Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda baş vermiş yanğın tam söndürülüb.
FHN-in Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 2400kv.m olan elektronika və digər malların saxlanıldığı anbar 360kv.m sahədə yanıb.
Anbarın böyük hissəsi yanğından mühafizə olunub, habelə yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda yanğın olması barədə ilkin məlumat daxil olub.
KONKRET.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
***
Bakıda anbarda baş verən yanğın şiddətlənib.
KONKRET.az bildirir ki, “Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əraziyə 6-a yaxın yanğınsöndürən avtomobili cəlb olunub.
İlkin məlumata görə, anbarda müxtəlif təyinatlı mallar saxlanılır. Yanğının şiddətlənməsinə səbəb alova həssas kompüter avadanlıqlarının yanmasıdır.
Ehtimala görə, yanğının baş verməsinə səbəb kimi qısaqapanma göstərilir.
***
Bakının daha bir ərazisində yanğın başlayıb.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, hazırda Nizami küçəsində, köhnə tikili yanır.
FHN-nin yanğınsöndürən maşınları hadisə yerindədir.
Məlumata görə, yanğın anbarda baş verib.