Danimarkanın ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında müqəddəs Qurani-Kərimi yandırmasından sonra analoji hal Niderlandda da baş verib. Bu iyrənc aksiyaya bir çox İslam ölkələri öz etirazını bildirib. Hətta Türkiyənin milli müdafiə naziri Hulusi Akar İsveç müdafiə naziri Pal Jonsonun Türkiyə səfərini rədd edib və İsveçin Türkiyədəki səfirinə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılaraq Nota verilib.
“Quran”ın yandırılması söz və ifadə azadlığı kimi qələmə verilsə də, bu, daha çox irqiçiliyə, nifrətə, ksenefobiyaya açıq çağırış və şərait yaratmaq istəyidir. Əbəs deyil ki, Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 14-cü maddəsində də deyilir ki, konvensiyaya üzv dövlətlər ayrı-seçkilik etməməyə borcludurlar. Bu maddə yalnız konvensiyada göstərilən digər hüquqlardan istifadə etməkdə ayrı-seçkilikdən qorunmanı təmin edir. Lakin bunun əksini görürük.
AĞ Partiyanın sədri Tural Abbaslı mövzunu KONKRET.az-a dəyərləndirib.
– Tural bəy, son günlər bəzi ölkələrdə Quranın yandırılması vüsət alıb. Bu, nədən xəbər verir?
– Bu təxribat uzun müddətdir ki, Avropa ölkələrində İslam dünyasına qarşı törədilir. Müxtəlif azlıqlar adı altında radikal sağçılar və ya digər siyasi qurumlar tərəfindən belə addımlar atılır. Ancaq bu məsələ həmin dövlətlərin ən azı sakit dayanması, reaksiya verməməsi ilə baş verir. Yəni, necə ola bilər ki, bir Avropa ölkəsində kimsə desə ki, ermənilərə qarşı soyqırımı olmayıb, yəhudilərə qarşı holokost baş verməyib həmin şəxsə cinayət işi açırlar, amma “Quran”ın yandırılmasına ifadə azadlığı deyirlər. Düşünürəm ki, bu, həmin ölkələrin dərin dövlətlərinin siyasi kursudur və bu da ondan xəbər verir ki, Avropada hələ də faşistlik ideologiyası davam edir, insanların dininə, irqinə görə göstərilən yanaşma dəyişməyib.
– Burada həm də müsəlmanları 2000-ci illərin əvvəllərindəki kimi yenidən təxribata çəkmək istəyi ola bilərmi?
– Təbii ki, burada həm də müsəlman ölkələrini təxribata çəkmək meyilləri var. Təbii demək olmaz ki, İsveç hökumətinin özü birbaşa bunda maraqlıdır. Ola bilsin ki, İsveç hökumətinə müxalif olan hansısa qüvvələr İsveçin NATO-ya daxil olmasının qarşısını almaq üçün belə bir təxribata imza atıb. Çünki heç kəsə sirr deyil ki, İslam dininə, onun kitabına, peyğəmbərinə olan hörmətsizliyə dünyada ilk reaksiya verən ölkələrdən biri və birincisi Türkiyə olur və bu gün də İsveçin NATO-ya daxil olması həm də Türkiyənin razılığından asılı vəziyyətdədir. Məqsəd həm də bu ola bilər. Digər tərəfdən, İslam ölkələrindəki vəziyyəti gərginləşdirmək, İslam birliyinin formalaşmasına mane olmaq və İslamı daha çox terrorçu, təxribatçı və radikal din kimi dünyaya təqdim etmək niyyəti də güdülə bilər. Çünki heç kəsə sirr deyil ki, bu gün dünyada ən sürətlə yayılan və insanlar tərəfindən qəbul edilən din İslam dinidir. Ola bilsin ki, Avropanın gələcəkdə İslam dininə sitayiş etməsinin qarşısını almaq üçün müsəlmanları belə təxribata çəkmək istəyirlər.
– Bunun arxasında başqa hansı maraqlar dayana bilər?
– Təbii ki, belə addımların arxasında dünya nizamının hazırkı hegamonları dayanır. Bildiyiniz kimi, İsveçdən sonra başqa bir Avropa ölkəsində də bir nəfər “Quran”ı yandırdı və təhqir elədi. Yəni, ola bilsin ki, bu günki dünya nizamının belə qalmasını istəyən qüvvələr var ki, nizamın dəyişməsini, həmçinin Avropanın İslam dinini qəbul etməsini istəmirlər. O cümlədən, Avropada islamafobiyanın yaranmasını istəyirlər və bu günə qədər qurduqları nizamın davamlı olmasını istəyirlər.
– Bəs, məqsəd nədir?
– Dünya nizamına nəzarət edənlər mövcud vəziyyətin hələ də Avropanın, Amerikanın təsir dairəsində qalması üçün addımlar atır və buna nail olmaq istəyirlər. O cümlədən, Türkiyə və digər müsəlman ölkələrinin yeni siyasi aktor kimi səhnəyə çıxmasının qarşısını almaq üçün belə addımlar atırlar. Həm də xalqlar arasında uçurum yaradırlar ki, xalqlar arasında yaxınlaşmalar baş verməsin. Çünki bu yaxınlaşmalar qoca Avropanın dəyərlərinin dəyişməsi və yeni nizamın qurulmasına xidmət edə bilər.
– Bu addımlara qarşı necə reaksiya vermək lazımdır?
– Belə təxribatlara qarşı ən yaxşı addım və reaksiya təxribatlara getməmək, rəqibin, düşmənin səndən gözlədiyi addımı atmamaqdır. Çox güman ki, “Quran”a qarşı tərbiyəsizlik edən şəxslər və həmin şəxslərin ipini əlində tutan mərkəzlər düşünürlər ki, İslam ölkələrində buna qarşı aksiyalar olacaq, Avropaya qarşı nifrət şüarları səsləndiriləcək, Avorpanın bayraqları yandırılacaq və ya bu ölkələrdə xristian məbədlərinə hücumlar olacaq və. Yəni, bu gözləntiləri etməmək lazımdır. Düşməndən səndən gözlədiyi addımı atmamaq lazımdır ki, belə hərəkətlər öz əhəmiyyətini itirsin və təxribatçılar istəklərinə nail olmasınlar. Müsəlmanlar ayıq-sayıq olmalı, oyunun iştirakçıları yox, oyun quranlar olmalıdırlar. Amma burada görünən odur ki, oyunu kimlərsə qurub və müsəlman ölkələrini bu oyunun tərkib hissəsi olmağa çəkirlər. Əminəm ki, bu niyyətlər onların öz başında çartlayacaq.
Mərahim Nəsib,
KONKRET.az