Əvvəllər sizə Ernest Şeklton və Ueddell dənizinin buzları arasında köməksiz qalan 28 nəfərlik ekspedisiyası haqqında danışmışdım. Şekltonun komandası çətinliklərə birlikdə sinə gərir, bir-birinə dayaq olur, tonqal ətrafında zarafatlaşaraq ruhdan düşməməyə çalışırdı.
Lakin avstraliyalı qütb tədqiqatçısı, geoloq doktor Duqlas Mousonun hekayəsi tamam fərqlidir. Bu, insanın mütləq tənhalıq şəraitində ölümə necə müqavimət göstərə biləcəyinin, iradə və dözümün hansı həddə çata biləcəyinin heyrətamiz nümunəsidir.
1912-ci il dekabrın 14-də Mousonun rəhbərlik etdiyi tədqiqat qrupu Antarktidanın dərinliklərində, V Georq Torpağının buzlaqları üzərində irəliləyirdi. Onların Denison burnundakı baza düşərgəsinə qayıtmasına hələ 500 kilometrdən çox yol qalırdı.
Mouson irəlidə gedirdi. Onun arxasınca xizəyi idarə edən isveçrəli xizək çempionu Ksavye Merts gəlirdi. Karvanı isə ən ağır yüklənmiş xizəkləri çəkən leytenant Belqreyv Ninnis tamamlayırdı. Xizəklərdə çadır, altı həftəlik ərzaq ehtiyatı, əlavə isti geyimlər və altı güclü xizək iti vardı.
Lakin gözlənilməz faciə baş verdi.
Ninnis buzlağından keçərkən leytenantın altında qar körpüsü qəfil çökdü. Mouson dərhal kənara qaçaraq aşağı baxdı. Təxminən 45 metr dərinlikdəki qaranlıq yarığın dibində iki yaralı it buz çıxıntısının üzərində çarəsiz halda zingildəyirdi.
Xizəklər, ərzaq ehtiyatı, bütün avadanlıq və leytenant Ninnis buz uçurumunda yoxa çıxmışdı.
İki sağ qalanın əlində yalnız çadırın parçaları olmayan karkası, cüzi avadanlıq və təxminən on günlük ərzaq ehtiyatı qalmışdı. Onları qarşıda yüzlərlə kilometr uzunluğunda buz səhrası gözləyirdi.
Başqa çıxış yolu yox idi.
Qütbçülər sağ qalmaq üçün xizək itlərini yeməyə məcbur oldular. Lakin bu qərar sonradan daha bir faciəyə səbəb oldu. Onlar itlərin qaraciyərində insan orqanizmi üçün ölümcül ola biləcək dərəcədə yüksək A vitamini olduğunu bilmirdilər.
Ağır zəhərlənmə başladı. Dəriləri qat-qat soyulur, saçları tökülür, şüurları bulanırdı. Orqanizmləri tədricən sıradan çıxırdı.
1913-cü il yanvarın 8-də Ksavye Merts həyatını itirdi.
İndi Mouson buz səhrasının ortasında tamamilə tək qalmışdı. Qarşıda onu gözləyən yol hələ bitməmişdi. Baza düşərgəsinə təxminən 160 kilometr qalırdı.
Ayaqları dəhşətli vəziyyətdə idi. Dabanlarının dərisi tamamilə qopmuş, ayaqları qanlı yaralara çevrilmişdi. Lakin o, təslim olmaq fikrində deyildi. Ayaqlarını qalın lanolin qatı ilə yağladı, qopmuş dərisini sarğılarla yerinə bağlamağa çalışdı, altı cüt yun corab geyindi və yenidən yola düşdü.
Qar fırtınaları, şaxta və amansız külək onun qarşısını kəsirdi. Ancaq Mouson hər dəfə bir addım da olsa irəliləməyə çalışırdı.
Yanvarın ortalarında daha bir bədbəxt hadisə baş verdi.
Qarın altındakı buz qatının çökməsi nəticəsində Mouson dərin yarığa düşdü. O, təxminən dörd metrlik ipin köməyi ilə uçurumun üzərində asılı vəziyyətdə qaldı. Xizəkləri isə inanılmaz bir təsadüf nəticəsində yuxarıda, qar yığınının üzərində ilişib qalmışdı.
Əlləri donmuş, gücü tükənmişdi. İp qabırğalarını sıxır, hərəkət etmək getdikcə çətinləşirdi. Bir müddət sonra Mouson bütün gücünü toplayaraq əlləri ilə yuxarı dartınmağa başladı. İlk cəhdi uğursuz oldu. Yenidən sürüşərək aşağı düşdü. Lakin ikinci dəfə özünü toparladı və nəhayət, buz uçurumunun kənarına çıxmağa nail oldu.
Bu, onun ölümə qarşı qazandığı növbəti qələbə idi.
Mouson təxminən 30 gün ərzində təkbaşına yol getdi. Hər addımını, hər keçidi, hər gün istifadə edə biləcəyi enerjini hesablayırdı. Onun üçün artıq məsafə deyil, növbəti günə sağ çıxmaq əsas məqsədə çevrilmişdi.
Nəhayət, 1913-cü il fevralın 8-də, üzü şaxtadan və hisdən qaralmış, bədəni taqətdən düşmüş Mouson Denison burnundakı baza düşərgəsinə çatdı.
Lakin onu burada da gözlənilməz xəbər qarşılayırdı.
“Aurora” xilasetmə gəmisi cəmi beş saat əvvəl lövbərini qaldıraraq Avstraliyaya doğru yola düşmüşdü. Gəminin geri qayıtması mümkün olmadığından, Mouson daha bir qışı Antarktidada keçirməli idi.
Onun itkin düşmüş yoldaşlarının taleyini öyrənmək və mümkün cəsədləri axtarmaq üçün altı nəfər könüllü olaraq bazada qalmışdı. Onlar Mousonu görəndə əvvəlcə onu tanımaqda çətinlik çəkdilər. Hətta oradakılardan birinin təəccüblə belə soruşduğu bildirilir:
“Aman Allah, siz ikinizdən hansısınız?”
Çünki Mousonun görünüşü insanı dəhşətə gətirirdi. Üzü yaralanmış, dərisi soyulmuş, bədəni isə uzun müddət davam edən aclıq və şaxtadan tamamilə zəifləmişdi.
Bununla belə, o, sağ qalmışdı.
Duqlas Mouson Antarktidada daha bir qış keçirdikdən sonra vətəninə qayıtdı. Sonralar elmi fəaliyyətini davam etdirdi, cəngavər tituluna layiq görüldü və 76 yaşına qədər yaşadı.
Onun hekayəsi qütb ekspedisiyalarının tarixində ən təsirli sağ qalma mübarizələrindən biri kimi yadda qaldı.
Bəzən insanı yaşadan nə güc, nə də fiziki üstünlük olur. Ən ümidsiz məqamda belə təslim olmamaq, növbəti addımı atmaq və yaşamaq iradəsini qorumaqdır.
Duqlas Mouson Antarktidanın buzlu səhrasında təkbaşına ölümə meydan oxudu və qalib gəldi.
Ağagül Mürsəlov,
KONKRET.az
