Azərbaycanda iki gündə yağan yağış nəqliyyat və kanalizasiya sistemini iflic edib. Bu da şəhər əhalisinin haqlı narazılığına səbəb olub.
Bununla bağlı KONKRET.az-a danışan deputat Fazil Mustafa bildirib ki, insanlarımız artıq bu məsələyə alışıb: “Kimin hansı vəzifədə olmasından asılı olmayaraq, Bakının infrastrukturunda bu problemlər ciddi narazılıq doğurur. Kiçik bir qar və ya güclü yağış yağan kimi şəhər bərbad vəziyyətə düşür, nəqliyyatın tənzimləmənsində problemlər yaranır, tıxaclar olur. Bunların hamısı üzücü və narahatedici məsələlərdir. Odur ki, məmurların öz yerində olması məsələsinə köklü əncam çəkmək lazımdır. Hamı bir-birinə ötürə-ötürə gedir. Vəziyyətdən əziyyət çəkən də vətəndaş olur. Bu, acınacaqlı durumdur və bunun da sonu görünmür, proses eyni qaydada davam edir. Yaxşı ki, son dövrlər qarın bizə yazığı gəlir və az yağır. Qar yağsa, fəlakətli vəziyyət olur. Ona görə də bu məsələ müvafiq qurumları düşündürməli və konkret qərarlar qəbul edilməlidir. Ölkənin paytaxtının infrastrukturunda və nəqliyyat sistemində elə bir bölüşmə və paylaşma aparmalıyıq ki, bu cür fəlakətli vəziyyət yaranmasın”.
Nərgiz Mirzəyeva,
KONKRET.az