“Kibercinayət baş veribsə, bank kartını başqasına icarəyə verən də məsuliyyət daşıyır”.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib:
“Bizim kiber polislər bank kartları ilə əlaqəli kütləvi cinayətlər törədən bir neçə kibercinayətkarı yaxalayıb. Hiss olunur ki, böyük əməliyyatdır. Bu dəstə ən bank kartlarının məlumatlarını fişinq yolu ilə ələ keçirməklə kartlardakı vəsaitləri talayırlar. Yəni kiberdələduzlar bunu vətəndaşı şirnikləndirərək, onun inamını qazanaraq reallaşdıra biliblər. Problem yenə də daha çox vətəndaşın nə dərəcədə rəqəmsal savadlı olması, nə dərəcədə məlumatlı olması ilə əlaqəlidir”.
O bildirib ki, kibercinayətkarlar cinayətin ən çətin mərhələsini, yəni oğurlanan pulun özününküləşdirilməsi üçün kimdənsə icarəyə götürülən kartlardan istifadə edirlər:
“Bu kartlara köçürülən vəsaiti də kiberbirjalara yönəldiblər. Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi bildirib ki, kartını kibercinayətkarlara maddi maraq qarşılığında istifadəyə verən şəxs də həmin cinayətkar dəstələrin üzvü hesab edilir və qanun qarşısında məsuliyyət daşıyır. Düşünürəm ki, bu tip məqamları qanunvericiliklə də sərtləşdirmək doğru olardı”.
Aygün Mirakif,
KONKRET.az