İnsan özü üçün lazım olanı, hava, su, maddi nemətlər, sənaye üçün xammal və digər nemətləri məhz təbiətdən alır. Amma təəssüflər olsun ki, bu sərvətlərdən yüz illərdən bəri kor-təbii şəkildə istifadə olunması nəticəsində ətraf mühit dünya miqyasında dəyişilməyə məruz qalıb. Mövcud vəziyyəti müasir elmi-texniki tərəqqinin inkişafı bir az da gərginləşdirib. Belə ki, dünya əhalisinin sayının artımı və tələbatın çoxalması, Yer sərvətlərinin istifadəsinin durmadan yüksəlməsi, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat sahələrində yeni texnologiyanın tətəbiqi və istehsalının genişlənməsi, dünya landşaftlarının antropogen dəyişməsi, beynəlxalq təsərrüfat əlaqələrinin mürəkkəbləşməsi ətraf mühitlə bəşəriyyətin qarşılıqlı əlaqəsinin güclənməsinə və insanı əhatə edən mühitə antropogen yükün artmasına səbəb olub. Ekoloji tarazlığı, onun mürəkkəb və bir-birilə sıx bağlı mexanizmlərini, təbiətin insanın təsirinə reaksiyasını bilmədən, yəni ekoloji biliyə dərindən yiyələnmədən təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı halda saxlamağı proqnozlaşdırmaq mümkün deyil. Bu baxımdan, ekologiya elminə tələbat və maraq günü-gündən artır. Qeyd etmək lazımdır ki, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə edilməsi Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindəndir.
Aparılan tədqiqatlar onu göstərir ki, hazırda ölkədə əsas ekoloji problemlərə su ehtiyatlarının çirklənməsi, yəni Xəzər dənizinin sənaye və məişət tullantı suları ilə çirkləndirilməsi, su obyektlərinin, o cümlədən, transsərhəd çayların çirkləndirilməsi, tullantı sularının idarə olunması, yəni təmizləyici qurğularının gücünün formalaşan tullantı sularından az olması, tullantı sularının təmizlənmədən su hövzələrinə axıdılması daxildir. Bundan başqa, atmosfer havasının çirklənməsi, stasionar və səyyar mənbələrdən çirklənmələr, torpaqların deqradasiyaya uğraması, yəni erroziya və şoranlaşma prosesləri, torpaqların tullantılarla çirkləndirilməsi, torpaq örtüyünün həddindən artıq otarılması da əsas ekoloji problemlərdən sayılır. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra bu problemlərin həlli istiqamətində çox ciddi addımların atıldığının şahidi olmuşuq. Belə ki, ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə formalaşmağa başlayan Azərbaycan dövlətinin ekoloji siyasəti bu istiqamətdə islahatların başlanmasına zəmin yaratdı. Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaranması bu sahədə atılan uğurlu addımlardan biri kimi tarixə düşdü. Bu gün ölkədə ekoloji siyasəti uğurla həyata keçirən bu qurum çox əhəmiyyətli layihələr reallaşdırır və demək olar ki, mühüm nəticələr əldə olunur. Ulu öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev isə ekoloji problemlərin həllinin ölkədə prioritet məsələ olduğunu bildirib və 2010-cu ili ölkədə “Ekologiya ili” elan edib. Eyni zamanda ekoloji siyasətə dair ilk sənəd kimi “Dayanıqlı inkişaf” prinsiplərinə əsaslanan “Azərbaycan Respublikasının ekoloji Konsepsiyası” qəbul olunub. Konsepsiyada ölkə üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapıb. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın “Hərəmiz bir ağac əkək” devizi ilə keçirilən aksiyalarda milyonlarla yeni ağac və kolların əkilməsi də ekologiya və ətraf mühitin mühafizəsi baxımından çox böyük əhəmiyyətə malikdir.
Qeyd etmək lazımdır ki, hazırda işğaldan azad edilən ərazilərimizdə ermənilərin törətdiyi ekoloji terrorun fəsadlarının aradan qaldırılması, təbiətin flora və faunasının bərpa edilməsi istiqamətində dövlət tərəfindən çox mühüm işlər görülür. Belə ki, Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı ilə verilmiş tapşırıqlara əsasən ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və onların ilkin qiymətləndirilməsi məqsədilə yaradılmış Əməliyyat Qərargahlarında təmsil olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Xocavənd və digər rayonların ərazilərində monitorinqlərə başlayıb. Arazboyu ərazilərdə aparılan monitorinq və müşahidələr göstərib ki, yaşayış məntəqələrində olmuş bütün evlər, binalar, tarixi abidələr, qəbristanlıqlar tamamilə dağıdılıb, yolların kənarındakı tut, qovaq, çinar, şam və meyvə ağacları kəsilib, bəzi yerlərdə isə tamamilə yandırılib. Meşələrdə və yaşıllıq massivlərində qəsdən törədilmiş yanğınlar nəticəsində bitki örtüyü, münbit torpaq qatı və digər canlı aləm məhv edilib. Qubadlı, Füzuli və Cəbrayıl rayonlarının ərazisində yaşı 1600, 900 və 500 il olan Şərq çinarları ekoloji terrora məruz qalıb. Lakin bu fəsadların aradan qaldırılması üçün işğaldan azad edilən ərazilərdə “Dostluq meşəsi” və terasların salınması ilə yanaşı ağıllı tinglik sahələri də yaradılır. Həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşəsalma və meşəbərpa işləri həyata keçirilir. Kimyəvi çirklənməyə məruz qalan çayların təmizlənməsi üçün beynəlxalq təcrübədən istifadə olunur.
Bir sözlə, Azərbaycan dövlətinin ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində gördüyü işlər beynəlxalq aləmdə də bəyənilir. Təsadüfi deyil ki, hələ 2012-ci ildə nüfuzlu tədqiqat mərkəzləri olan ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən açıqlanan Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi (Environmental Performance İndex) sənədində ətraf mühit sahəsində son 10 ildə baş vermiş müsbət dəyişikliklərin tempinə görə Azərbaycan 132 ölkə arasında 2-ci yeri tutub.
Müşviq Tofiqoğlu,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusuna uyğun olaraq dərc edilir.

