2021-ci il ərzində Azərbaycanda idxal edilən avtomobillərin sayı artıb.
KONKRET.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin rəqəmlərindən aydın olur ki, bu ilin ilk 7 ayı ərzində ölkəyə 47 min 374 ədəd avtomobil gətirilib. Həmin avtomobillərin idxalı ölkəyə 475 milyon dollara başa gəlib.
Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu ilin ilk 7 ayı ərzində idxal edilən avtomobillərin sayı az qala ötən ilin 12 ayının idxalına bərabərdir. Devalvasiyadan sonrakı illərin heç birində bu qədər yüksək avtomobil idxalı qeydə alınmamışdı.
Cədvəl: 2013-2021-ci illərdə Azərbaycana idxal edilən avtomobillərin sayı
İl
Avtomobil sayı
2021 (İlin ilk 7 ayı)
47 min 374
2020
53 min 729
2019
47 min 710
2018
28 min 876
2017
13 min 098
2016
5 min 746
2015
26 min 785
2014
63 min 368
2013
104 min 385
Hibrid avtomobillərə və motosikllərə maraq artır
Ölkəyə gətirilən 47 mindən çox avtomobilin 44 min ədədini minik avtomobilləri təşkil edib. Minik avtomobilləri ilə bağlı gözə dəyən əsas məqam isə, ölkədə daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin, yəni, hibrid avtomobillərin sayındakı ciddi artımla bağlıdır. Belə ki, rəsmi rəqəmlərə görə, 2018-ci ildə 146 ədəd hibrid avtomobil idxal edildiyi halda, 2019-cu ildə bu rəqəm 3645-ə, 2020-ci ildə isə, 5080 ədədə yüksəlmişdi. 2021-ci ildə isə, ilin ilk 7 ayı ərzində bu rəqəm artıq indidən 5 min 879 ədədə yüksəlib. Bu o deməkdir ki, 2018-ci ildən bəri, ölkəyə gətirilən hibrid avtomobillərin sayı 40 dəfə artıb. Artıq idxal edilən avtomobillər arasında hibrid mühərrikli avtomobillərin payı 12 faizdən də yüksəkdir.
Hibrid avtomobillərlə yanaşı, son dövrlər maraq artan nəqliyyat vasitələrindən biri də motosikllərdir. Rəsmi rəqəmlərə görə, son 2015-2020-ci illərdə ölkədə bu nəqliyyat vasitəsinin sayı 50 faiz artıb. Son illərdə Azərbaycanda çatdırılma xidmətləri genişlənməkdədir. Pandemiya dövründə məhdudiyyətlərin artması, kuryerlər tərəfindən geniş istifadə edilən motosikllərin sayının artmasına da təsirsiz ötüşməyib.
Cədvəl: 1990-2020-ci illərdə Azərbaycanda istifadə edilən motosikllərin sayı
İl
Motosikllərin sayı
2020
4 min 594
2019
4 min 69
2018
3 min 2906
2017
3 min 77
2016
3 min 290
2015
3 min 215
2010
1 min 643
2005
3 min 562
2000
6 min 389
1995
13 min 307
1990
37 min 592
Azərbaycanlılar hansı avtomobillərə üstünlük verir?
2021-ci ilin əvvəlinə olan məlumata görə, ölkədə hələ də minik avtomobillərin əsas hissəsini VA markalı avtomobillər təşkil edir. İlin əvvəlinə ölkədə olan 1 milyon 264 min 542 minik avtomobilinin 400 mini, yəni, təxminən hər üçündən biri məhz VAZ avtomobili olub.
Ümumilikdə, ölkədə istifadə edilən avtomobillərin 38 faizi Rusiya istehsalıdır. Azərbaycanda ən çox istifadə edilən ikinci avtomobil isə “Mercedes”dir. Ölkədəki “Mercedes” markalı avtomobillərin sayı hazırda 206 min ədəddən çoxdur. İlk üçlükdə olan digər bir marka isə, Hyundai-dir. Bu markadan olan avtomobillərin sayı 81 min ədədə bərabərdir. (Azadliq.org)
Cədvəl: 2021-ci ilin əvvəlinə Azərbaycanda istifadə edilən minik avtomobillərinin sayı