Bakıda kirayə mənzil qiymətləri son aylarda artıb və paytaxtın demək olar bütün rayonlarında bahalaşma qeydə alınıb.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Milli.Az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Taleh Şirəliyev bildirib ki, kirayə bazarında artım bütün rayonları əhatə edir və orta qiymətlər artıq bir çox ərazilərdə 700-1000 manat intervalına çatıb.
“Bu artımın həm real iqtisadi səbəblərlə, həm də bazarın qeyri-tənzimlənməsi ilə bağlıdır. Araşdırmaya görə, paytaxtın mərkəzi rayonlarında kirayə qiymətləri daha yüksəkdir. Nəsimi rayonunda yeni tikili mənzillərin kirayəsi təxminən 1000 manat, köhnə tikililərdə isə 700 manat civarındadır. Səbail rayonunda yeni tikililərdə qiymətlər 1400 manata qədər yüksəlir. Yasamal rayonunda isə yeni tikililərdə kirayə 700-705 manat, köhnə binalarda isə 550 manat təşkil edir. Orta qiymət seqmentinə daxil olan rayonlarda da artım müşahidə olunur. Nərimanov rayonunda yeni tikililərdə kirayə 800-810 manat, köhnə tikililərdə 600 manatdır. Xətai rayonunda bu göstəricilər müvafiq olaraq 800 və 550 manat, Nizami rayonunda isə 700 və 550 manat səviyyəsindədir”.
T.Şirəliyev qeyd edib ki, nisbətən ucuz hesab olunan rayonlarda belə qiymətlər əvvəlki illərlə müqayisədə yüksəlib.
“Binəqədi rayonunda yeni tikililərdə kirayə 650 manat, köhnə binalarda 500 manatdır. Sabunçu və Suraxanı rayonlarında yeni tikililərdə qiymətlər 550 manat ətrafında, köhnə tikililərdə isə 400-450 manat arasında dəyişir. Qaradağ rayonunda kirayə qiymətləri yeni tikililərdə 400 manat, köhnə tikililərdə isə 300 manat civarındadır. Ən ucuz kirayə mənzillər əsasən şəhərdən kənar ərazilərdə yerləşir. Xəzər rayonunda yeni tikililərdə kirayə 450 manat, köhnə binalarda 300 manatdır. Pirallahı rayonunda isə qiymətlər müvafiq olaraq 300 və 250 manat təşkil edir”.
Ekspert qeyd edib ki, qiymət artımının əsas səbəbi bazarda tələbin təklifi üstələməsidir.
“Paytaxta miqrasiya, tələbələrin kirayə bazarına daxil olması və mənzil alma imkanlarının məhdudlaşması kirayəyə olan tələbi artırır. Bununla yanaşı, satış bazarında qiymətlərin bahalaşması da kirayəyə birbaşa təsir göstərir və ev sahibləri xərclərini kompensasiya etmək üçün qiymətləri yüksəldir. Eyni zamanda,təmir və kommunal xərclərin artması da kirayə qiymətlərinə təsir edən amillər sırasındadır. Mənzillərin investisiya vasitəsinə çevrilməsi isə bazarda qiymətlərin daha yüksək müəyyənləşdirilməsinə gətirib çıxarır”.
T.Şirəliyev bildirib ki, bazarda qismən süni qiymət artımı da mövcuddur.
“Kirayə bazarının tam tənzimlənməməsi, müqaviləsiz icarə hallarının geniş yayılması və vahid qiymət mexanizminin olmaması bəzi hallarda qiymətlərin əsassız şəkildə şişirdilməsinə şərait yaradır.Ümumilikdə isə müşahidələr göstərir ki, Bakıda kirayə bazarında bahalaşma əsasən real iqtisadi və demoqrafik səbəblərlə bağlıdır, lakin qeyri-rəsmi bazar münasibətləri bu artımı daha da sürətləndirir”, – deyə o qeyd edib.
