Azərbaycanda Çin avtomobillərinə niyə tələb artır?backend

Azərbaycanda Çin avtomobillərinə niyə tələb artır?

Azərbaycanın avtomobil bazarında son illərin trendinin Çin avtomobilləri olduğunu desək, yanılmarıq. 2014-cü ildən yerli bazarımıza girən Çinin avtomobil markalarına məxsus avtomobillər öz gözəl görünüşü və büdcəyə uyğun qiyməti ilə diqqətləri üzərinə çəkir. Di gəl ki, hələ də vətəndaşlarımız bu avtomobilləri almağa tərəddüd edir, onların keyfiyyətinə, dayanıqlılığına etibar etmirlər.

Vətəndaşlarımızın Çin avtomobillərini almağa “ürək etməməsi”nin əsas səbəblərindən biri odur ki, onlar Azərbaycanda bu avtomobillərin yaxşı ustalarının olmadığını güman edirlər. Məlumdur ki, Çin avtomobilləri kifayət qədər rəqəmsal komplektasiyaya və elektronika sistemlərinə malikdir. Elə vətəndaşlarımızı tərəddüdə salan da məhz budur. Çoxları düşünür ki, Çin avtomobili alsalar, müasir standartlara uyğun təchiz edilən bu elektronika sistemlərində bir nasazlıq yaranarsa, yerli elektriklərimiz onu aradan qaldıra bilməyəcək.

KONKRET.az xəbər verir ki, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) nümayəndəsi, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev “Report”a açıqlamasında bu şübhələrin gərəksiz olduğunu bildirib.

Bütün modellərin rəsmi servis mərkəzi var

Onun sözlərinə görə, artıq ölkəmizə avtomobil gətirən bütün rəsmi dilerlər avtomobillərin satışından sonrakı mərhələləri də düşünür: “Bunun üçün həmin dilerlərdə satış sonrası departamentlər fəaliyyət göstərir. Bu departamentlər avtomobil üçün servis xidmətinin göstərilməsini, ehtiyat hissələrinin tədarükünü təmin edir. Əminliklə deyə bilərəm ki, hazırda bizim bazarda rəsmi dilerlərin hamısının servis mərkəzləri və ehtiyat hissəsi anbarları mövcuddur. Bu dilerlərdən avtomobil almağa dəyər. Onların satış sonrası departmentləri satışdan sonra müştərilərə xidmət göstərirlər”.

Çin avtomobillərinin qiyməti münasibdir

Azərbaycanda Çinin faktiki olaraq 10 avtomobil brendi var. Son iki ildə Çinin 6-7 avtomobil markası Azərbaycan bazarına daxil oldu və ya yenidən bu bazara gəldi. Elə markalar var idi ki, əvvəllər Azərbaycan bazarında fəaliyyət göstərsə də, 2015-ci ildən fəaliyyətini dayandırmışdı. E. Əliyevin sözlərinə görə, onlar yenidən burda fəaliyyətə başladılar.

“Bazarımız avtomobil sektoru üçün kiçik bazar sayılır. Amma vətəndaşlarımızın avtomobilə olan marağı bu avtomobillərin ölkəmizdə satılmasına gətirib çıxarıb. Qiymətlərinin münasib olması vətəndaşlarımızı Çin avtomobillərinə yönləndirir. Son zamanlar Çin avtomobillərinin dizaynları gözqamaşdırıcı olur ki, bu səbəbdən də onlara tələbat artır”, – ekspert hesab edir.

Rəsmi servislərdə savadlı ustalar var

O hesab edir ki, son illər tək Çin avtomobillərində deyil, digər ölkələrdə də istehsal olunan avtomobillərdə dizayna və elektronika sisteminə daha çox önəm verilir:

“Sözsüz ki, iş olan yerdə həmişə problem də ola bilər. Gündəlik istifadə etdiyimiz ən bahalı smartfonlarda belə hansısa problem yaranır və biz onu aradan qaldırırıq. Bu məsələni böyütmək düzgün deyil. Müşahidələrimiz göstərir ki, Çin avtomobillərinin elektronika sistemlərində elə də böyük problemlər olmur. Olarsa da, bizdə bunu aradan qaldıra biləcək ustalar var. Bütün servislərdə fəaliyyət göstərən elektriklər istehsalçı zavodlarda təlim keçmiş şəxslərdir. Servisdə çalışan ən azı üç ustadan biri rəsmi servisdə təlim keçib. Günümüzdə servislərdə istehsalçı zavodun nümayəndələri də olur ki, yarana biləəcək problemləri aradan qaldırsınlar”.

