Faiq Ələkbərli bildirib ki, Türkiyəyə münasibətdə Qərb dövlətlərinin  bu cür münasibət sərgiləməsi birinci  dəfə deyil: “Ankaraya qarşı ikili oyunların oynanıldığı bəllidir. Hələ Osmanlı imperiyası dönəmindən bu cür hallar müşahidə olunub. Belə ki, Osmanlı imperiyasından sonra Türkiyənin öncə Sovet Rusiyası ilə müəyyən yaxınlığı oldu. Ardınca İkinci Dünya Müharibəsindən sonra NATO ilə yaxınlaşma baş Verdi. Yəni Türkiyə bir əsr öncə də dünyadakı proseslərə görə öz mövqeyini müəyyənləşdirməyə çalışıb. Proses indi də eyni ssenari ilə davam edir. Odur ki, Yunanıstanla müharibəyə təhrik və NATO-dan çıxarılmaqla bağlı məsələlərin olduğunu Ankarada yaxşı anlayırlar. Türkiyə isə 100 il öncəki vəziyyətdə deyil. Ona görə də, Türkiyənin NATO-dan çıxarılacağı ilə bağlı səsləndirilən iddialara inanmıram. Çünki NATO-nun Türkiyəyə ehtiyacı var. Xüsusən də, Rusiya ilə münasibətə və bölgədəki roluna görə NATO Türkiyəyə çox böyük ehtiyac duyur”.

Faiq Ələkbərlinin sözlərinə görə, Lozanna müqaviləsinin başa çatmasından sonra, yəni 2023-cü ildə müəyyən dəyişikliklərin şahidi olacağıq: “Həmin vaxt Atatürk Türkiyəsi özünü qorumaq üçün müəyyən güzəştlərə getmişdi. Bu da təxminən yüz illik dövrü əhatə edirdi. Artıq həmin dövr bitir və gələcəkdə Türkiyənin NATO-da olmaması təkcə rəsmi Ankara üçün problem yaratmayacaq. Çünki NATO üzvü olan digər dövlətlərin də təşkilatdan çıxması mümkündür. Bu isə yeni hərbi güclərin formalaşması ilə nəticələnəcək”.

Politoloq əlavə edib ki, Türkiyə öz ətrafında yeni hərbi güc formalaşdırmaq qüdrətinə malikdir və buna doğru addımlar atılır: “Türkiyənin NATO-dan çıxarılması isə yeni düzənin formalaşmasına yol açacaq. Bu heç də NATO-ya daxil olan qüvvələrin, o cümlədən də ABŞ-ın marağında deyil. Üstəlik İran və Ukrayna məsələsi də çox ciddi faktordur. Odur ki, Türkiyənin NATO-dan çıxarılması məsələsi yaxın gələcəkdə real görünmür. Yunanıstan isə bu gün ona dəstək verən qüvvələrə arxalanır. Həmin qüvvələrin Yunanıstanı müharibəyə sövq etmələrinə rəğmən Türkiyə çox səbrli davranır. 2023-cü il isə Türkiyə üçün çox önəmli olacaq. Artıq gələn ildə Türkiyə bu təhdidlərə səbrli davranmaya bilər. Ancaq Lozanna müqaviləsinin yüz illiyi başa çatana qədər Türkiyə və Yunanıstan arasında müharibənin olacağını düşünmürəm. Hesab edirəm ki, gələn il Yunanıstan da öz həddini indiki kimi aşmağa cəsarət etməyəcək. Çünki Türkiyə 100 il bundan öncəki vəziyyətdə deyil və böyük gücə çevrilib. Ona görə də gələn il proseslər bu cür davam etsə, Türkiyə hərbi anlamda Yunanıstana öz yerini göstərəcək”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*