backend

Axır ki, bu məsələdən də danışan oldu! - Akif Əli yazır

Nağıllarımızda oxumuşduq: “Qarışqa şıllaq atdı, dəvənin budu batdı.” İnanmırdıq. İndi bir qarışqanın bir ayağı boyda virus dünyanı batırıb.  

Hamı yığışıb oturub evdə. Gözlər ekranda. Televizorun, kompüterin, telefonun ekranında. Və hamı yazır. Fikir yazır, rəy yazır, status yazır, mesaj  yazır… Kimi yer kürəsindən üzr istəyir, kimi göy qübbəsindən, kimi kənddən, kimi şəhərdən…

Virus isə öz işindədir, qarışqa kimi “ölüm yuvasına” yük daşıyır.

Bütün dünyanın, bütün ölkələrin və həm də bizim yurdumuzun bu qorxulu günlərində cəsur əsgər kimi ön cəbhədə vicdanlı məmurlardır, həkimlərdir, polislərdir… Və bir də vicdanlı media işçiləri, peşəkar jurnalistlər, KİV nümayəndələri…

Özləri risk altında özgələrini riskdən qoruyurlar. Halbuki qorxudan küçəyə çıxa bilməyənlər indiyə qədər virtualda bu cəsur insanları topa tuturdular. Dünyanın bütün günahlarını onların üstünə yükləyirdilər. Hər sözün başına ip salıb şəbəkələrdə şəbədə qoşur, tənqiddən təhqirə qədər döşəyirdilər. Az qala goydəki ulduzlardan gələn dağ boyda kometadan tutmuş, dənizin dibindəki iynə ulduzu boyda birhüceyrəli amöbə kimi hər şeyə məsul onlar imiş, – məmurlar, həkimlər, polislər, jurnalistlər…

Dara düşəndə isə “klaviatur cəngavərləri” marketdən tualet kağızı, aptekdən spirt alıb evdə qapanaraq, lağ etdikləri o  məmurlardan, həkimlərdən, polislərdən, jurnalistlərdən yardım istəyir, ümidverici xəbər gözləyirlər.

Olsun! Vicdanlı həkimlər, məmurlar, polislər, jurnalistlər vətən üçün etdiklərinə görə sağ olsunlar!

İndiki durumda adamların ehtiyac duyduğu bir zümrə də var, – az-az gözə dəyən  alimlər. Bilim adamları. Ömrünü elmi axtarışlara həsr edən mütəxəssislər. Bu ağır viruslu günlərdə onların da xalqın qarşısında olması gərək. Çünki hamını maraqlandıran  mübhəm sualların doğru-düzgün, elmi cəhətdən əsaslandırılmış etibarlı cavabını, ən azı sabahkı ehtimalını az-çox yenə də alimlər, mütəxəssislər, elmi ekspertlər verə bilər. Qəfil içimizə daraşan qarışqanın ayağı boyda virus nəmənədir, hardan gəlib hara gedir, nə vaxt, necə, nə cür əl  çəkəcək yaxamızdan, bu işlərin axırı necə olacaq… və s. barədə suallara ən doğru cavab onlardan gələ bilər.

Necə ki Almaniya, Amerika, Rusiya, Türkiyə, Koreya alimləri gecə-gündüz laboratoriyalardan çıxmayıb müəmmalı virusun gətirdiyi min bir suala cavab axtarırlar.  Virusoloq alimlər, immunoloqlar, bioloqlar, fizioloqlar, filosoflar, sosioloqlar və digər mütəxəssislər efirə, ekrana, sosial şəbəkələrə, mətbuat səhifələrinə çıxıb dünyanı sarmış bəlaya dair öz bildiklərini, araşdırmalarını, tövsiyyə, məsləhət və proqnozlarını öz xalqları ilə bölüşürlər. Laboratoriyalarda şübhəli virusun mənşəyini, nəliyini, necəliyini tədqiq edib yeni məlumatlarla ölkənin gündəminə çıxırlar. Hələlik dərman verə  bilməsələr də, təsəlli və ümid verirlər. Nəyi, necə etməyi öyrədirlər. Nə zaman nə ola biləcəyini, qorunmaq üçün daha nələrə lazım olacağını gümanla proqnozlaşdırırlar. Bu çox vacibdir. İmkanları və bilikləri daxilində öz ölkələrinə və öz xalqlarına bu çətin günləri aşırıb, sağ-salamat postpandemiyaya qovuşmaqda yardımçı olurlar. İllərlə qazandıqları bilikləri, topladıqları təcrübələri, apardıqları elmi çalışmaların nəticəsini indi məqamı gəldiyi üçün, onlara şərait yaratmış xalqa, dövlətə, ölkəyə qaytarırlar…

