Bakıda 250 manatlıq telefon üçün quldurluq edən şəxsə 4 il 6 ay həbs cəzası verildibackend

Bakıda 250 manatlıq telefon üçün quldurluq edən şəxsə 4 il 6 ay həbs cəzası verildi

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Ziyad Fərəclinin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktında göstərilib ki, hadisə 2025-ci ildə Bakı şəhəri Nizami rayonu, Babək prospekti 33 ünvanında yerləşən “Göyçə Market”in arxa hissəsində baş verib.

Belə ki, Ziyad Fərəcli marketdən çıxaraq piyada hərəkət edən zərərçəkmiş Sənan Dadaşova (adı, soyadı şərtidir) yaxınlaşaraq ona ardıcıl şəkildə yumruq və təpik zərbələri endirib. Zərbələr nəticəsində zərərçəkmişə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır bədən xəsarətləri yetirilib.

Təqsirləndirilən şəxs Sənanı fiziki zorakılıqla müqavimət göstərmək imkanından məhrum etdikdən sonra onun əlində olan, təxminən 250 manat dəyərində “Redmi 12” markalı mobil telefonu ələ keçirib. Telefonda “Azerfon” mobil operatoruna məxsus nömrə olsa da, danışıq balansının olmadığı bildirilib.

Məhkəmə iş üzrə toplanmış sübutları, zərərçəkmişin ifadəsini və digər materialları araşdırdıqdan sonra təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin quldurluğa dair müddəaları ilə tövsif edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ziyad Fərəcli 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*