Bəzi tarixlər var ki, onları sadəcə təqvimdə qeyd etmək mümkün deyil. Onlar bir xalqın yaddaşına həkk olunur, dövlətin taleyində dönüş nöqtəsinə çevrilir. 20 Sentyabr da Azərbaycan üçün məhz belə tarixlərdəndir.
Bu günün arxasında otuz ildən artıq davam edən işğal, yüz minlərlə insanın doğma yurduna həsrəti, Xocalının faciəsi, dağıdılmış şəhərlər, viran qoyulmuş kəndlər, tapdanmış beynəlxalq hüquq və illərlə nəticəsiz qalan danışıqlar dayanır. 20 Sentyabr isə bütün bu yolun sonunda Azərbaycanın dövlət suverenliyinin tam bərpa edildiyi gün kimi tarixə düşüb.
Azərbaycanın üzləşdiyi müharibə iki suveren dövlət arasında baş verən beynəlxalq münaqişə idi. 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal edildi. İşğal zamanı Xocalı soyqırımı da daxil olmaqla, dinc əhaliyə qarşı ağır cinayətlər törədildi, şəhər və kəndlər dağıdıldı, yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salındı.
Dünya isə bu işğalı görürdü. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələri qəbul etdi. Sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması tələb olunurdu. Lakin qətnamələr kağız üzərində qaldı. Onların icrasını təmin etmək üçün real mexanizmlər işə salınmadı. İşğal uzandıqca, beynəlxalq hüququn nüfuzu da sınaq qarşısında qalırdı.
ATƏT-in Minsk Qrupu da uzun illər ərzində problemin həlli üçün müxtəlif formatlarda danışıqlar apardı. Azərbaycan isə bütün bu müddətdə siyasi və diplomatik həllə sadiq qaldı. Lakin nəticə olmadı. Status-kvo dəyişmirdi, işğal davam edirdi, danışıqlar isə zaman-zaman real nəticədən daha çox zaman qazanmaq vasitəsinə çevrilirdi.
2018-ci ildə Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsi ilə onsuz da kövrək olan proses yeni sınaqlarla üzləşdi. “Danışıqları sıfırdan başlamaq” yanaşması, danışıqların formatını dəyişmək cəhdləri və Qarabağın statusuna dair sərtləşən ritorika siyasi prosesin gələcəyini sual altına qoydu.
2019-cu ilin avqustunda Paşinyanın işğal olunmuş Xankəndinə səfəri və orada səsləndirdiyi “Qarabağ Ermənistandır – nöqtə” bəyanatı isə artıq siyasi ritorikadan daha ciddi mesaj idi. Bu bəyanata Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır – nida işarəsi” cavabı Azərbaycanın mövqeyini bütün dünyaya bir daha çatdırdı: Azərbaycan işğalla barışmayacaq.
Ermənistanın hərbi ritorikası da paralel olaraq güclənirdi. 2019-cu ildə Ermənistanın müdafiə naziri David Tonoyanın “yeni müharibə – yeni ərazilər” yanaşmasını səsləndirməsi, 2020-ci ilin iyulunda Tovuz istiqamətində törədilən hərbi təxribat göstərirdi ki, Ermənistan status-kvonu qorumaqla kifayətlənmək istəmir.
Sentyabrın 27-də isə növbəti genişmiqyaslı hərbi təxribat Vətən müharibəsinin başlanmasına gətirib çıxardı.
44 gün sonra tarix dəyişdi. Azərbaycan Ordusu illərlə işğal altında qalan torpaqlarının böyük hissəsini azad etdi. Qarabağın və Şərqi Zəngəzurun şəhər və kəndlərində Azərbaycan bayrağı yenidən ucaldıldı. Lakin Zəfərin tamlığı üçün hələ bir mərhələ qalırdı: Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası.
2020-ci il 10 noyabr bəyanatından sonra da Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqları qalmaqda davam edirdi. Qanunsuz silahlı birləşmələrin fəaliyyəti, yeni mövqelərin yaradılması, mina təhlükəsinin davam etdirilməsi, separatçı strukturların saxlanılması və onların müxtəlif yollarla siyasi gündəmə gətirilməsi bölgədə sülhün qarşısında ciddi maneələr yaradırdı.
Azərbaycan isə bu reallığı qəbul etmirdi. 2023-cü il sentyabrın 19-da baş verən genişmiqyaslı təxribatlardan sonra Azərbaycan Ordusu antiterror tədbirlərinə başladı. 23 saat ərzində həyata keçirilən əməliyyat nəticəsində separatçı qüvvələrin hərbi infrastrukturu sıradan çıxarıldı və sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyi bərpa edildi.
Beləliklə, 30 ildən artıq davam edən bir dövr başa çatdı. 20 Sentyabr – Azərbaycan dövlətinin öz ərazisi üzərində tam hakimiyyətinin bərpa olunduğu gündür.
Bu tarix yalnız hərbi qələbənin deyil, dövlətçilik iradəsinin təntənəsidir. Çünki torpağı azad etmək bir mərhələdirsə, həmin torpaqda dövlət həyatını yenidən qurmaq daha böyük məsuliyyətdir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həmin proses gedir. İşğal illərində dağıdılmış şəhərlər yenidən qurulur, yollar çəkilir, məktəblər və xəstəxanalar inşa edilir, hava limanları istifadəyə verilir. Ən əsası isə insanlar doğma torpaqlarına qayıdır. “Böyük Qayıdış” artıq sadəcə dövlət proqramının adı deyil, illərlə yurd həsrəti çəkmiş insanların gerçəyə çevrilən arzusudur.
Azərbaycanın Zəfəri bununla da tamamlanmır. Suverenliyin bərpasından sonra qarşıda davamlı sülhün qurulması və bölgənin yeni reallıqlar əsasında inkişaf etdirilməsi vəzifəsi dayanır. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması bu istiqamətdə mühüm siyasi mərhələ oldu.
Bu gün Azərbaycanın qarşısında artıq başqa bir mənzərə var. Dünən işğalla üzləşən ölkə bu gün öz ərazi bütövlüyünü bərpa etmiş dövlətdir. Dünən beynəlxalq qətnamələrin icrasını gözləyən Azərbaycan bu gün regionda yeni reallıqların əsas müəlliflərindən biridir. Dünən doğma torpaqlarından didərgin düşən insanlar bu gün həmin torpaqlara qayıdır.

Bu yolun adı isə Zəfər yoludur. 20 Sentyabrın tarixi əhəmiyyəti də məhz bundadır. Bu gün bizə xatırladır ki, suverenlik yalnız xəritədə çəkilmiş sərhəd deyil. Suverenlik dövlətin öz torpağında qərar vermək, öz qanunlarını tətbiq etmək, öz gələcəyini müəyyənləşdirmək haqqıdır.
Azərbaycan bu haqqını 2023-cü il sentyabrın 20-də tam bərpa etdi. Bu tarix həm də gələcək nəsillərə verilən mesajdır: dövlətin ərazi bütövlüyü və suverenliyi müzakirə predmeti deyil. Bu mənada 20 Sentyabr – işğaldan suverenliyə, məğlubiyyət təhlükəsindən Zəfərə, köçkünlükdən Böyük Qayıdışa uzanan yolun simvoludur.
Və bu yol Azərbaycanın müasir tarixində yeni bir səhifə açıb. Azərbaycan artıq öz tarixinin kənardan yazılmasına imkan verməyən, tarixini özü yazan dövlətdir.
KONKRET.az-ın Analitik Qrupu
