Şəki Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqirləndirilən İbrahim Məlikovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, protest və apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2025-ci ildə Göyçay rayonunun Şəkili kəndində baş verib.
Belə ki, İbrahim Məlikov gecə saatlarında kənd orta məktəbinin stadionunun arxasında yerləşən yolda zərərçəkmiş Pənah Məmmədovun (adı, soyadı şərtidir) idarə etdiyi VAZ-2106 markalı avtomobilin guya onun üzərinə sürüldüyünü əsas gətirərək mübahisə yaradıb. O, heç bir əsaslı səbəb olmadan ictimai yerdə yüksək səslə nalayiq ifadələr işlədib, ətrafda olan şəxslərə məhəl qoymayaraq ictimai qaydanı kobud şəkildə pozub. Daha sonra zərərçəkmiş şəxsə yaxınlaşaraq yumruqla sifət nahiyəsinə bir zərbə endirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Pnaha solda alt çənənin yerdəyişmiş sınığı, eləcə də alt çənənin ağıl dişi nahiyəsində yerdəyişmiş sınıq xəsarətləri yetirilib. Bu xəsarətlər həyat üçün təhlükəli hesab edilməsə də, sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən az ağır bədən xəsarəti kimi qiymətləndirilib.
İttiham orqanı təqsirləndirilən şəxsin hərəkətlərini cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirməklə, ictimai qaydanı kobud şəkildə pozan və zor tətbiqi ilə müşayiət olunan xuliqanlıq əməli kimi qiymətləndirib.
Göyçay Rayon Məhkəməsinin hökmü ilə İbrahim Məlikov Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Lakin qəbul edilən hökm tərəfləri qane etməyib. Belə ki, Pənah Məmmədov hökmün dəyişdirilməsi tələbi ilə apellyasiya şikayəti verib. Dövlət ittihamçısı da birinci instansiya məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edərək hökmdən apellyasiya protesti təqdim edib.
