backend

Azərbaycan sınaq qarşısında – Bizdən nə tələb olunur? - AÇIQLAMA

Son vaxtlar dünyanın əsas müzakirə mövzusuna çevrilən və müxtəlif ölkələrə sürətlə yayılan koronavirus infeksiyası ilə bağlı vəziyyət Azərbaycanda ciddi nəzarət altındadır. Hökumət bu virusun yayılmasının qarşısının alınması və profilaktikası ilə bağlı bütün lazımi tədbirləri görür. Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiq olunması barədə qərarı da görülən tədbirlərin tərkib hissəsi kimi dəyərləndirilir.

Hazırda virus təhlükəsinin ciddiliyi nəzərə alınaraq ölkədə bir çox dövlət və özəl obyektlərin fəaliyyətinə, kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyət  qoyulub. Həyata keçirilən bütün zəruri tədbirlər əhalinin koronavirusdan maksimum dərəcədə qorunmasına, mövcud təhlükənin fəsadlarının minimuma endirilməsinə xidmət edir. Amma bu məsələdə vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları atması, görülən işlərə dəstək verməsi olduqca vacibdir.

Bunun üçün isə cəmiyyətdə dezinformasiyaların yayılmasına son qoymaq, hökumətin qəbul etdiyi qərarlara əməl etmək və ictimai məsuliyyət hissini anlamaq lazımdır. Ucuz reytinq arxasınca qaçaraq saxta məlumatları tirajlayan media qurumları isə gördükləri işin hüquqa və qanunlara zidd olduğunu dərk etməli, bu cür həssas məqamda cəmiyyətdə ajortaj yaradacaq informasiyaları yaymaqdan çəkinməlidirlər. Cəmiyyət bir şeyi dərk etməli və anlamalıdır ki, hökumət öz vətəndaşının təhlükəsizliyini və sağlamlığını düşünərək, bu cür təxirəsalınmaz tədbirləri həyata keçirir. Buna isə vətəndaş həmrəyliyi və ictimai məsuliyyət göstərərək, saxta məlumatlar yaymaqdan çəkinərək, həmçinin qəbul edilən qərarlara əməl edərək qarşılıq vermək lazımdır.

Fazil Mustafa, millət vəkili

Fazil Mustafa: ”İnsanların psixoloji durumu və nizam-intizamı koronavirusla mübarizədə əsas rol oynayır”

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən millət vəkili Fazil Mustafa deyir ki, saxta məlumatlar yayaraq cəmiyyətdə təşviş yaratmağa çalışan şəxslərin sosial şəbəkə ünvanları müəyyənləşirsə, o zaman onlar hüquqi məsuliyyətə cəlb olunmalıdırlar: “Bu insanlar barəsində hüquq-mühafizə orqanları tərəfindən fövqəladə vəziyyətin şərtlərinə uyğun olaraq tədbirlər görülməlidir. Bu məsələlər qanunla da tənzimlənir. Lakin bəzən sosial şəbəkə profilləri saxta olduğundan onları müəyyənləşdirmək müşkülə çevrilir. Bu cür saxta profillər isə adətən xaricdən idarə olunur. Hər bir halda yayılan saxta məlumatlara qarşı rəsmi qurumlar öz açıqlamalarını verirlər ki, cəmiyyətdə təşviş yaranmasın. Çünki əhalinin müəyyən dərəcədə bilgilənməsi, doğru məlumatları rəsmi mənbələrdən əldə etməsi, saxta informasiyaların effektini azaldır”.

