Sonra nə olacaq? Diz çökək və rüsvay olmuş Roma imperatoru kimi Papadan (oxu: Moskva) kömək diləyək? Qısa sükutdan sonra Rusiya yenidən Ermənistana qarşı təhdid və şantaj dilinə keçdi. Bu dəfə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin simasında “ağır artilleriya” döyüşə daxil olub. Bizdə bəzilərinə elə gələ bilər ki, bu gün Medvedyevin bütün səlahiyyətləri əlindən alınıb və onun hədələrinə məhəl qoyula bilməz. Bu, təhlükəli və yanlış təsəvvürdür – Medvedyev təkcə Rusiyanın keçmiş prezidenti və uzun müddət baş nazir olan şəxs deyil, həm də Rusiyanın hakimiyyət iyerarxiyasında Putinə ən yaxın adamlardan biridir. Bu o deməkdir ki, biz ən azı Moskvanın Medvedyev vasitəsilə bizə nəyi və hansı tonda dediyini nəzərə almalıyıq.
KONKRET.az xəbər verir ki, bunu erməni siyasi analitik Tevos Arşakyan deyib.
“Medvedyev “RİA Novosti” ilə söhbətində Paşinyanın Azərbaycan Prezidentinin sərt bəyanatlarından sonra ölkənin KTMT-yə üzvlüyünü xatırlayacağını istisna etməyib: “Saqqalını qırxdıran Paşinyan Ermənistanın KTMT-nin üzvü olduğunu xatırlasa, təəccüblənmərəm”. Gəlin, ondan başlayaq ki, Medvedyevin sözləri nəinki zəif gizlədilmiş təhdid, həm də Paşinyanın ölkənin KTMT-də iştirakını dayandırması ilə bağlı narazılığı ifadə edir. Keçən ilin sentyabrında Paşinyan hətta təşkilatı Ermənistanın təhlükəsizliyinə təhdid adlandırıb və onunla münasibətlərdə geri dönüş nöqtəsinin artıq keçildiyini bəyan edib. Xatırladaq ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu bəyanata cavab verərək bildirib ki, KTMT iştirakçı ölkələrin suverenliyini qorumaq üçün yaradılıb və heç bir təhlükə törətmir. Təbii ki, Ermənistanla bağlı absurd əsaslandırmadır. Nə 2016-cı ilin aprelində, nə 2020-ci ildə, nə də 2022 və 2023-cü ildə qorunmamışıqsa, burada hansı suverenliyin qorunmasından danışmaq olar? Baxmayaraq ki, təşkilatın bütün üzvləri Ermənistanın hərbi-siyasi yardıma ehtiyacı olduğunu açıq şəkildə görürdü.
Qayıdaq Medvedyevin hədələrinə. Şübhə yoxdur ki, bizə açıq şəkildə deyirlər ki, Ermənistan yeni müharibənin astanasındadır və biz sadəcə olaraq kömək üçün Moskvaya və KTMT-yə müraciət etməyə məcbur ola bilərik. Amma burada, ümumiyyətlə, bu köməyi görəcəyimizə ciddi şübhələrim var. Əminəm ki, hökumətimiz bunu başa düşür və buna görə də orada demokratlar administrasiya hələ də hakimiyyətdə olduğu halda, dünən Qərb tərəfdaşlarımızdan, ilk növbədə Fransa və ABŞ-dan təhlükəsizlik zəmanəti almalı idi. Hakimiyyət belə zəmanətlər alıbmı? Almayıblarsa, onda nə olacaq? Paşinyan və komandası ölkəni necə müdafiə edəcək? Realist olmalıyıq və başa düşməliyik ki, indiki şəraitdə Azərbaycana uzun müddət müqavimət göstərə bilməyəcəyik. Sonra nə olacaq? Diz çökək və rüsvay olmuş Roma imperatoru kimi Papadan (oxu: Moskva) kömək diləyək? İnanmaq istərdim ki, belə bir ssenari hakimiyyət tərəfindən əvvəlcədən hesablanıb və Paris, Vaşinqton, eləcə də Brüsselin operativ köməyinə ümid edə bilərik. Əminəm ki, bunu əldə edəcəyik – Ermənistan indiki geosiyasi qarşıdurmada Qərb üçün çox önəmlidir”, – o bildirib./axaraz