Avropa ölkələri Ukraynaya qoşun göndərilməsinə hazırlaşır: Polşada hərbi təlimlər keçiriləcəkbackend

Avropa ölkələri Ukraynaya qoşun göndərilməsinə hazırlaşır: Polşada hərbi təlimlər keçiriləcək

2026-cı ilin noyabrında Böyük Britaniya, Fransa, Almaniya və Polşa Ukraynada mümkün atəşkəsdən sonra beynəlxalq hərbi kontingentin yerləşdirilməsi ssenarisini sınaqdan keçirmək üçün birgə hərbi təlimlər keçirəcək. Bu, “Könüllülər koalisiyası”nın beynəlxalq qüvvələrin Ukraynaya yerləşdirilməsinə hazırlıq çərçivəsində təşkil etdiyi ilk birgə hərbi manevrlər olacaq.

Britaniyanın The Times qəzetinin oktyabrın 17-də yaydığı məlumata görə, təlimlərdə azı 1500 britaniyalı, fransalı və almaniyalı hərbçi iştirak edəcək. Onlara Polşa ordusunun bölmələri də qoşulacaq.

Hərbi manevrlər zamanı şəxsi heyətin bölgəyə köçürülməsi, bölmələrin yerləşdirilməsi, təchizatın təşkili, ərzaq, yanacaq və beynəlxalq qüvvələrin uzunmüddətli fəaliyyəti üçün zəruri olan digər maddi vasitələrin çatdırılması üzrə əməliyyatlar məşq ediləcək.

Böyük Britaniya Müdafiə Nazirliyindəki mənbənin sözlərinə görə, təlimlərdə “çoxmillətli qoşunların müəyyən ərazidə birlikdə fəaliyyət göstərməsi” ssenarisi modelləşdiriləcək. Bununla belə, manevrlərin dəqiq tarixləri, keçiriləcəyi yer və ssenarinin digər detalları açıqlanmır.

Britaniya Ukraynaya beynəlxalq qüvvələrin yerləşdirilməsinə hazırlaşır

Təlimlərin keçiriləcəyini Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq oktyabrın 15-də Pentaqonda ABŞ-nin müdafiə naziri Pit Heqsetlə görüşündən sonra təsdiqləyib.

“Gələn ay minlərlə hərbçi Polşada keçiriləcək genişmiqyaslı təlimlərdə iştirak edəcək”, – deyə Stritinq bildirib. Onun sözlərinə görə, manevrlərin məqsədi Avropa ordularını Ukrayna hərbçilərinin təliminə və müharibədən sonrakı bərpa prosesinə hazırlamaqdır.

“Ukrayna bütün dünyada azadlıq uğrunda mübarizənin ön cəbhəsindədir”, – deyə britaniyalı nazir vurğulayıb. O əlavə edib ki, London mümkün sülh razılaşmasına hazırlığı davam etdirir.

Hərbi təlimlərin keçirilməsi barədə qərar hələ iyulun 13-də Parisdə “Könüllülər koalisiyası”nın toplantısında qəbul edilib. Ertəsi gün Polşanın baş naziri Donald Tusk bu barədə rəsmi açıqlama verib.

“Britaniya və Fransa hərbçilərinin iştirakı ilə ilk təlimlər bu payız Polşada keçiriləcək. Manevrlər koalisiyanı regionun və Ukraynanın təhlükəsizliyini təmin etməyə hazırlamalıdır”, – deyə Tusk bildirib.

Varşava isə öz iştirakını təlimlərin təşkili, logistika və gələcək əməliyyatın təminatı ilə məhdudlaşdırmaq niyyətindədir. Polşa hökuməti dəfələrlə bəyan edib ki, hətta döyüş əməliyyatları dayandırıldıqdan sonra belə, ölkə hərbçilərini Ukrayna ərazisinə göndərməyi planlaşdırmır.

Beynəlxalq qüvvələrə britaniyalı general rəhbərlik edəcək

Beynəlxalq missiyanın hazırlanması artıq siyasi bəyanatlar çərçivəsindən kənara çıxıb.

İyulun 24-də Böyük Britaniya Müdafiə Nazirliyi general-leytenant Tom Beytmanın Ukrayna üzrə Çoxmillətli Qüvvələrin komandanı təyin edildiyini açıqlayıb. O, Parisdə yerləşən əməliyyat qərargahında keçirilən mərasimdə bu vəzifəni fransalı generalından təhvil alıb.

“Ukrayna üzrə Çoxmillətli Qüvvələrə komandanlıq etmək mənim üçün böyük şərəfdir”, – deyə Beytman bildirib. O, Ukrayna və beynəlxalq tərəfdaşlarla birgə işi davam etdirəcəyini vəd edib.

Britaniyalı general 30 ildən artıq hərbi xidmət təcrübəsinə malikdir. O, Britaniya ordusunun 1-ci diviziyasına və ölkə hüdudlarından kənarda əməliyyatlar aparmaq üçün nəzərdə tutulmuş Birləşmiş Çevik Reaksiya Qərargahına rəhbərlik edib.

Müharibə başa çatacağı təqdirdə Kiyevdə əlavə qərargahın yaradılması da nəzərdə tutulur. Beynəlxalq qüvvələrin qarşısında Ukrayna ordusunun təlimi və yenidən silahlandırılması, hava məkanının və dəniz kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi, eləcə də yeni silahlı hücumun qarşısının alınması kimi vəzifələrin qoyulacağı bildirilir.