Millət vəkilinin sözlərinə görə, koronavirusa qarşı mübarizə çərçivəsində dövlətin atdığı addımlar təqdirəlayiqdir: ”Amma vətəndaşlar bu məsələdə intizamlı davranmasalar, istənilən effekti əldə etmək olmaz. Çünki dövlət hər evdə insanların gigiyenik tədbirlərə əməl edib-etmədiyini, qaydalara riayət olunub-olunmadığını yoxlaya bilməz. Ona görə də insanlar bu intizama tabe olmalıdırlar. Məsələyə mahiyyəti üzrə yanaşmağın onlar üçün faydalı olduğunu anlamalıdırlar. Bu gün Çində, Yaponiyada intizamlı insanlar özlərini dövlətin yardımçısı kimi aparırlar. Azərbaycanda da əhali şaiyələrə uymadan, təhlükəsizlik tədbirlərinə əməl edərək bu prosesi yola verməyə çalışmalıdır. Əks halda nəticə istənilən kimi olmaya bilər”.

Fazil Mustafa əlavə edib ki, bu gün insanlar yas mərasimləri (40 məclisi) və ya “qara bayram” adı altında kütləvi tədbirlər keçirirlər: ”Lakin insanlar bu risklərdən necə xilas olmaq haqda düşünməlidirlər. Çünki insanların psixoloji durumu və nizam-intizamı koronavirusla mübarizədə əsas rol oynayır. Bu olmayacaqsa, o zaman virusla mübarizə aparmaq çətinləşəcək”.

Qulu Məhərrəmli
Qulu Məhərrəmli

Qulu Məhərrəmli: ”Əgər yayılan məlumatlar cəmiyyətdə təşviş, qorxu və kütləvi panika yaradırsa, o zaman bu informasiyaları tirajlamaqdan çəkinmək çox vacibdir”

Tanınmış jurnalist, professor və media eksperti Qulu Məhərrəmli isə mövzu ilə bağlı saytımıza açıqlamasında bildirib ki, cəmiyyətə yalan məlumatların, şaiyələrin yayılması, medianın təşviş yaratması, sosial şəbəkələrdə bununla bağlı dezinformasiyaların tirajlanması yolverilməzdir. Operativ Qərargahın təlimatında da göstərilir ki, bu cür şəxslər qanuna müvafiq tərzdə cəzalandırılacaqlar: “Bu gün cəmiyyət, insan həyatı və toplum üçün ciddi bir dövrdür. Bu məsələdə həm mətbuat, həm cəmiyyət, həm də sosial şəbəkədə profili olan vətəndaş özünü səfərbər etməlidir. Yalan məlumat yaymağın yolverilməz olduğunu dərk etmək lazımdır.  Virusla bağlı məlumatlar yazarkən yalnız faktlara istinad olunmalıdır. Hətta gerçək faktlar olduğu halda belə bunu yazıb-yazmamağı hər bir vətəndaş düşünməlidir.  Əgər yayılan məlumatlar cəmiyyətdə təşviş, qorxu və kütləvi panika yaradırsa, o zaman bu informasiyaları tirajlamaqdan çəkinmək çox vacibdir. Yəni ilk növbədə ictimai məsuliyyət olmalıdır. Mediaya aid olan ikinci önəmli məsələ isə peşəkarlıqdır. Yəni biz faktları necə toplamalı və çatdırmalı olduğumuzu bilməliyik. Bu bir böhrandır və təhlükə zolağıdır. Hesab edirəm ki, hər kəs öz vicdanı qarşısında cavabdeh olmalıdır. Çünki yayılan yalan bir məlumat cəmiyyətdə kütləvi təlaş yarada bilir və insanların qeyri-adekvat qərarlar qəbul etməsinə gətirib çıxarır”.

Qulu Məhərrəmlinin sözlərinə görə, indiki vəziyyət çox təhlükəlidir və ekstremal bir şəraitdir: “Bu şəraitdə hər kəs öz məsuliyyətini dərk etməlidir. Tövsiyələri nəzərə almaq, qavramaq və əməl etmək çox vacibdir. İndiyə qədər bu xəstəliklə bağlı edilən zarafatları kənara qoymaq, vəziyyətin ciddiliyini dərk etmək və şüurlu şəkildə davranmaq lazımdır. Həm şəxsi gigiyena, həm məlumatları toplayıb yaymaq, həm də mediadakı davranışlar baxımından yüksək məsuliyyət hissi olmalıdır”.

Müşviq Tofiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*