1945-ci il. Meksikada fahişəlik gəlirli biznes sahələrindən biri hesab olunurdu. Təhsilləri və xüsusi bacarıqları olmayan Valensuela bacılarının isə böyük ambisiyaları vardı. İmkanlarının məhdud olduğunu nəzərə alaraq, onlar öz bizneslərini qurmaq qərarına gəldilər.
Beləliklə, dörd bacının idarə etdiyi “Ranço El Anxel” adlı fahişəxana fəaliyyətə başladı.
İşlər əvvəlcə yaxşı gedirdi. Lakin bacılar bununla kifayətlənmək, bizneslərini daha da genişləndirmək istəyirdilər. Özləri cəlbedici qadınlar olmadıqlarından, yeni işçilərə ehtiyac duyurdular. Bu məqsədlə yerli qəzetlərdə elan yerləşdirdilər: xidmətçi qızlar tələb olunur, pulsuz yaşayış və yemək, üstəlik yüksək maaş təklif edilir. Namizədlər yalnız gənc qadınlar olmalı idi.
Elan böyük maraq doğurdu.
İşə qəbul edilən qızlara pulsuz yaşayış və yemək verilsə də, vəd edilən maaşdan əsər-əlamət yox idi. Onlar evdən çıxmaq hüququ olmayan, cinsi istismara məruz qalan əsirlərə çevrilmişdilər.
Biznes böyüdükcə bacıların tamahı da artırdı.
Onlar ABŞ-Meksika sərhədi boyunca qadınları qaçırmaq üçün muzdlu şəxslər tutdular. Bakirə qızlar isə bakirəliyin pozulmasına görə yüksək məbləğ ödəməyə hazır olan xüsusi müştərilər üçün saxlanılırdı.
Zaman keçdikcə bacılar yeni-yeni fahişəxanalar açmağa başladılar. Birinin ardınca digəri fəaliyyətə başladı. Lakin orada işlədilən qadınlar gördükləri işin qarşılığında heç bir pul almırdılar. Hamısı faktiki olaraq kölə vəziyyətində saxlanılır, heroin və kokain qəbul etməyə məcbur edilirdilər.
Bu müəssisələrdə insan həyatının heç bir dəyəri yox idi. Xəstələnən qadınlar öldürülürdü. Qaçmağa cəhd edənlər, işləməkdən imtina edənlər və müştərilərin xoşuna gəlməyənlər də eyni aqibətlə üzləşirdilər.
Hamilə qalan qadınların bətnindəki uşaqlar xüsusi alətlərlə çıxarılırdı.
Tibbi müdaxilədən sonra ağırlaşmalar baş verərdisə, qadının da həyatı təhlükə altına düşürdü. Hətta bəzi iddialara görə, kifayət qədər pul gətirən müştərilər də öldürülərək qarət edilirdi.
Təxminən on il sonra polis qadınların qaçırılmasında iştirak edən şəxslərdən birini saxladı. Ardınca əsir saxlanılan qadınlardan biri baş verənlər barədə ifadə verdi. Polis ərazidə axtarışlara başladı və dəhşətli mənzərə ilə qarşılaşdı: 80 qadının, 11 kişinin və bir neçə dölün cəsədi aşkar edildi.
Baş verənlərə izahat verməsi tələb olunanda bacılardan birinin, məlumatlara görə, belə dediyi bildirilirdi: “Yemək onlara yaramırdı”.
Lakin tapılan cəsədlər cinayətlərin yalnız kiçik bir hissəsini üzə çıxarırdı.
Polisin ehtimallarına görə, qurbanların ümumi sayı 150-ni, hətta 200-ü də keçə bilərdi.
Qadınlar son dərəcə qəddar üsullarla öldürülürdülər. Bəziləri təcrid olunmuş otaqlara salınaraq aclıqdan ölümə məhkum edilirdi. Digərləri isə amansızcasına döyülərək həyatlarını itirirdilər.
1964-cü ildə Valensuela bacıları məhkəmə qarşısına çıxarıldılar. Onların hər biri 40 il müddətinə azadlıqdan məhrum edildi.
Bacılardan biri həbsxanada öldü.
Onun cəsədinin mühafizəçilər tərəfindən çıxarılaraq kənd siçovullarına yem edildiyi, bir neçə həftə sonra isə qalan sümüklərinin yaxınlıqdakı zibil qutusuna atıldığı iddia olunur.
Beləliklə, vaxtilə böyük qazanc əldə etmək arzusu ilə qurulan bir biznes insanlığa qarşı törədilən dəhşətli cinayətlərin məkanına çevrildi.
Rəsmiyyə Şərifova,
KONKRET.az
