Azərbaycan gəncləri Hellouinə maraq göstərir – Sosioloqdan XƏBƏRDARLIQbackend

Azərbaycan gəncləri Hellouinə maraq göstərir – Sosioloqdan XƏBƏRDARLIQ

Son illər Hellouin (Halloween)  bayramının Azərbaycanda, xüsusilə gənclər arasında populyarlaşması müzakirələrə səbəb olur. Müxtəlif əyləncə məkanlarında təşkil edilən tədbirlər, xüsusi geyimlər, maskalar və sosial şəbəkələrdə yayılan görüntülər bu ənənəyə marağın artdığını göstərir. Bir tərəfdən, Hellouinin fərqli mədəniyyətlərlə tanışlıq və əyləncə vasitəsi olduğunu düşünənlər var. Digər tərəfdən isə xarici bayramların cəmiyyətdə geniş yayılmasının milli adət-ənənələrə və mənəvi dəyərlərə təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar səslənir.

Bəs Hellouinin Azərbaycanda populyarlaşması nə dərəcədə məqsədəuyğundur? Bu bayramı milli ənənələrimiz sırasına daxil etmək mədəni müxtəlifliyə töhfə verə bilər, yoxsa milli-mənəvi kimliyimiz üçün müəyyən risklər yaradır?

Məsələ ilə bağlı KONKRET.az-a danışan sosioloq Üzeyir Şəfiyev hesab edir ki, Hellouin və bu kimi bayramların Azərbaycanda yayılması mədəni-mənəvi ekspansiya cəhdləri kimi qiymətləndirilə bilər.

Boşanmalarda təşəbbüskar qadınlardır! - Sosioloq ÜSYAN ETDİ | Modern.az

Onun sözlərinə görə, bu cür mərasimlərin kökləri xristian dini ənənələrinə, eləcə də daha qədim inanclara gedib çıxır.

Sosioloq hesab edir ki, Hellouinin Azərbaycanda geniş şəkildə təbliği məqsədəuyğun deyil:

“Bizim minilliklərə söykənən qədim adət-ənənələrimiz, milli bayramlarımız və mərasimlərimiz var. Hellouin və bu kimi bayramlar vasitəsilə cəmiyyətlərin sosial xarakterinə, mənəvi-əxlaqi dəyərlərinə təsir göstərmək cəhdləri ola bilər. Bu baxımdan, onların qeyri-xristian ölkələrdə yayılması müəyyən mənada dini-mənəvi dəyərlərin təbliği istiqaməti kimi də qiymətləndirilə bilər.

Əgər bu proses açıq şəkildə dini təbliğat kimi təqdim olunsaydı, cəmiyyətdə etiraz doğura bilərdi. Lakin əyləncə, yumor, sosial şəbəkə kontenti və müxtəlif tədbirlər vasitəsilə təqdim edildikdə onun mahiyyəti arxa planda qala bilər. Beləliklə, əyləncə ön plana çıxarılır, digər mədəni və mənəvi təsirlər isə tədricən cəmiyyətə ötürülür”.

Üzeyir Şəfiyev əlavə edib ki, Hellouinin yayılması təkcə mədəni deyil, iqtisadi maraqlarla da əlaqəli ola bilər. Onun fikrincə, bu cür bayramlar ətrafında xüsusi geyimlər, maskalar və aksesuarların satışını əhatə edən bütöv bir kommersiya industriyası formalaşır.

Sosioloq vurğulayıb ki, Azərbaycan cəmiyyəti xarici bayramlara münasibətdə diqqətli olmalı, milli-mənəvi kimliyinin qorunmasına üstünlük verməlidir. Onun fikrincə, gənclərə öz bayramlarımızın fəlsəfəsi, tarixi və dəyərləri daha dərindən aşılanmalıdır:

“Biz belə mərasimlərin sosial şəbəkələrdə və real həyatda təbliğinə münasibətdə diqqətli olmalıyıq. Milli adət-ənənələrimizi və mənəvi kimliyimizi qorumalıyıq. Öz bayramlarımızın daha böyük mənəvi və humanist dəyərləri var. Əsas məqsədimiz həmin dəyərləri yeniyetmə və gənclərə tanıtmaq, milli bayramlarımızın mahiyyətini izah etmək olmalıdır. Xarici mərasimlərin cəmiyyətimizdə geniş yayılması üçün qapı açmaq əvəzinə, öz mədəni irsimizin təbliğinə daha çox diqqət yetirməliyik”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*