Biz də gözümüzü televizorun, telefonun, kompüterin ekranlarına dikib gecə-gündüz onlara baxırıq. Gah o ölkənin alimini izləyirik, gah bu ölkənin… Gah o xalqın mütəxəssisinin müşahidələrini dinləyirik, gah bu xalqın… Gah almanca, gah rusca, gah türkcə, gah ingiliscə araşdırmalara, tədqiatlar nəticəsində açıqlanan gümanlara qulaq kəsilirik. İngilisin, türkün, rusun, almanın elmi cəhətdən əsaslandırılmış mülahizələri ilə tanış olub dosta zəng edirik, gümanların tərcüməsini qohuma danışırıq, proqnozları barədə tanış-bilişə təsəlli veririk, dediklərini bölüşürük, bir-birimizə link atırıq, mesaj göndəririk…

Lap yaxşı, bunlar da olsun! Onsuz da dünya bütövləşir, dərd adamları birləşdirir, ölkələr virtual yaxınlaşır. Amma xarici efirlərə, saytlara, bir-birimizə göndərdiyimiz linklərə, mesajlara, tərcümələrə hamının çıxışı yoxdur, təbii. O məlumatlar isə 7-dən 70-ə hamı üçün maraqlıdır. Həm də vacib!

Ona görə də könül istərdi ki, bizim məmləklətin əhalisi də alman, ingilis, türk, rus, koreli kimi öz doğma dilində koronovirus məlumatları alsın. Ekranlarda öz alimlərimizin, mütəxəssislərimizin, ekspertlərimizin elmi mülahizələrini dinləsin. Yəqin ki illərdir elmi  laboratoriyalarda apardıqları təcrübəyə əsaslanan mövqeləri, izahat və proqnozları yox deyil. Əminəm ki, var.

Əlbəttə, məmur öz işini görür, həkim öz işini görür, polis öz işini görür, mətbuat öz işini görür. Dövlət bu koronoviruslu günlərdə öhdəsinə düşəni lzımınca edir. Önləyici tədbirlərlə, ciddi rejimli qoruma tətbiqlərlə əhalini dünyanın çox ölkəsindən çox yaxşı yönəldir. Virusun yayılma arealını məhdudlaşdırır. Xalq bunu görür və qiymətləndirir.

Aylardır tamaşaçıya, dinləyiciyə, oxucuya mütəmadi yeniliklər çatdırmağa çalışan mətbuatın da gecə-gündüz mövzu axtarışı başa düşüləndir. Dünya dayandığı üçün, yeni informasiya tapmaq da müşküldür. Media bu aylarda əsasən dövlət başçısının problemə dair çıxışlarını, xalqa müraciətlərini yayır. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarını mütəmadi əhaliyə çatdırır.  Əldə etdiyi “xəstəlik, ölüm, sağalma” sayını göstərən statistik informasiyalarla işləyir. Bütün bu rəsmi məlumatları, təlimatları, dövlətin tədbirlərini əhaliyə çatdırmaq çox mühümdür.

Media üçün daha bir mühüm informasiya mənbəyi də ayrı-ayrı sahələrin məşhur alimləri, yüksək dərəcəli təcrübəli mütəxəssisləridir. Onların mətbuatda daha intensiv çıxışlara cəlb edilərək, peşəkar rəy bildirməsi, dünyada və regionda baş verən virus olaylarını populyar dildə əhaliyə anlatması, müxtəlif şərh, izahat, mövqe sərgiləməsi maraq doğurardı. İndilikdə bir neçə həkim və sahə mütəxəssislərindən başqa, digər peşəkarların mövqeyi elektron mediada kifayət qədər nəzərə çarpmır.

Ancaq xaricdə olduğu kimi, bizdə də çox dəyərli bioloq, fizioloq, botanik, genetik, kimyaçı, mikrobioloq, ekoloq, dendroloq, filosof, sosioloq, psixoloq, iqtisadçı, coğrafiyaçı alimlərimiz vardır. Ekranda, efirdə, mətbuatda onlar da öz bilikləri, təcrübələri ilə dövlətə dəstək, xalqa bilgi versələr, bəzi dezinformasiyaların qarşısını alsalar, elmi cəhətdən izahat verib vəziyyəti olduğu kimi şərh etsələr, ümumi işə kömək olar.

Bir qarışqanın bir ayağı boyda olmayan virusun dünyanı sardığı bu zamanda elm adamları dövlətin və xalqın yanında daha çox olub, öz bilik və bacarıqlarının həyata tətbiqinə sadəcə borcludurlar. Çünki elmi fəaliyyətin əsas tələbi budur: hər bir tədqiqat işi praktikada tətbiqini taparsa, onu elm adlandırmaq olar. Əks halda bu fəaliyyət gərəksiz məşğuliyyət sayılır. Əgər alimin araşdırmaları reallıqda özünə yer tapıb cəmiyyətə xeyir verməyəcəksə, insanların həyatına təsiri olmayacaqsa, hansısa dərdə dərman bulmayacaqsa, o zaman o fəaliyyət kimə, nəyə, nə üçün lazımdır?