Bir həqiqət də var ki, Azərbaycanda avtomobil sahiblərinin heç də hamısı ehtiyat hissəsi almaq və ya maşınını təmir etdirmək üçün rəsmi servislərə müraciət etmir. Çox adam hansısa ehtiyat hissəsini tapmaq üçün “ölüxana” adlanan yerlərə gedir, avtomobilini təmir etdirmək üçün fərdi fəaliyyət göstərən ustalara üz tutur. Çünki bu yerlərdə qiymət rəsmi servisdəki qiymətlərdən kifayət qədər ucuz olur. Çin avtomobillərinin ehtiyat hissələrini isə bu “ölüxana”larda tapmaq olmur. Fərdi fəaliyyət göstərən ustalara da bu avtomobillərin təmirini tam etibar etmək olmur.

Müsahibimiz isə vətəndaşlarımızı avtomobillərinin ehtiyat hissəsi və təmiri üçün “ölüxana”lara, fərdi ustalara deyil, rəsmi servislərə üz tutmağa çağırıb.

Rəsmi servisdəki ustalara etibar etmək olar

“Yaxşı olar ki, vətəndaşlarımız ehtiyat hissələrini rəsmi servisdən alsınlar. Çünki resmi servisdə təqdim edilən ehtiyat hissələri həm keyfiyyətli olur, həm də onlara zəmanət verilir. “Ölüxana” adlandırılan yerlərdə Koreya, Almaniya, ABŞ və digər ölkələrdən gətirilən avtomobillərin ehtiyyat hissələri var. Amma biz vətəndaşlarımızı rəsmi servislərdən ehtiyat hissələri almağa səsləyirik. Ehtiyat hissəsi rəsmi servisdə baha olsa da, onu daha uzun müddət işlətmək olur. Ucuz qiymətə ildə bir neçə dəfə ehtiyat hissəsi almaqdansa, baha qiymətə bir dəfə almaq yaxşıdır. Yaxşı olar ki, avtomobillərə qulluq da rəsmi servislərdə edilsin. Rəsmi servislərdə fəaliyyət göstərən bir çox ustalar həmin avtomobillərin istehsal olunduğu zavodlarda təlim keçmiş şəxslərdir. Onlar avtomobil haqqında digər fərdi ustalardan daha çox məlumatlıdır. Peşəkarlıqları da çox olur. Ona görə də onlara etibar etməyə dəyər”.

E.Əliyev qeyd edib ki, Çinin avtomobil şirkətlərindəki mütəxəssislər dünyanın başqa nüfuzlu avtomobil şirkətlərində işləyib.

Çin avtomobilləri Azərbaycanda etibar qazanıb

“2014-cü ildə Çin avtomobilləri Azərbaycan bazarına təzə daxil olanda insanlar onların adlarına belə lağ edirdi. Amma bu günün reallığı odur ki, həmin şəxslər o avtomobilləri idarə edirlər. Bu avtomobillər artıq etibar qazanıb. Bu gün Çin avtomobillərinin ikinci əl bazarı da çox rahat şəkildə işləyir. Kiminsə ikinci əl Çin avtomobilini aylarla sata bilməməsinə rast gələ bilmərik.

Çin maşınlarının dizaynerləri yetərincə dünya şöhrətli avtomobil markalarının şirkətlərində işləmiş dizaynerlərdir. Məsələn, “Hongqi” markasının dizayneri vaxtilə “Rolls-Royce”in dizayneri olub. Digər sahələr üzrə də Çinin avtomobil şirkətlərində çalışanlar dünyanın nüfuzlu avtomobil şirkətlərində işləmiş şəxslərdir ki, bu gün onlar Çinə cəlb olunur və Çində avtomobillərin istehsalı ilə məşğuldurlar”, – E.Əliyev bildirib

O vurğulayıb ki, bu gün Çin avtomobilləri Azərbaycan bazarında digər modellərlə yetərincə rəqabət apara bilirlər.

“Ümumiyyətlə Azərbaycanda burda fəaliyyət göstərən hər bir avtomobil markasına tələbat var. Bizdə yeganə problem avtomobillərin kreditləşməsi ilə bağlıdır. Avtomobil krediti almaq üçün ilkin ödəniş 50 % təşkil edir. Düşünürəm ki, bu məsələ həll edilərsə və avtokreditlər üzrə ilkin ödəniş 18-20 %-ə endirilərsə, Azərbaycan bazarında bütün məsələlər öz yerini tapar”, – deyə E.Əliyev əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*