Bakını ələ keçirən “kabus” – Xilasetmə “əməliyyatı”nın detallarıbackend

Bakını ələ keçirən “kabus” – Xilasetmə “əməliyyatı”nın detalları

Bakıda artan tıxaclar bu dəfə Milli Məclisdə də gündəmə gəlib. Deputat Arzuxan Əlizadə şəhərdəki nəqliyyat sıxlığının dözülməz həddə çatdığını və gecikmələrin vətəndaşların iş həyatına da təsir etdiyini deyib. O, şəhərdəki tıxacları hələ də həll edə bilməyən qurumların vətəndaşlardan üzr istəməli olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, tıxac problemi insanların həyat şəraitinə, iş, dərs və istirahət hüquqlarına ciddi təsir göstərir:

“İnsanlar işə vaxtında çata bilmirlər, buna görə gecikmələr baş verir. Nəticədə iş fəaliyyəti zəifləyir. İş sahibi, yəni idarə və müəssisə rəhbəri keyfiyyətli iş tələb edir, amma onun qarşılığını görə bilmir. Dünya təcrübəsində tıxacın iqtisadiyyata nə qədər ziyan vurduğu hesablanır. Bizdə də bunun təsirləri var. Amma tıxacı həll etmək qısa müddətin işi deyil. Problemin həlli kompleks yanaşma tələb edir. Bu isə cənab Prezident tərəfindən təsdiq edilmiş Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı dövlət proqramında öz əksini tapıb”.

E.Muradlının fikrincə, bu proqramın icrası nəticəsində Bakının nəqliyyat infrastrukturunun tamamilə dəyişəcəyini düşünürük:

“Burada yeni metro stansiyalarının tikintisi, mövcud yol şəbəkəsinin genişləndirilməsi və digər vacib məsələlər öz əksini tapıb. Amma proqram 15 il müddətinə icra olunacaqsa, problemin birdəfəlik həll ediləcəyini və bunun dərhal baş verəcəyini gözləmək real yanaşma olmaz”.

Elməddin Muradlı deyib ki, proqramın mərhələli şəkildə, üç mərhələdə icrası nəzərdə tutulur:

“Birinci mərhələ 2025–2030-cu illəri əhatə edir. 2030–2035-ci illəri əhatə edəcək növbəti mərhələ olacaq və bunun ardınca da 2035–2040-cı illəri əhatə edən sonuncu mərhələ gələcək. Burada metro stansiyalarının sayından tutmuş avtobus parkının yenilənməsinə və digər məsələlərə qədər hamısı öz əksini tapıb. Amma dediyim kimi, bölgələrin inkişafı özü çox önəmlidir.

Ümid edirəm ki, cənab Prezident tərəfindən verilmiş bu tapşırıqlara ciddi yanaşılacaq. Bakıda 50 dənə yol çək, 100 dənə keçid tik, yeni yollar sal, bununla problemin tamamilə həll olunması mümkün deyil. Bölgələrin inkişafı isə dayanıqlı həll yoludur”.

Ekspert bildirib ki, bəzi məmurlar rüşvətdən, korrupsiyadan əl çəkməli, yeni iş yerləri yaradılmasına zəmin hazırlamalıdırlar:

“Bölgələrdə dayanıqlı iş məsələsi həll olunmalıdır. İş qurmaq istəyən vətəndaşa müxtəlif məsələlərdə dəstək olunmalı, bürokratik əngəllər yaradılmamalıdır. Təəssüf ki, bəzi məmurların fəaliyyəti buna imkan vermir və nəticə etibarilə bölgələr boşalır, kəndlərdə əhali azalır.

Müəyyən əngəllər aradan qalxsa, bölgələrimiz də inkişaf edəcək. Bu isə yekunda Bakının yükünün azalmasına gətirib çıxaracaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*