Böyük Britaniyanın o vaxtkı baş naziri Kir Starmer iyulun 16-da Kiyevdə açıqlayıb ki, çoxmillətli qüvvələrin hazırlanmasında 25-dən çox dövlət iştirak edir. Onun sözlərinə görə, atəşkəs sazişi qüvvəyə mindikdən sonra kontingent “bir neçə gün ərzində” yerləşdirilməyə hazır olmalıdır.

Xarici hərbçilərin Ukraynada yerləşdirilməsi necə nəzərdə tutulur?

Böyük Britaniya, Fransa və Ukrayna gələcək əməliyyatın hüquqi əsaslarını 2026-cı il yanvarın 6-da Parisdə üçtərəfli niyyət bəyannaməsi imzalamaqla formalaşdırmağa başlayıblar.

Sənəddə xarici hərbi qüvvələrin yerləşdirilməsi, hərbi mərkəzlərin, silah anbarlarının və strateji ehtiyatların yaradılması, vahid komandanlıq sisteminin qurulması, eləcə də bütün əməliyyatların Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ilə əlaqələndirilməsi nəzərdə tutulur.

Bəyannamənin ən mühüm müddəalarından biri silah tətbiqi qaydaları ilə bağlıdır. Ukraynanın beynəlxalq missiyanın iştirakçılarına hərbçilərin, hərbi texnikanın və infrastrukturun müdafiəsi üçün zəruri vasitələrdən, o cümlədən silahlı qüvvədən istifadə etmək hüququ verməsi nəzərdə tutulur.

Beləliklə, söhbət yalnız atəşkəsə nəzarət edən müşahidəçilərdən getmir. Planlaşdırılan missiya öz komandanlığına, infrastrukturuna və silahlı müdafiə imkanlarına malik hərbi kontingent kimi nəzərdə tutulur.

Eyni zamanda, Paris bəyannaməsi atəşkəsə riayət olunmasına nəzarət mexanizminin yaradılmasını da ehtiva edir. Bu prosesdə ABŞ-nin aparıcı rol oynaması, həmçinin Amerika, Ukrayna və Avropa nümayəndələrinin daxil olduğu xüsusi koordinasiya qrupunun fəaliyyət göstərməsi planlaşdırılır.

Moskva Qərb qoşunlarının Ukraynada yerləşdirilməsinə qarşıdır

Bütün hazırlıqlara baxmayaraq, beynəlxalq qüvvələrin Ukraynada faktiki yerləşdirilməsi ilə bağlı qərar hələ də siyasi və hərbi baxımdan qeyri-müəyyən olaraq qalır.

Moskva Qərb hərbi kontingentinin Ukrayna ərazisində yerləşdirilməsini qəti şəkildə rədd edir. Rusiya Xarici İşlər Nazirliyi 2026-cı ilin yanvar və fevral aylarında verdiyi açıqlamalarda xarici hərbi bölmələrin və hərbi obyektlərin yerləşdiriləcəyi təqdirdə onların qanuni hərbi hədəf hesab olunacağını bəyan edib.

“Ukraynadakı istənilən xarici hərbi kontingent Rusiya Federasiyası Silahlı Qüvvələri üçün qanuni hədəf hesab ediləcək”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında bildirilib.

“Könüllülər koalisiyası” isə avqustun 24-də yaydığı bəyanatda Rusiyanı təmas xətti boyunca dərhal atəşkəsə razılaşmağa çağırıb və döyüş əməliyyatları dayandırıldıqdan sonra beynəlxalq qüvvələrin mümkün yerləşdirilməsinə hazırlığın davam etdiyini təsdiqləyib.

Burada prinsipial əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, gələcək missiya NATO təşkilatı çərçivəsində deyil, “Könüllülər koalisiyası”na daxil olan ayrı-ayrı dövlətlərin təşəbbüsü ilə formalaşdırılır. Buna görə də Britaniya, Fransa və Almaniya hərbçilərinin mümkün iştirakı öz-özlüyündə NATO-nun kollektiv müdafiə öhdəliklərinin həmin kontingentə şamil edilməsi demək deyil.

Əsas suallar hələ də açıq qalır

Avropa ölkələrinin planları ilə bağlı bir sıra mühüm suallar cavabsızdır: Ukraynaya konkret olaraq neçə hərbçi göndəriləcək? Onlar ölkənin hansı ərazilərində yerləşdiriləcəklər? Hansı hallarda silah tətbiq etmək hüququna malik olacaqlar? Rusiya hərbçilərinin hücumu baş verərsə, beynəlxalq kontingent necə hərəkət edəcək?

Noyabrda Polşada keçiriləcək təlimlər Avropa ordularının belə bir əməliyyata texniki hazırlığını yoxlamağa imkan verəcək. Lakin manevrlər əsas siyasi problemi həll etməyəcək: Rusiya ilə razılaşma əldə olunmadan və Moskva ilə beynəlxalq missiyada iştirak edən dövlətlər arasında birbaşa silahlı toqquşma riski aradan qaldırılmadan Ukraynada xarici qoşunları yerləşdirmək mümkün olacaqmı?

Məsələnin mahiyyəti də məhz bundadır. Sülhün qorunması məqsədilə yaradılması planlaşdırılan beynəlxalq qüvvələrin Ukraynada yerləşdirilməsi, eyni zamanda, yeni hərbi qarşıdurma riskini də gündəmə gətirir. Avropa ölkələrinin noyabr təlimləri bu risklərin nə dərəcədə nəzərə alındığını və gələcək əməliyyatın hansı mexanizmlərlə həyata keçirilə biləcəyini müəyyənləşdirmək baxımından mühüm sınaq olacaq.

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*