Çörək yox idi, qadınlar Versala yürüş etdilər – Fransada inqilabın taleyini dəyişən günbackend

Çörək yox idi, qadınlar Versala yürüş etdilər – Fransada inqilabın taleyini dəyişən gün

Düz 237 il əvvəl – 1789-cu ildə baş verən bir hadisə sübut etdi: Paris qadınlarının süfrəsində çörək yoxdursa, onlar şirniyyat yeməyə getməyəcək, hakimiyyətin qarşısına çıxacaqdılar.

Tarix dərsliklərində bu hadisə quru şəkildə “Qadınların Versala yürüşü” adlandırılır. Əslində isə bu, tarixdə ən böyük və ən qəzəbli xalq yürüşlərindən biri idi. Elə bir yürüş ki, nəticədə Fransanın siyasi quruluşunun dəyişməsinə yol açdı.

Hər şey dəhşətli çörək qıtlığından başlamışdı. Çörəyin qiyməti kəskin bahalaşmış, növbələrdə insanlar arasında dava-dalaş adi hala çevrilmişdi.

Belə bir vaxtda bazarlara xəbər yayıldı: Parisdə analar uşaqlarını necə doyuracağını bilmədiyi halda, paytaxtdan cəmi 20 kilometr aralıda yerləşən Versalda kral XVI Lüdovik ziyafət təşkil edib. Guya ziyafət zamanı sərxoş zabitlər inqilabçıların kokardalarını tapdalayıblar.

Qadınların reaksiyası isə təxminən belə olub: “Bəsdir, Lüdovik, artıq sənin işin bitdi!”

Oktyabrın 5-də səhər saatlarında təxminən 7 min qəzəbli parisli qadın – əsasən bazar satıcıları, camaşırçılar və tikişçilər – şəhər meriyasının qarşısında toplaşdı.

Onlar bununla kifayətlənmədilər. Top, tüfəng və nizələr ələ keçirərək, baraban səsləri altında piyada Versala doğru yola düşdülər.

Piyada. 20 kilometr. Güclü yağış altında, palçıq içində…

Bu mənzərə qadınların nə qədər qəzəbli və qərarlı olduğunu göstərirdi.

Həmin vaxt kral sakitcə meşədə ov edirdi. Ona saraya doğru yağış altında islanmış, qəzəbli və silahlı qadın kütləsinin gəldiyini xəbər verəndə, yəqin ki, kral olmağın heç də yaxşı fikir olmadığını ilk dəfə düşündü.

Qadınlar Versalın müdafiə səddini yararaq saraya daxil oldular. Onlar Milli Assambleyanı çörəyin qiymətinin sabitləşdirilməsi ilə bağlı qərar qəbul etməyə məcbur etdilər.

Lakin bununla da kifayətlənmədilər.

Səhəri gün qadınlar kralın şəxsi otaqlarına qədər daxil oldular. Mariya-Antuanetta isə ərinin yanına qaçaraq özünü xilas etməyə çalışdı.

Nəticədə kral ailəsi ertəsi gün qadınların müşayiəti ilə məcburi şəkildə Parisə aparıldı.

Kral ailəsinin olduğu faytonun ətrafında toplaşan izdiham qvardiyaçıların başlarını əllərində apararaq qışqırırdı:

“Çörəkçini, çörəkçinin arvadını və balaca çörəkçini aparırıq!”

XVI Lüdovik özünü mütləq monarx hesab edirdi. Lakin 7 min ac və qəzəbli qadının qarşısında onun mütləq hakimiyyəti heç bir gün belə davam gətirmədi.

Bir neçə il sonra isə məhz bu inqilabi dalğa kral XVI Lüdovikin edamına gətirib çıxaracaqdı.

1789-cu il oktyabrın 5-də Versala yürüş edən qadınlar sadəcə çörək tələb etmirdilər. Onlar Fransanın tarixini dəyişirdilər.

Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*