Ermənistan parlamentinin sədri Alen Simonyanla Azərbaycan Milli Məclisinin sədri noyabrda Cenevrədə görüşəcək.
Bunu Ermənistan Milli Assambleyası sədrinin köməkçisi Movses Arutyunyan deyib. O, qeyd edib ki, bu barədə ilkin razılıq tərəflər arasında mayda keçirilmiş son görüşdə əldə olunub.
Görüşlə bağlı gözləntilərini KONKRET.az-la bölüşən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, iki dövlətin parlament sədrləri arasında keçiriləcək bu görüş ikitərəfli etimadın möhkəmləndirilməsi baxımından müsbət addımdır:
“Bu görüş iki dövlətin parlamentləri arasında olan əlaqədir. Tərəflər qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində danışıqlar aparır. Bu görüşdə delimitasiya və demarkasiya prosesləri, anklav kəndlərinin Azərbaycana qaytarılma məsələsi, sülh və çərçivə sazişi ilə bağlı mövzular müzakirə edilə bilər. Bundan əlavə, nəqliyyat və kommunikasiyaların qurulması məsələsi də müzakirə mövzusu ola bilər. Eyni zamanda bu görüş növbəti mərhələdə dövlət rəhbərlərinin təmasları üçün də zəmin yarada bilər. Bununla yanaşı, Ermənistan parlamentində anti-Azərbaycan ritorikasına yer verilir, sülhə mane olacaq açıqlamalar səsləndirilir ki, bununla bağlı Azərbaycan tərəfinin etirazı da qarşı tərəfə çatdırıla bilər”.
Politoloq Azər Qasımlı isə görüşün bölgədəki proseslərə ciddi təsirlərinin olacağına inanmır:
“Sülh prosesi ilə bağlı qərar verən Prezidentdir, yəni icraedici hakimiyyətdir. Prosesi aparan isə Xarici İşlər Nazirliyi və ya Prezidentin köməkçisi Hikmət Hacıyevdir. Odur ki, parlament rəhbərləri arasındakı görüşün real proseslərə böyük təsiri olacağını düşünmürəm”.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan Cenevrədə 2 dəfə (may və mart aylarında) görüşüblər.
Görüşdə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə iki ölkə parlamentlərinin mümkün yardımı məsələləri müzakirə edilib. Tərəflər həmçinin parlamentlərarası səviyyədə dialoqun mümkünlüyünü nəzərdən keçirmək barədə razılığa gəliblər.
Aygün Mirakif
KONKRET.az