Bakıda 420 min manatlıq mənzili saxta sənədlərlə ələ keçirib 170 min manata satdı – MƏHKƏMƏbackend

Bakıda 420 min manatlıq mənzili saxta sənədlərlə ələ keçirib 170 min manata satdı – MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində dələdizluqda və saxta sənəd hazırlamada təqsirləndirilən Natiq Balayevin (soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama əsasən, Natiq Balayevin barəsində Bakıda 420 min manat bazar dəyəri olan mənzilin saxta sənədlərdən istifadə edilməklə ələ keçirməsi və sonradan başqa şəxsə satılması ilə bağlı ittiham irəli sürülüb.

İbtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən, təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Emin” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olaraq bir qrup halında cinayət əlaqəsinə girib. Söhbət Bakı şəhəri, Nərimanov rayonunda yerləşən, ümumi sahəsi 122,4 kvadratmetr olan üçotaqlı mənzildən gedir.

Qeyd olunan mənzil zərərçəkmiş İlqar Həsənovun (soyadı şərtidir) xüsusi mülkiyyətində olub. Natiq Balayev həmin mənzildə kirayə yaşayıb.

Bundan istifadə edən təqsirləndirilən şəxs və digər şəxslər mənzilin qanuni sahibinin iradəsindən kənar olaraq əmlak üzərində sərəncam hüququ əldə etmək məqsədilə saxta sənədlər hazırlayıb və əldə ediblər.

Belə ki, cinayət əməlindən əvvəlcədən xəbəri olmayan S.S.-in (adı, soyadı şərtidir) adına Rusiya Federasiyasının Tümen vilayətinin Tümen rayonunun notariat dairəsinin notariusu tərəfindən verilmiş sənəd görüntüsündə olan saxta etibarnamə əldə edilib. 2022-ci ildə etibarnamədə S.S.-ə zərərçəkmiş şəxsə məxsus mənzili idarə etmək, istifadə etmək və onun üzərində sərəncam vermək hüququnun verildiyi göstərilib.

Sənədə əsasən, S.S. əmlakla bağlı qanunla icazə verilən müxtəlif əqdləri, o cümlədən mənzilin satılması, dəyişdirilməsi, ipotekaya qoyulması, icarəyə və kirayəyə verilməsi ilə bağlı müqavilələrin bağlanması, hesablaşmaların aparılması, zəruri sənədlərin təqdim edilməsi və notariat kontorlarında zərərçəkmiş şəxsi təmsil etmək kimi geniş səlahiyyətlər verildiyi əks etdirilib.

İttiham tərəfinin mövqeyinə görə, həmin etibarnamə saxta olub və S.S. belə bir cinayət əməlindən əvvəlcədən xəbərsiz olub.

Bundan başqa, İlqar Həsənovun həyat yoldaşının birgə mülkiyyətində olan əmlakların satılmasına razılıq verməsi barədə də saxta sənəd əldə edilib. Həmin sənəd də Rusiya Federasiyasının Tümen vilayətinin Tümen rayonunun notariat dairəsinin notariusu tərəfindən verilmiş rəsmi sənəd görüntüsündə hazırlanıb.

İttihamda qeyd olunur ki, təqsirləndirilən şəxs və digər şəxslər sənədlərin saxta olduğunu bildikləri halda onlardan istifadə ediblər.

Onlar saxta sənədlərdən istifadə etməklə 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti fəaliyyət göstərən notariat ofisində “Alqı-satqı və ipoteka müqaviləsi” bağlayıblar. Sənədə əsasən, S.S. mənzili formal olaraq alıb. Daha sonra həmin mənzil “Turan Bank”da ipoteka kreditinin təminatı kimi girova qoyulub. Bundan sonra mənzilə dair çıxarış əldə edilib. Bu yolla zərərçəkmiş şəxsə məxsus mənzil üzərində mülkiyyət hüququ rəsmiləşdirilərək əmlakın sonradan satılması üçün hüquqi imkan yaradılıb.

İşin növbəti mərhələsində mənzil başqa şəxsə satılıb.

İttihama görə, 2023-cü ildə notariat ofisində “Alqı-satqı müqaviləsi” bağlanıb. Müqaviləyə əsasən, 122,4 kvadratmetr sahəsi olan üçotaqlı mənzil D.D.-yə (adı, soyadı şərtidir) 170 min manata satılıb.

İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, mənzilin satışından əldə olunan pul vəsaiti təqsirləndirilən şəxs və onunla əlbir olan şəxslər tərəfindən ələ keçirilib.

İttihamda mənzilin hadisə zamanı bazar qiymətinin 420 min manat olduğu göstərilir.

Beləliklə, istintaqın hesablamasına görə, zərərçəkmiş şəxsin 420 min manat dəyərində olan əmlakı saxta sənədlərdən istifadə edilməklə onun iradəsinə zidd olaraq ələ keçirilib və nəticədə həmin məbləğdə külli miqdarda maddi ziyan vurulub.

Hadisədən sonra Natiq Balayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmənin hökmü ilə o, 7 il müddətə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*