Niyə də bizim camaat ancaq kənardan gələn elmi izahatlara, xarici ekspert çıxışlarına möhtac qalsın?! Şübhəli korona-virusdan qorunmaq üçün öz ölkəmizin nüfuzlu alimləri öz elmi axtarışları ilə, illərlə apardıqları araşdırmaları ilə, həyatda qazandıqları təcrübələri, ağsaqqal məsləhəti və mütəxəssis tövsiyyələri ilə xalqın xidmətinə çıxması da önəmli olardı!

Aqil Abbas demişkən, gör nə qədər elmlər doktoru, professor, akademik maaşı alanlarımız var… İndi ölkənin ən yüksək dərəcəli alim adı daşıyan, ən yüksək dərəcəli mütəxəssisi sayılan bu insanlar meydanda olmalıdır. Məgər xalq yalnız onların maaşı artırılanda, sosial şəraitlərinin yaxşılaşdırılması üçün fərman veriləndə, vəzifələri yüksəldiləndə, mükafat paylananda bilməlidir ki, sən demə, ölkədə neçə min elmlər doktoru, professor, akademik varmış?! Elmlə məşğul olmaq yalnız ad-san, titul, orden-medal toplamaq üçün deyil. Kimsələr inciməsin, – söz yiyəsinə aiddir!

Hörmətli alimlər özləri indi təşəbbüs göstərməli, bu çətin dövrdə öz biliklərini xalqa nümayiş etdirməkdə, ona dəstək verməkdə maraqlı olmalıdırlar. Əlaqədar ixtisas sahibləri gözləmədən irəli çıxmalıdır. Belə vəziyyətdə əsas söz – bioloq, fizioloq, botanik, genetik, kimyaçı, mikrobioloq, ekoloq, dendroloq, filosof, sosioloq, psixoloq, iqtisadçı, coğrafiyaçı alimlərimizindir. Onların analitik mülahizələrinə, təcrübəyə dayaqlanan fikir-düşüncələrinə, müdrik məsləhətlərinə cəmiyyətin ehtiyacı var. Yüksək dərəcəli elmi mütəxəssisləri xalq, dövlət, vətən məhz belə çətin günlər üçün yetişdirir!

Bu günləri hamı eyni psixoloji, ruhi, əsəb stabilliyi ilə keçirmir. Pandemiya bəlası hərəyə bir cür təsir edir. Əhalini psixoloji gərginlikdən qorumaq, kütlənin moralını yüksəltmək, xəstəliyə qalib gəlmək üçün xəstələrə inam vermək, dəyərli məsləhətlərlə  insanları ruhlandırmaq çox, həm də çox vacibdir. Dünyada gedən mürəkkəb hadisələrdən baş çıxara bilmək üçün nüfuz sahibləri olan ayrı-ayrı ixtisaslar üzrə mütəxəssislərin, peşəkarların təsəllisinə, əsaslandırılmış ciddi fikirlərinə ehtiyac böyükdür. Digər peşə sahiblərindən daha çox onlar tez-tez xalqın qarşısına çıxıb ekrandan, efirdən, saytlardan öz mülahizələrini bölüşməli, proqnoz verməli, araşdırmalarının nəticələrini bildirməli, vətənə və xalqa xidmətdə olmalıdırlar.

Müqəddəs söz var: “Alim öldü, aləm öldü”. Bu, əsil alimlərə, biliyi, təcrübəsi, xalqa gərəkli əməyi ilə nüfuz qazanmış alimlərə aiddir. Bununla belə, bəzən hardasa bir alim öləndə heç aləmin vecinə olmur. Və yaxud yalnız nekroloq çıxanda camaat eşidib bilir ki, sən demə “elmi ictimaiyyətə ağır itki üz verib” və “dünya şöhrətli” filan alim 99 yaşlında dünyasını dəyişib. O titullu alimin yüz ildir harda olduğunu, elmdə nə işlər gördüyünü, xalqın, ölkənin hansı yarasına məlhəm qoyduğunu, yurdun hansı dərdini danışıb, dünyaya car çəkdiyini nəinki geniş ictimaiyyət, çox vaxt heç öz alim həmkarları da bilmir.

Odur ki, bizim dəyərli elm adamları bu gün daha böyük fəallıqla xalqa öz alim sözünü deməli, müdrik məsləhətlərini verməlidirlər.

Təbii, indi bütün alimlər, mütəxəssislər, peşəkarlar da hamı kimi evdə oturub On Bir Ayın Sultanı olan bu müqəddəs günlərdə xata-balanın tez sovuşması üçün Tanrıya dua etmələri anlaşılandır. Çünki Tanrı ucadır, hər şeyi görəndir və biləndir. Əlbəttə, enində-sonunda Böyük Yaradan dünyanı xilas edəcək. İnsanı İblisin ümidinə qoymaz. Adəm övladlarının yaşamına kimsə qərar verə bilməz. İnsanı Tanrı yaradıb, Tanrı da ona yar olacaq.

Ancaq iş bilən insanlar nə qədər çox hərəkət edərlərsə, Tanrıdan da bir o qədər çox bərəkət gələr!

Akif Əli,

yazıçı-publisist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*