Azərbaycanda avtomobilin sahibi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamə tələb olunması uzun müddətdir müzakirə edilən məsələlərdən biridir. Rəqəmsal xidmətlərin sürətlə genişləndiyi bir dövrdə bu prosedurun hələ də qüvvədə qalması vətəndaşlar üçün əlavə sənədləşmə, vaxt itkisi və müəyyən maliyyə xərcləri yaradır.
Bir sıra ölkələrdə avtomobili idarə edən şəxsin ayrıca etibarnamə təqdim etməsinə ehtiyac olmadığı halda, Azərbaycanda bu tələb tətbiq edilir. Bəs avtomobil sahibinin məlumatlarının elektron sistemlər vasitəsilə müəyyənləşdirilməsinin mümkün olduğu indiki şəraitdə etibarnaməyə ehtiyac varmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, bir sıra ölkələrdə avtomobildən istifadə ilə bağlı bu cür sənədləşmə artıq aradan qaldırılıb.

Ekspertin sözlərinə görə, nəqliyyat vasitəsini idarə edən şəxs avtomobil sahibinin razılığı ilə sükan arxasına keçirsə, bunun ayrıca etibarnamə ilə təsdiqlənməsinə ehtiyac olmamalıdır:
“Bu gün etibarnamələrin verilməsi və onların işlənilməsi məsələsi hələ də aktualdır. Qonşu ölkələrdə, o cümlədən Rusiya, Gürcüstan və Türkiyədə artıq bu tip sənədlərə ehtiyac yoxdur. Bunun həll yolu ondan ibarətdir ki, əgər nəqliyyat vasitəsini idarə edirəmsə, deməli, nəqliyyat vasitəsinin sahibi mənə etibar edib”.
Aslan Əsədov hesab edir ki, Azərbaycanda etibarnamə sisteminin qorunub saxlanılması müəyyən mənada ənənəvi yanaşma ilə bağlıdır. Onun sözlərinə görə, bu mexanizmin tətbiqində əsas məqsədlərdən biri nəqliyyat vasitələrinin oğurlanması və avtomobillərdən sui-istifadə hallarının qarşısını almaqdır.
Ekspert eyni zamanda mövcud prosedurun müəyyən hallarda həm vətəndaşlar, həm də aidiyyəti qurumlar üçün əlavə hüquqi və inzibati çətinliklər yaratdığını bildirir. Belə ki, etibarnamənin verilməsi ilə yanaşı, onun sonradan ləğv edilməsi, məlumatların dəyişdirilməsi və digər prosedurlar əlavə vaxt və resurs tələb edir.
“Bəzən şəxs etibarnamə verir, daha sonra onu ləğv edir və sənədlərə düzəlişlər edilir. Bu da nəqliyyat vasitələrindən istifadəyə və ümumilikdə prosesin səmərəliliyinə mənfi təsir göstərə bilər. Vətəndaş məmnunluğunun azalmasına da səbəb olur”, – deyə ekspert vurğulayıb.
Aslan Əsədovun fikrincə, məsələnin həlli üçün aidiyyəti qurumlar qanunvericilik səviyyəsində yeni mexanizmlər üzərində işləyə bilərlər. Onun sözlərinə görə, avtomobilin rəsmi sahibinin hüquqi statusu əsas götürülməklə, nəqliyyat vasitəsinin başqa şəxs tərəfindən idarə olunması daha sadə və rəqəmsal mexanizmlərlə tənzimlənə bilər.
Ekspert hesab edir ki, belə bir yanaşmanın tətbiqi bürokratik prosedurların azalmasına, vətəndaşların vaxt və əlavə xərclərinin minimuma endirilməsinə, eləcə də nəqliyyat sektorunda rəqəmsallaşmanın sürətləndirilməsinə imkan verə bilər.
Aynurə İsmayıl
KONKRET.az
