Azərbaycan universitetlərində geyim qaydaları: Tələbələr necə geyinməlidir?backend

Azərbaycan universitetlərində geyim qaydaları: Tələbələr necə geyinməlidir?

Bir neçə gün əvvəl Azərbaycan Tibb Universitetində geyimlə bağlı qalmaqal yaranıb. Müəllimlərdən birinin universitetə qısa geyimdə gələn tələbənin fotosunu çəkib paylaşması müzakirələrə səbəb olub.

Azərbaycan Tibb Universitetindən bildirilib ki, həmin müəllimlə söhbət aparılıb, müəllimin bu məsələyə reaksiyasını ifadə etmə formasının yanlış olduğu onun nəzərinə çatdırılıb: “Bununla yanaşı, qeyd etməliyik ki, hər bir təhsil müəssisəsində olduğu kimi, ATU-nun da daxili nizam-intizam qaydaları var. Tələbələrin geyim tərzi ilə bağlı mövcud tələblərə hər kəs birmənalı olaraq riayət etməlidir. Bu tələblər mütəmadi olaraq tələbələrin diqqətinə çatdırılır”.

Qeyd edək ki, Azərbayandakı universitetlərdə geyim və saqqal tez-tez gündəmə gələn məsələlərdəndir.

KONKRET.az xəbər verir ki, Modern.az mövzunun aktuallığını nəzərə alaraq ali təhsil ocaqları arasında geyim qaydaları ilə bağlı sorğu keçirib.

Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, ali təhsil müəssisəsində geyimlə bağlı heç bir məhdudiyyət yoxdur: “BDU tələbələri həmişə səliqəli geyimləri ilə seçiliblər”.

Azərbaycan Dillər Universitetindən (ADU) verilən açıqlamada qeyd olunur ki, ADU-da bununla bağlı hansısa qadağa yoxdur. Tələbələrin geyim və təraşı sərbəstdir.

Xəzər Universitetindən də qeyd edilib ki, ali təhsil müəssisəsində belə bir qadağa yoxdur. Tələbələr geyimdə və bığ-saqqal saxlamaqda sərbəstdirlər.

Azərbaycan Dövlət İqtisad Universitetinin də daxili nizamnaməsində bununla bağlı müddəaların yer almadığı bildirilib.

Azərbaycan Universitetindən qeyd edilib ki, ali təhsil müəssisəsində tələbələrin geyimləri inzibati üsullarla tənzimlənmir və hər hansı qayda tətbiq olunmur: “Xarici görünüş ilə bağlı da hər hansı qadağa mövcud deyil.Yeni tədris ili başlayandan müşahidələrimiz onu deməyə əsas verir ki,  tələbələr dərslərə akademik disiplinə hörmət əlaməti olaraq səliqəli formada gəlirlər”.

Azərbaycan Texniki Universitetindən də bildirilib ki, bununla bağlı heç bir qadağa tətbiq edilmir: “AzTU-da tələbələrə geyim qadağası tətbiq olunmur. Tələbələrimiz dərsə gələndə  geyimlərinin və xarici görünüşlərinin səliqəli olmasına hər zaman diqqət yetirirlər”.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən də daxili nizamnamədə bununla bağlı müddəalar yer almadığını bildirilib. “AZMİU Azərbaycanın ən böyük ali təhsil müəssisələrindən biridir, burada ümumilikdə 11 minə yaxın tələbə təhsil alır. Onlar həm də cəmiyyətimizə vətəndaş, şəxsiyyət olaraq qazandırılır. Bu qədər insanın təhsil aldığı ali təhsil müəssisəsinin təbii ki, daxili nizam-intizam qaydaları var. Bu qaydalar içərisində birbaşa olaraq geyimlə bağlı müddəalar yer almasa da, cəmiyyət dəyərlərinə uyğun şəkildə etik davranışlar əlaqəli müddəalar əks olunub. Hansısa tələbənin təraş yaxud geyim məsələsinə görə universitetdən xaric olunması, kənarlaşdırılması, tədris prosesindən uzaqlaşdırılması müzakirə mövzusu deyil. Biz dünyəvi, demokratik ölkədə yaşayırıq. AZMİU da bu ölkənin universitetidir. Amma təbii ki, tələbələrimizlə maarifləndirici söhbətlər aparırıq. Bu Sosial Məsələlər üzrə Prorektorluq, dekanlıqlar və tələbə təşkilatları tərəfindən aparılır. Dediyim kimi bütün hallarda onların cəmiyyətə daha mütəşəkkil,səliqəli və yaxşı şəxsiyyət kimi qazandırılması üçün tövsiyələr verilir”.

Azərbaycan İdman Akademiyasından (AİA) bildirilib ki,  AİA spesifik ali təhsil ocaqlarındandır, burada tədrisin əsas hissəsini praktiki dərslər təşkil edir: “İdman zallarında keçirilən dərslər üçün hər idman növünün xarakterinə uyğun geyimlər tələb olunur. Ancaq auditoriyalarda keçirilən dərslər üçün Azərbaycan İdman Akademiyasının Nizamnaməsində və  daxili “Etik davranış qaydaları”nda tələbələrin geyimi ilə bağlı xüsusi tələblər nəzərdə tutulmayıb”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən bildirilib ki, ADMİU-nun daxili nizamnaməsində tələbələrin geyimi və təraşı ilə bağlı xüsusi müddəa yoxdur: “Lakin nizamnamədə belə bir bənd öz yerini alır ki, ADMİU-da təhsil alan şəxslər universitet daxilində və universiteti təmsil etdikləri kənar yerlərdə nizam-intizama və səliqəyə riayət etməlidirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*