Azərbaycanda ət və çörəyin qiymətinin artımını bu səbəblər qaçılmaz edir – EKSPERT AÇIQLADIbackend

Azərbaycanda ət və çörəyin qiymətinin artımını bu səbəblər qaçılmaz edir – EKSPERT AÇIQLADI

Bu gün dünyada baş verən iqtisadi və siyasi proseslər Azərbaycandan da yan keçmir. Artıq qlobal bahalaşma ölkəmizdə də özünü büruzə verir. İndi isə ət və ət məhsullarının, eləcə də un və çörəyin qiymətinin bahalaşacağı haqda fikirlər dolaşır.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimlinin sözlərinə görə, dünyada gedən iqtisadi və siyasi proseslər qiymətlərə də təsir edir. Əsasən də buğdanın qiymətində artım çoxdur: “Dünya iqtisadiyyatındakı rəqəmlərə nəzər salsaq, Burda əhəmiyyətli azalma olmadığını görə bilərik. Bu məhsulun istehsalı sadəcə 1-2 faiz azalıb. Buğdanın qiymətinə ən əsas spekulyativ amillər təsir edir. Məsələn Rusiya kvota tətbiq edib ixrac rüsumlarını qaldırır. Həmçinin Azərbaycanın da buğda aldığı ölkə olan Qazaxıstan unun idxalına kvota tətbiq edir və ixrac rüsumlarını artırır.  Bu da sözsüz ki, Rusiya-Ukrayna müharibəsindən qaynaqlanır. Baxmayaraq ki, Ukraynada 18 milyon ton köhnə, 40 milyon ton isə yeni yığım buğda ehtiyatı var.  Amma bu məhsullar anbarlarda ilişib qalıb. BMT, Rusiya-Türkiyə və Ukrayna razılaşmasına əsasən buğdaların bazara çıxarılması nəzərdə tutulub. Bu da  insanlarda buğdanın qiymətinin aşağı düşəcəyinə ümid yaradıb. Lakin hazırda bu ümidlər özünü doğrultmur. Çünki Rusiya buğda istehsalına kvota tətbiq edib  və ixracı 13 faiz azaldıb. Həmçinin ixrac rüsumunu 100 dollardan, 105 dollara qədər artırıb. Bu kimi amillər buğdanın qiymətinin artmasına təsirsiz ötüşmür”.

Ekspert Azərbaycana xarici investisiya qoyuluşundakı azalmanın səbəblərini açıqlayır - 18.09.2021, Sputnik Azərbaycan

İqtisadçının sözlərinə görə, Azərbaycan yəqin ki, buğda istehsalçılarından bu məhsulu idxal etməyə məcbur olacaq: “Sözsüz ki, bu da qiymətlərə təsir göstərir. Əsasən də daşınma, loqistika, nəqliyyat üçün əlavə xərclər çəkilir. Ölkədə un məmulatlarının qiymətində artım ola bilər. Ancaq onu da qeyd etməliyəm ki, çörək qıtlığı və bu kimi proqnozlar tamamilə yanlışdır. Ajiotaj doğuracaq məqam isə yoxdur. Hesablamalara əsasən maksimum unun çəkisində 10-20 faiz artım ola bilər. Sözsüz ki, bu artım baş verərsə, digər sektorlara da təsirsiz ötüşməyəcək. Ət və ət məhsullarında, o cümlədən digər ərzaq sektorlarında qiymət artımı müşahidə oluna bilər. Ümumilikdə bahalaşmalar qaçılmazdır. Ancaq bu halların əhaliyə mənfi təsirini qabaqcadan hesablamaq və tədbir görmək lazımdır. Bu kimi halları kompensasiya etmək üçün dövlətin müəyyən addımları olmalıdır. Hesab edirəm ki, ilk növbədə həssas qrupların, həmçinin təqaüdçülərin və digər müavinət alan şəxslərin gəlirlərinə yenidən baxılması gündəmə gələcək. Digər tərəfdən, ərzaq məhsullarının qiymət artımının qarşısını almaq üçün ölkədə inhisarçılara daha ciddi nəzarət olunmalı, həmçinin rəqabət məcəlləsinin qəbul edilməsi ilə bağlı addımlar atılmalıdır. Bundan əlavə orta bizneslə məşğul olanlara dövlət tərəfindən müəyyən güzəştlər edilməlidir. Bir sözlə biz çalışmalıyıq ki, iş yerləri çoxalsın, insanlar işlə təmin olunsun, özəl şirkətlərin fəaliyyəti daha da genişlənsin və rəqabətlilik təmin edilsin”.

Eyyub Kərimli əlavə edib ki, bazarda liberallaşma artmalı və monopoliya təsirləri azaldılmalıdır: “Gömrükdən digər istiqamətlər üzrə idxalın kannalları genişləndirilməlidir ki, hər bir şirkət məhsulları asanlıqla əldə edə bilsin, bazarda süni artımın qarşısı alınsın və qiymət rəqabətliliyi yaransın. Onu da qeyd edim ki, dünyada baş verən hadisələrdən sonra buğdaya təlabatı az olan ölkələr normadan daha çox buğda alıb saxlayırlar. Bu vasitə ilə gələcəkdə daha çox qazanc əldə etmək məqsədi güdürlər. Rusiya, Qazaxıstan və bu kimi digər ölkələr isə qəsdən kvota tətbiq etməklə süni qıtlıq yaradıb daha çox qazanmağa çalışırlar. Bir sözlə buğda var, ancaq satmaq istəmirlər”.

Arifə Kərimzadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*