Bu həftənin əvvəlindən Özbəkistanın Namanqan şəhər məscidlərində azanın səsgücləndiriclərlə oxunması dayandırılıb.
Namanqanlı fəal Abbas Əsəd KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosuna xəbər verib ki, Namanqan vilayətinin imam-xatibinin göstərişi ilə şəhər məscidlərində səsgücləndiricilərdən istifadəni dayandırıblar:
“Artıq 3-4 gündür şəhərdə azan səslənmir. Bu yaxınlarda cənazə mərasimində yerli müəzzinlərdən biri ilə görüşdüm və soruşdum ki, niyə məscidlərdə azan eşidilmir, həm də bütün məscidlərdə vəziyyət eynidir? Onun dediyinə görə, məscidlərdən birinin yaxınlığında yaşayan hansısa məmurun azanın yüksək səslə verilməsi barədə şikayətindən sonra olub”.
Yerli jurnalistlərdən biri namaz vaxtı Namanqandakı Qazi Məhəmməd-Hacı məscidinə gedib, lakin azanın səslərini eşitməyib. Onunla söhbətində yerli camaat hakimiyyətin azanın yüksək səslə verilməsinin qadağan olunmasından üzüldüklərini söyləyib.
Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin nümayəndəsinin dediyinə görə, qurumun rəhbərliyi məscidlərə namazdan əvvəl azanı səsgücləndiricilərdən verməməyi tövsiyə edib Çünki Namanqan, Fərqanə və Əndican bölgələrinin, habelə Daşkənd şəhərinin bəzi sakinləri yüksək azan səsindən şikayətləniblər.
Deyilənlərə görə, Prezident Şövkət Mirziyayevin bu ilin sentyabrında Özbəkistan hökumətindəki mənbəmiz tərəfindən əvvəlcədən bildirilən gizli sərəncamında ölkənin məscidlərində azan səsinin məhdudlaşdırılması ilə bağlı göstərişlər verilib. Eyni zamanda, Səhiyyə Nazirliyinə məscidlərin spikerlərindən gələn səs-küyün insan sağlamlığına zərərli olması ilə bağlı konkret nəticə və təkliflər vermək tapşırılıb.
Bir neçə ay əvvəl sosial şəbəkələrin özbək seqmentində yayılan bir videoda Yunusabad rayonundakı cümə məscidinə gələn Daşkənd sakinini azan səsinin xəstə ərinin sağlamlığına mənfi təsir etdiyini söyləyib. Videoda qadın məscidlərdə azan səsinin azaldılması tələbi ilə müxtəlif orqanlara müraciət etdiyini də deyib.
Xatırladaq ki, Özbəkistan məscidləri 14 il əvvəl Əndicandakı qanlı hadisələrdən sonra məscidlərə və islam ardıcıllarına nəzarəti gücləndirməklə səsgücləndiricilərdən azan verməyi dayandırmışdılar. Azan yalnız məscidlərin içərisində namaz qılmağa gələnlər üçün səsləndirilirdi. Özbəkistanda yüksək səslə azan qadağası 2017-ci ilin noyabrında Şövkət Mirziyoyevin gəlişi ilə ləğv edilib. 7 yanvar 2018-ci ildə, uzun illər ərzində ilk dəfə olaraq, Daşkəndin ən böyük məscidi – Həzrəti İmam məscidində yüksək səslə namaza çağırış səslənib.
