Qəbul imtahanlarının nəticələrinin açıqlanmasının ardından abituriyentlər üçün ən məsuliyyətli mərhələlərdən biri – ixtisas seçimi başlayacaq. Mütəxəssislər bildirirlər ki, bu mərhələdə verilən qərar yalnız ali məktəbə qəbul olunmağı deyil, həm də gələcək peşə fəaliyyətini və karyera istiqamətini müəyyənləşdirir. Bəs abituriyentlər ixtisas seçimi zamanı hansı məqamlara xüsusi diqqət yetirməli, düzgün qərar vermək üçün hansı meyarları əsas götürməlidirlər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Cahid İmanlı bildirib ki, ixtisas seçimi ilk baxışdan sadə görünsə də, əslində abituriyentin həyatına uzunmüddətli təsir göstərən ən mühüm qərarlardan biridir.

Onun sözlərinə görə, abituriyentlər seçim edərkən yalnız topladıqları bala uyğun hansı ixtisasa qəbul ola biləcəklərini deyil, gələcəkdə hansı sahədə işləmək istədiklərini əsas meyar kimi götürməlidirlər.
“İxtisas seçimi sadə görünsə də, əslində çox çətin bir prosesdir. Bu seçim abituriyentin bütün gələcək karyerasına və həyatına təsir edən mühüm bir addımdır. Buna görə də seçimlərə həssaslıqla yanaşmaq, “hara qəbul olacağam?” deyil, “gələcəkdə hansı sahədə çalışacağam?” düşüncəsi ilə qərar vermək lazımdır”, – deyə ekspert vurğulayıb.
Cahid İmanlı qeyd edib ki, ixtisas seçimi zamanı həm abituriyentləri, həm də valideynləri əsasən ödənişli və ya dövlət sifarişli yerlər, dövlət və özəl universitetlər, eləcə də Bakı və region universitetləri arasında seçim maraqlandırır. Lakin onun fikrincə, əsas diqqət iki vacib suala yönəlməlidir: Hansı ixtisas seçilməlidir? və Bu ixtisas hansı universitetdə oxunmalıdır?
“Düzgün qərar vermək üçün həm təhsil sistemini, həm də əmək bazarının tələblərini yaxşı bilmək vacibdir. Məhz buna görə də bir çox abituriyent bu mərhələdə təhsil ekspertlərinin məsləhətlərinə müraciət edir.
İxtisas seçimi zamanı Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi jurnallar əsas məlumat mənbəyi hesab olunur “Abituriyent” jurnalının 2-ci sayında əvvəlki ilin keçid balları, 4-cü sayında cari ilin ixtisasları, plan yerləri və təhsil haqları, Statistika jurnalında isə balların paylanması barədə məlumatlar yer alır”.
Ekspert vurğulayıb ki, bu üç nəşrdən istifadə etmədən ixtisas seçimi etmək düzgün deyil. Xüsusilə orta və nisbətən aşağı bal toplayan abituriyentlərə peşəkar ixtisas seçimi mütəxəssislərinin dəstəyindən yararlanmaq tövsiyə olunur.
Onun sözlərinə görə, mütəxəssislər əvvəlki illərin plan yerlərini, balların paylanmasını və abituriyent sayındakı dəyişiklikləri müqayisə edərək hansı ixtisaslarda keçid ballarının yüksələ və ya enə biləcəyi ilə bağlı təxmini proqnozlar verə bilirlər.
Cahid İmanlı əlavə edib ki, builki qəbul kampaniyasında da əvvəlki illərdən fərqlənən məqamların olması gözlənilir.
Aynurə İsmayıl
KONKRET.az
