İsrail parlamenti – Knesset növbədənkənar parlament seçkiləri ərəfəsində özünü buraxmaq barədə qərar qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Məlumata görə, parlamentin buraxılması haqqında qanun layihəsini hakim koalisiyanın 62 deputatı dəstəkləyib. Müxalifət nümayəndələri isə səsvermədə iştirak etməyiblər.
Qərara əsasən, İsraildə növbədənkənar parlament seçkiləri oktyabrın 27-də keçiriləcək. Seçkilərin nəticələrinə əsasən 120 yerlik yeni Knesset formalaşdırılacaq. Hökumət qurmaq üçün siyasi qüvvənin ən azı 61 deputat mandatı qazanması tələb olunur.
Hazırkı Baş nazir Binyamin Netanyahu rəhbərlik etdiyi Likud Partiyası ilə seçkilərdə yenidən iştirak edərək baş nazir postunu qorumağı hədəfləyir. Netanyahu 2009–2021-ci illərdə baş nazir vəzifəsində çalışıb, 2022-ci ildə isə yenidən hakimiyyətə qayıdıb.
Onun əsas rəqibi isə müxalif düşərgəni təmsil edən, İsrail Müdafiə Qüvvələrinin sabiq Baş Qərargah rəisi Qadi Ayzenkot hesab olunur. Son ictimai rəy sorğularına əsasən, Ayzenkot seçici dəstəyi baxımından Netanyahunu cüzi fərqlə qabaqlayır.
Müşviq Tofiqoğlu
KONKRET.az
