ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlarbackend

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməsi Vaşinqtonun Tehranla bağlı növbəti addımlarının necə olacağı sualını aktuallaşdırır.

Bəs ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməsi nə dərəcədə realdır? Bu cür açıqlamalar hərbi planların mövcudluğuna işarədir, yoxsa İrana qarşı siyasi və psixoloji təzyiq vasitəsidir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, nüvə silahından istifadə ehtimalının müzakirəyə çıxarılması təsadüfi deyil. Onun fikrincə, bu məsələ ABŞ-ın gündəmində ola bilər və İsrailin baş naziri Benyamin Netanyahu da belə bir addımın tərəfdarlarından biridir.

Məhəmməd Əsədullazadə:”Rusiya da siyasi və informasiya platformaları vasitəsilə regiondakı təsir imkanlarını qorumağa çalışır” – Avropa.info

Politoloq hesab edir ki, İranın nüvə obyektlərinin sıradan çıxarılması üçün taktiki nüvə silahından istifadə variantı nəzərdən keçirilə bilər. Bununla belə, adi silahlarla zənginləşdirilmiş uranın saxlandığı obyektlərin məhv edilməsi imkanları da diqqətdən kənarda qalmamalıdır.

M.Əsədullazadə bildirib ki, nüvə silahının tətbiqi regionda vəziyyəti daha da ağırlaşdırar, genişmiqyaslı geosiyasi gərginliyə və humanitar fəlakətə yol açar. Onun qənaətinə görə, belə bir zərbə İranda mövcud hakimiyyətin devrilməsinə gətirib çıxarmayacaq, əksinə, münaqişənin daha da dərinləşməsinə səbəb olacaq.

Politoloq vurğulayıb ki, nüvə silahından istifadə yalnız İranla məhdudlaşmayacaq və onun təsirləri Azərbaycanın da daxil olduğu geniş coğrafiyaya yayıla bilər. Fars körfəzi ölkələri ilə yanaşı, İraq, Türkiyə, Pakistan və Əfqanıstan da mümkün radiasiya təhlükəsi ilə üzləşə bilər.

O, əlavə edib ki, İranın da belə bir hücuma cavab vermək imkanları nəzərə alınmalıdır. Politoloqun fikrincə, qarşılıqlı zərbələr İsraildəki nüvə obyektləri üçün də təhlükə yarada, radiasiya sızması ilə nəticələnə bilər.

Bununla yanaşı, M.Əsədullazadə hesab edir ki, hazırkı proseslərin taktiki nüvə silahının tətbiqinə gətirib çıxaracağı ehtimalı yüksək deyil. Onun sözlərinə görə, İranla bağlı danışıqlar yeni mərhələyə keçə bilər və ölkə prezidenti Məsud Pezeşkianın danışıqlarda iştirakı diplomatik həll imkanlarını gündəmdə saxlayır.

Politoloq hesab edir ki, nüvə silahının tətbiqi Yaxın Şərqdə mövcud geosiyasi nizamı köklü şəkildə dəyişə biləcək hadisə olardı.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*