Ermənistan parlamentinin rəhbəri Ruben Rubinyan müxalifətçi siyasətçi Arsen Gevorqyanın həbsxanada ölümünün siyasiləşdirilməsinə qarşı çıxıb.
KONKRET.az “Armenpress”ə istinadən xəbər verir ki, Rubinyan bu barədə bu gün parlamentin iclasında danışıb.
O, Gevorqyanın ailəsinə başsağlığı verərək həbsxanalarda məhbusların sağlamlığına nəzarət mexanizmlərinin araşdırılmasını vacib sayıb. Rubinyan müxalifətin Gevorqyanı siyasi məhbus kimi təqdim etməsini və onun ölümündə hakimiyyəti günahlandırmasını tənqid edib:
“Bu mövzunu siyasi spekulyasiyalar olmadan necə müzakirə etmək olar? Çox sadə: siyasi komponenti tamamilə kənarlaşdırmaqla. O zaman geriyə həbsxanalarda insanların sağlamlığına nəzarətin keyfiyyəti və mexanizmləri qalır. Gəlin bunu müzakirə edək”.
Qeyd edək ki, “Güclü Ermənistan” partiyasının Stepanavan şəhərində keçirilən yerli seçkilər üzrə siyahısına rəhbərlik etmiş Arsen Gevorqyan noyabrın 10-da “Nubaraşen” penitensiar müəssisəsində vəfat edib. O, oktyabrın 21-də seçicilərə rüşvət vermək ittihamı ilə həbs olunmuşdu. Gevorqyan ittihamları qəbul etmirdi.
Məlumat üçün bildirək ki, ölüm faktı ilə bağlı cinayət işi başlanılıb və məhkəmə-tibbi ekspertiza təyin edilib.
