Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Xalid Hacızadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 7 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd: Təqsirləndirilən şəxs tanışlarını avtomobil alaraq taksi fəaliyyətinə buraxmağa və hər nəqliyyat vasitəsinə görə aylıq qazanc əldə etmələrinə şərait yaradacağına inandıraraq külli miqdarda pul almaqda ittiham olunur.
İttihama əsasən, Xalid Hacızadə bir neçə şəxslə bağlı müxtəlif vaxtlarda dələduzluq əməlləri törədib. Cinayət işi üzrə zərərçəkmiş şəxslərə ümumilikdə 375 241 manat maddi ziyan vurulduğu bildirilir.
Belə ki, təqsirləndirilən şəxs tanışı zərərçəkmiş Davud Əlizadənin (adı, soyadı şərtidir) etibarından sui-istifadə edərək onu avtomobil alıb taksi fəaliyyətinə buraxmağa və hər avtomobilə görə aylıq 500 manat gəlir əldə etməyə inandırıb. Bununla bağlı zərərçəkmiş şəxsə yalan vəd verərək ondan müxtəlif vaxtlarda pul alıb.
Məlumata görə, 2023-cü ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində ondan 13 500 manat alındığı bildirilir. Daha sonra 2023-cü ilin noyabr ayının ortalarında Bakı şəhərinin müxtəlif ərazilərində 13 000 manat, 2024-cü ilin yanvar ayında 13 000 manat, həmin ilin may ayında 12 000 manat, sentyabr ayında 20 000 manat, 2025-ci ilin yanvar ayında isə daha 20 000 manat alındığı qeyd edilir. Sonuncu olaraq, ötən ildə “Alman” aptekinin qarşısında Davud Əlizadədən 20 000 manat alıb.
Beləliklə, Xalid Hacızadə vahid niyyətlə zərərçəkmiş şəxsdən ümumilikdə 111 500 manat pul alaraq ələ keçirib və ona külli miqdarda ziyan vurub.
Bundan başqa, cinayət işində daha bir epizod tanışı İsa İsa-zadə ilə bağlıdır.
İttihama əsasən, təqsirləndirilən şəxs İsa İsa-zadəni “BYD” markalı avtomobillər almağa və həmin nəqliyyat vasitələrini taksi fəaliyyətinə buraxmağa razı salıb. O, hər avtomobilə görə qazanc verəcəyini vəd edib.
Bunun nəticəsində İsa İsa-zadənin 14 ədəd “BYD” markalı avtomobil almasına nail olub. Lakin sonradan 2025-ci ilin iyun ayında təqsirləndirilən şəxs avtomobillərdən ikisini sahibinə məlumat vermədən satıb. Həmin avtomobillərin satışından əldə olunan pul Xalid Hacızadə tərəfindən ələ keçirilib.
Bundan sonra onun cinayət əməllərini davam etdirdiyi bildirilir. 2025-ci ilin avqust ayında avtomobillərdən birinin qəza etdiyini deyərək onun təmirinə ehtiyac olduğunu söyləyib.
Bu bəhanə ilə İsa İsa-zadədən Bakı şəhəri, Xətai rayonu ərazisində 4 500 manat, iki-üç gün sonra isə daha 3 000 manat alıb.
Beləliklə, bu epizod üzrə zərərçəkmiş şəxsə ümumilikdə 59 500 manat ziyan vurulub.
Bundan başqa, Xalid Hacızadə zərərçəkmiş C.C.-yə (adı, soyadı şərtidir) də “Chevrolet Cobalt” markalı avtomobillər alaraq taksi fəaliyyətinə buraxmağı və hər avtomobilə görə aylıq qazanc ödəməyi vəd edib. O, bu yolla zərərçəkmişdən ümumilikdə 23 500 manat pul alıb və sonradan həmin vəsaiti ələ keçirib.
Cinayət işində ən böyük məbləğ isə İlkin Həsənovla bağlı epizodda yer alır.
İttihama görə, təqsirləndirilən şəxs İlkin Həsənovu da “Chevrolet Cobalt” markalı avtomobillər almağa, həmin avtomobilləri taksi fəaliyyətinə buraxmağa və hər avtomobilə görə aylıq qazanc əldə etməyə inandırıb.
Bu məqsədlə Xalid Hacızadə 2025-ci il tarixdə ondan ümumilikdə 181 241 manat pul alaraq dələduzluq edib.
