Almaniyanın məşhur Milad şirniyyatı – Drezden ştolleni Roma Papası XIV Leo üçün hədiyyə olaraq Almaniyadan Vatikana avtomobillə aparılıb.
KONKRET.az xəbər verir ki, təxminən 4 kiloqram ağırlığında olan ştollen Saksoniyanın Filiz dağlarında (Erzgebirge) hazırlanıb. Şirniyyat Saksoniyanın baş naziri Mixael Kreçmerin sentyabrın 23-də Vatikana səfəri zamanı Papa XIV Leoya təqdim etdiyi hədiyyələr arasında olub.
Saksoniya hakimiyyətinin məlumatına görə, ştolleni təyyarə ilə aparmaq mümkün olmayıb. Buna səbəb onun həddindən artıq kövrək olması olub. Nəticədə şirniyyat avtomobillə təxminən 1400 kilometr yol qət edərək Almaniyadan Vatikana çatdırılıb. Avtomobilə ştollenlə yanaşı, sənədlər və digər hədiyyələr də yüklənib. Kreçmer isə Vatikana təyyarə ilə gedib.
Ştollenin ayrıca daşınmasının neçəyə başa gəldiyi açıqlanmayıb.
“Vatican News”un yayımladığı qəbul mərasiminin videosunda Papanın ştolleni kəsib dadmaq istədiyi görünür. Lakin Saksoniyanın baş naziri onu dayandıraraq hələ tez olduğunu bildirib.
Ənənəyə görə, Milad ştolleni yalnız Adventin ilk bazar günündən etibarən yeyilməyə başlanır. Bu il həmin gün noyabrın 29-na təsadüf edir. Saksoniya hökuməti “Bild”ə bildirib ki, hədiyyə edilən ştollen həmin tarixədək xarab olmayacaq, əksinə, zaman keçdikcə dadı daha da yaxşılaşacaq.
Ştollenin tarixi 1491-ci ilə gedib çıxır
Drezden ştolleninin müasir reseptinin tarixi 1491-ci ilə gedib çıxır. Həmin il Roma Papası VIII İnnokenti “Drezden yağ məktubu” kimi tanınan sənədlə Saksoniyada oruc zamanı yağdan istifadə etməklə xəmir məmulatı bişirməyə icazə verib.
Beləliklə, əsrlərdir Almaniyanın Milad ənənəsinin ayrılmaz hissəsi olan Drezden ştolleni bu dəfə qeyri-adi səyahəti ilə də diqqət çəkib: təxminən 4 kiloqramlıq şirniyyat 1400 kilometr yolu avtomobillə qət edərək Vatikana, Roma Papasının süfrəsinə aparılıb.
Natiq Səlim,
KONKRET.az
