AVRO-2020: Azarkeşlər Bakıda keçirilən oyunlara necə gedəcək? – XƏRİTƏbackend

AVRO-2020: Azarkeşlər Bakıda keçirilən oyunlara necə gedəcək? - XƏRİTƏ

AVRO-2020 futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları zamanı azarkeşlərin daşınması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən nəqliyyat planı hazırlanıb. Müvafiq dövlət qurumları ilə koordinasiyalı hazırlanan plana uyğun olaraq bilet alan azarkeşlərin Bakı Olimpiya Stadionuna və geriyə daşınması üçün ekspres marşrut xətləri təşkil ediləcək. 

Bu barədə KONKRET.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, X-1 marşrut xətti “Qara Qarayev” metro stansiyası yaxınlığında yerləşən “Sevinc” kinoteatırının önündən, X-2 marşrut xətti isə “28 May” metro stansiyası yaxınlığında yerləşən Səməd Vurğun parkının yaxınlığından – Dilarə Əliyeva küçəsindən yola düşəcək. Hər iki xətt oyunun başlama vaxtından 3 saat əvvəl işə düşəcək və oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək. Oyun bitdikdən sonra isə ekspres xətlər üzrə əks istiqamətdə daşımalar yerinə yetiriləcək və ən son azarkeş geri daşınanadək fəaliyyət göstərəcək.

Hər iki xətt üzrə avtobus sayı tələbata uyğun tənzimlənəcək. Zərurət yarandığı halda daşımalara ehtiyat avtobuslar da cəlb olunacaq. Daşımalar ödənişsiz həyata keçiriləcək.

Xaricdən gələn azarkeşlərin daşınması da ekspres xətt avtobusları ilə icra olunacaq. Bunun üçün P21 və P22 olmaqla əlavə iki ekspres xətt təşkil edilib. P21 xətti üzrə avtobuslar Xəlil Rza Ulutürk küçəsi-“Dəniz Mall”-un qarşısı, P22 xətti üzrə isə Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalı-Ağ şəhər Bulvarı və əks istiqamətlərdə hərəkət edəcəklər.

Qeyd olunduğu kimi, P21 və P22 xətti üzrə avtobuslar yalnız xaricdən gələn azarkeşlərin daşınması üçündür.

Futbol üzrə Avropa çempionatına akkreditasiyadan keçmiş media işçiləri və könüllülər 5 iyul 2021-ci il tarixinədək müntəzəm marşrut xətləri üzrə avtobuslardan ödənişsiz hərəkət imkanına malikdirlər. Bununla bağlı daşıyıcılara tapşırıq verilib və müvafiq akkreditasiya nümunələri təqdim edilib.

Nəqliyyat əməliyyatlarının operativliyinin və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təmin olunması məqsədilə Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə qərargah yaradılacaq.

Qərargahın fəaliyyəti bu sahədə iştirak edən dövlət qurumlarının işini əlaqələndirməklə yol şəbəkələrinin, nəqliyyat tələbatlarının və nəqliyyat kommunikasiyalarının idarə olunmasından ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*