Hələ qədim və orta əsrlərdən bəri bir çox dövlətlərdə Azərbaycanın mədəniyyəti haqqında təsəvvürlər formalaşıb. Təsadüfi deyil ki, dünyanın bir sıra nüfuzlu muzey və kitabxanalarında xalqımıza aid qədim əlyazmalar, əşyalar, xalçalar, musiqi alətləri və sair maddi mədəniyyət nümunələri saxlanılıb. Müxtəlif dövrlərdə işğala məruz qalan ölkəmizin mədəni irsinin talan edilməsi və beynəlxalq muzeylərdə başqa adlarla saxlanılması xalqımızı incitsə də, Azərbaycan müstəqillik qazandıqdan sonra bizim olanlara sahib çıxmağımız milli kimliyimizə qayıtmağımız baxımından çox mühüm rol oynayıb. Əlbəttə ki, bu sahədə Azərbaycan dövləti və Heydər Əliyev Fondu daha böyük səylər göstərib. Belə ki, Fondun beynəlxalq miqyasda gördüyü işlər nəticəsində xarici muzeylərdə başqa xalqların adına təqdim olunan nümunələrin yenidən Azərbaycan sərvəti kimi sərgilənməsi təmin edilib.
Qeyd etmək lazımdır ki, hələ ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmlərdən başlayaraq hər bir azərbaycanlının ölkəmizin zəngin irsinə həssas yanaşması və mədəni nümunələrimizə sahib çıxması aşılanıb: “Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bugününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”, – deyə ulu öndər vurğulayıb. Məhz bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizin tarixi, mədəni, elmi irsinin öyrənilməsi və təbliği daim öz aktuallığını qoruyub saxlayır. Azərbaycan milli dəyərlərə, mədəniyyətə əsaslanaraq inkişaf edən müasir və dünyaya açıq ölkə kimi dünyanın diqqətini cəlb edir. Təsadüfi deyil ki, ölkəmizdə maddi-mənəvi irsin qorunması dövlət tərəfindən həm qanunvericilik, həm də praktik tədbirlər şəklində təmin edilir. Azərbaycanda milli və dini bayramlar dövlət səviyyəsində qeyd olunur. Bununla yanaşı, dövlət başçısı tərəfindən 2016-cı ilin ölkədə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması və bu çərçivədə keçirilən müxtəlif səpkili çoxsaylı tədbirlər Azərbaycan xalqının sahib olduğu tolerantlıq, çoxmədəniyyətlilik dəyərlərinin dövlət səviyyəsində qorunması və təbliği baxımından çox böyük önəm kəsb edir.
Mövzunu KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği ilə bağlı çox mühüm işlər görülür: “Bütün bunlar ayrı-ayrı aspektləri təşkil etsə də, hazırkı durumda Azərbaycançılıq məfkurəsi hər kəsə bəllidir. Ölkəmizin keçdiyi tarixi yol cəmiyyətə aşılanır və bu səbəbdən də vətənpərvər gəncliyimiz min illərlə formalaşan dövlətçilik ənənələrimizə yaxşı bələd olur. Milli adət-ənənələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində də böyük işlər görülür. Nəzərə almaq lazımdır ki, Azərbaycan 70 illik Sovet əsarəti zamanında da öz milli ənənələrini qoruyub saxlamağı bacarıb. Bu gün də mədəni irsimizə sahib çıxılması üçün addımların atılması olduqca vacibdir. Çünki dünyada gedən müasir trendlər və qloballaşma milli adət-ənənələri arxa plana atıb. Hər kəsin bir şəbəkə torunda birləşməsi isə dəyərlərimizdən uzaqlaşmağa sövq edib. Lakin bütün bunlara baxmayaraq Azərbaycan dünyəvi dövlət olması fonunda öz milli adət-ənənələrini qorumağa çalışır, onlara sahib çıxır. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı, o cümlədən xaricdə yaşayan soydaşlarımız milli kimliyimizin bariz nümunəsi olan dəyərlərimizi qorumalı və təbliğ etməlidir”.
![]()
Politoloqun sözlərinə görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Novruz bayramı və digər milli-dini günlərdə müxtəlif tədbirlərin keçirilməsi xalqın milli birliyinin güclənməsi baxımından çox mühüm əhəmiyyətə malikdir: “Azərbaycanda elmin, mədəniyyətin təbliği istiqamətində də çoxsaylı fəaliyyət planı təqdim olunub. Ölkəmiz dünyada gedən müasir proseslərə böyük önəm verir. Prezident İlham Əliyevin, “Neft kapitalının insan kapitalına çevrilməsi” istiqamətindəki tezisi hazırda ən önəmli prioritet təşkil edir. Neft və qaz tükənən sərvətlərdir. Bu baxımdan, məhz elmin, texnologiyanın inkişafı ilə yanaşı həm də mədəniyyətimizin təbliği xüsusi önəm daşıyır. Təbii ki, tarixən Azərbaycan alimlərinin elm sahəsinə töhfələri böyük olub. Gələcəkdə bu sahədə nailiyyətlərin əldə olunması üçün gərgin fəaliyyət göstərmək zəruri məqsəd kimi qarşımızda dayanıb”.
Qeyd edək ki, müasir Azərbaycanın qurucusu olanHeydər Əliyev də çıxışlarında vətəni sevməyi insanlara tövsiyə edirdi: “Xalq heç vaxt öz kökünü yaddan çıxarmamalı, öz tarixini öyrənməli, milli mədəniyyətindən heç zaman ayrılmamalıdır”, – deyirdi. Odur ki, hər birimiz babalarımızdan miras qalan zəngin xəzinəmizi və dəyərlərimizi göz bəbəyi kimi qorunmalı, adət-ənənələrimizi daima yaşatmaq üçün çalışmalıyıq.
Müşviq Tofiqoğlu,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusuna uyğun olaraq dərc edilir.
