Xəbər verdiyimiz kimi dünyada və Azərbaycanda yoluxma sayı kəskin artıb. 22 noyabrda Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən kəskin artıb. Belə ki, 3169 nəfər koronavirusa yoluxub, 24 nəfər dünyasını dəyişib. Bu artımın davam edəcəyi və hətta 2021-ci ildə də koronavirsun 3-cü dalğasının olması ilə bağlı fikirlər səsləndirilir. Azərbaycanda da 3-cü dalğa ola bilərmi?
Bununla bağlı KONKRET.az-a danışan professor Adil Qeybulla bildirib ki, hazırda koronavirusun ikinci dalğası yox, ikinci mərhələsidir.
Professor qeyd edib ki, yoluxma sayı yuxarı olsa da, virus zəifləyib:

“Koronavirusa yoluxmada dünya üzrə artım müşahidə olunur. Görünən odur ki, əhalinin böyük hissəsi xəstədir. Gündəlik 2000-3000 yoluxma reallığı əks etdirmir. Xeyli insanlarımız xəstəxanalarda yer tapmır, evdə müalicə olunurlar. Onları da hesablasaq, real rəqəmlər rəsmi rəqəmlərdən 5 dəfə çoxdur. Burada söhbət əhalinin kollektiv immunitetindən gedir. Hesab edirəm ki, virus tədricən yoxa çıxacaq. Artıq 3-4 dalğanın olması real görünmür. Hər halda gözləyək və vəziyyəti izləyək. İnsanlarımız mümkün qədər karantin qaydalarına əməl etməlidir. Qapalı yerlərdə maska taxmalı, sosial məsafəni gözləməli və dezinfeksiya məhlularından istifadə etməlidir. Maskadan düzgün istifadə vacibdir”.
Uzman həkim Vasif İsmayıl vurğulayıb ki, peyvənd tapılmasa, koronavirusun 3-cü dalğasının olacağı deyilir:

“Əgər effektiv peyvənd tapılmasa, bu virus 2021-ci ildə də davam edəcək. Son günlər yoluxma və ölüm sayında artım müşahidə olunur. Dövlət tərəfindən gündəlik yoluxmalara əsasən addımlar atılır. Görülən tədbirlərin nəticəsi iki həftədən sonra bilinəcək. Əgər insanlarımız bu xəstəliyə qarşı məsuliyyətsiz davranmağa davam edərsə, yoluxma sayı arta bilər”.
