44 günlük Vətən müharibəsində məğlub olan Ermənistan mövcud reallıqları dərk etməyə başlayıb.
Belə ki, erməni mediası baş nazir Nikol Paşinyanın qondarma rejimin rəhbəri Araik Arutyunyanı siyahıdan sildiyini yazır. İddialara görə, Paşinyan artıq Araik Arutyunyanı nə qəbul etmək, nə də görmək istəyir. Son bir həftə ərzində Araik Arutyunyan Nikol Paşinyanla görüşməyə cəhd etsə də bu cəhdlər alınmır. İrəvanın Qarabağ üçün ayırdığı vəsaitin 40 faizi kəsilib.
Bəs görəsən, bu iddialar nə dərəcədə doğrudur? Paşinyanın bu addımının səbəbi nədir?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Elçin Mirzəbəyli cavablandırıb. O bildirib ki, Paşinyanın atdığı addımlar məqbul istiqamətə yönəlib:
“Bu gün bütün müzakirələrdə predmet yalnız etnik ermənilərin təhlükəsizliyi ilə bağlı məsələlərdir. Azərbaycan tərəfi bu məsələyə təminat verir. Sülh danışıqlarında və sülh müqaviləsi istiqamətdə atılan bütün addımlarda qondarma rejimin adı hansısa formada keçməməlidir. Belə olan təqdirdə nə Araik Arutyunyan, nə də digərləri faktiki olaraq prosesin iştirakçısı ola bilməzlər. Digər tərəfdən etnik ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesində faktiki olaraq müharibə canilərinin yer alması mümkün deyil. Paşinyan bunu yaxşı başa düşür. Həmçinin, Arutyunyanın əhəmiyyətsiz fiqur olduğunu hər kəs anlayır. Odur ki, Paşinyanın atdığı addımlar məqbul istiqamətə yönəlib”.

Politoloq fikirlərinə belə davam edib:
“Arutyunyanın təmsilçilik hüququ yoxdur. Onun qəbul edilməməsinin əsas səbəblərindən biri də məhz budur. Brüssel görüşündə Şarl Mişelin fikirlərində “Dağlıq Qarabağ” ifadəsi yer almadı. Bundan sonra da həmin ifadənin işlənməsi mümkün deyil. Status məsələsi isə müzakirə mövzusu deyil. Belə olan təqdirdə Arutyunyana nə ehtiyac qalır?
Rəsmi İrəvanın Araiklə əməkdaşlığı onun özünə ziyan gətirə bilər. Şübhəsiz ki, maliyyə məsələsi də öz həllini tapmalıdır. Mahiyyət etibarilə Azərbaycanın suveren hüquqları onun bütün ərazilərində təmin olunmalıdır. Həmin ərazilərdə büdcə və digər məqamlar Azərbaycana aiddir və Ermənistanın bu prosesdə hər hansı formada iştirakı yolverilməzdir. Digər tərəfdən Ermənistanın özünün ciddi maliyyə problemləri var. Rəsmi İrəvanın sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yaşayan ermənilərə uzun müddət dotasiya ayırmaq imkanı yoxdur”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
