Qadın və kişilər üçün ideal evlilik yaşı neçədir? – Bunları mütləq bilməlisinizbackend

Qadın və kişilər üçün ideal evlilik yaşı neçədir? - Bunları mütləq bilməlisiniz

Cəmiyyətdə uzun illərdir ki, “evlilik üçün ideal yaş” anlayışı müzakirə olunur. Bir çox ailələr gənclərin müəyyən yaşa çatdıqdan sonra ailə qurmasını doğru hesab etsə də, müasir psixologiya bu məsələyə daha fərqli prizmadan yanaşır.

Bəs uğurlu evlilik üçün əsas meyar yaşdır, yoxsa emosional yetkinlik, məsuliyyət hissi və münasibət qurmağa hazırlıq?

Mövzu ilə bağlı psixoloqlar KONKRET.az-a fərqli baxışlarını bölüşüblər.

Saytımıza danışan psixoloq Gülnar Orucova bildirib ki, qanunvericiliyə əsasən evlilik yaşı 18 olsa da, bu yaş həm psixoloji, həm də fiziki baxımdan erkən hesab oluna bilər.

Gülnar Orucova

Onun sözlərinə görə, insan ailə qurmazdan əvvəl psixoloji, fiziki, maddi və mənəvi cəhətdən buna hazır olmalıdır:

“İnsan əvvəlcə təhsil almalı, peşə sahibi olmalı və öz ayaqları üzərində dayanmağı bacarmalıdır. Ailə qurmaq yalnız sevgi ilə bağlı məsələ deyil, həm də böyük məsuliyyətdir. Qadın həyat yoldaşını itirdiyi halda övladlarını təkbaşına böyüdə biləcək vəziyyətdə olmalıdır.
İdeal evlilik yaşı qadınlar üçün 25-27, kişilər üçün isə 28-30 yaş və sonrakı dövrdür. Bu yaşlarda insanlar daha kamil düşüncəyə sahib olur, ailə və övlad qarşısında məsuliyyət hissi daha güclü formalaşır”.

G.Orucova erkən yaşda ana olmağın risklərinə də diqqət çəkərək bildirib ki, aparılan araşdırmalara görə, 18 yaşdan aşağı ana olan qadınlarda uşağa qarşı məsuliyyətsizlik riski daha yüksəkdir. Daha yetkin yaşlarda ana olan qadınlar isə övladlarına qarşı daha bağlı və qayğıkeş olurlar.

Psixoloq həmçinin nikahdan əvvəl psixoloji konsultasiyanın vacibliyini vurğulayıb:

“Bizdə cütlüklər boşanmaq istəyəndə psixoloqa yönləndirilirlər. Halbuki psixoloqa evlənməzdən əvvəl müraciət edilməlidir. Bundan əlavə, tibbi müayinələr və qan analizləri də vacibdir. Məsələn, talassemiya daşıyıcısı olan iki şəxsin ailə qurması gələcək övlad üçün ciddi risk yarada bilər.”

Digər psixoloq Dilruba Həsənova isə məsələyə fərqli yanaşaraq bildirib ki, uğurlu evliliyin əsas meyarı yaş deyil, emosional yetkinlikdir.

Dilruba Həsənova

Onun sözlərinə görə, pasport yaşı ilə psixoloji yaş hər zaman üst-üstə düşmür:

“Sosial psixologiyada aparılan araşdırmalar göstərir ki, münasibətin davamlılığını yaş deyil, emosional yetkinlik müəyyən edir. Emosional yetkin insan hisslərini tanıyır və idarə edə bilir, qarşı tərəfi dinləməyi bacarır, fərqli fikirləri təhlükə kimi qəbul etmir, münaqişələrə münasibəti qorumaq prizmasından yanaşır.”

Psixoloq bunu iki fərqli nümunə ilə izah edib. Onun sözlərinə görə, 22 yaşında ailə quran, problemləri dialoq yolu ilə həll edən və bir-birini komanda yoldaşı kimi görən cütlük, 38 yaşında evlənməsinə baxmayaraq tənqidi qəbul etməyən, incikliyini susaraq göstərən və mübahisədə qarşı tərəfi məğlub etməyə çalışan cütlükdən daha sağlam münasibət qura bilər.

D.Həsənova qeyd edib ki, münasibətin keyfiyyətini tərəflərin şəxsiyyət xüsusiyyətləri, bağlanma tərzi, empatiya səviyyəsi, məsuliyyət hissi, streslə mübarizə bacarığı və ortaq həyat dəyərləri müəyyən edir:

“Sevgi vacibdir, amma uzunömürlü münasibət üçün təkcə sevgi kifayət etmir. Hörmət, etibar və emosional təhlükəsizlik də eyni dərəcədə önəmlidir.
Cəmiyyət hələ də “filan yaşa qədər mütləq evlənmək lazımdır” düşüncəsinin təsiri altındadır. Bu isə xüsusilə psixoloji baxımdan hazır olmayan insanları tələsik qərarlar verməyə sövq edir.
İnsanlar bəzən tənqidlərdən və cəmiyyətin təzyiqindən qaçmaq üçün evlənirlər. Sonradan isə ailə həyatının gətirdiyi məsuliyyətlərlə üzləşəndə ciddi problemlər yaşayırlar. Böyümək sadəcə yaş almaq deyil. Böyümək məsuliyyət daşımaq, özünü tanımaq və keçmiş travmalarını həyat yoldaşına yükləməməkdir.”

O, həmçinin yaş fərqinin də mütləq meyar olmadığını bildirib:

“Bəzən psixoloji baxımdan daha yetkin bir kişi özündən yaşca böyük qadınla daha sağlam münasibət qura bilər. Lakin bu zaman ailə və cəmiyyət təzyiqi ilə qarşılaşır. İnsanlar stereotiplərlə deyil, real həyat təcrübəsi və elmi yanaşmalar əsasında qərar verməlidirlər.”

Psixoloqun fikrincə, evlilik üçün ideal yaş anlayışı yoxdur, lakin ideal hazırlıq anlayışı mövcuddur:

“İnsan ‘mən münasibətə nə gətirirəm?’ sualına səmimi cavab verə bildiyi, tək yaşamağı bacardığı halda kimləsə birlikdə yaşamağı şüurlu şəkildə seçdiyi zaman evliliyə hazır sayılır. Ən doğru yaş da məhz insanın özünü psixoloji cəhətdən hazır hiss etdiyi yaşdır.”

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*