Moskva itirir – Azərbaycan isə real güc əldə edir – Yeni xəritəbackend

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfin 74%, Ermənistanın isə 26% pay sahibi olacağı nəzərdə tutulur. Ermənistan hökumətinin məlumatına görə, şirkətin nizamnaməsi və səhmdarlar sazişi üzərində iş yekun mərhələyə yaxınlaşır.

TRIPP-in əsas məqsədlərindən biri Ermənistan ərazisi üzərindən multimodal və maneəsiz tranzit əlaqəsinin yaradılması, Azərbaycanla Naxçıvan arasında bağlantının təmin edilməsi, həmçinin Mərkəzi Asiya — Xəzər — Avropa istiqamətində yeni tranzit imkanlarının formalaşdırılmasıdır.

Bəs bu layihə Rusiyanın Cənubi Qafqazda və ümumilikdə Avrasiyada tranzit rolunu necə dəyişə bilər?

KONKRET.az xəbər verir ki, türk siyasi şərhçi Yaşar Onay açıqlamasında bildirib ki, TRIPP Rusiyanın Avrasiyadakı tranzit üstünlüyünü zəiflədə bilər, lakin Moskvanı logistika xəritəsindən tamamilə silmək real deyil: “Rusiyadan asılı olmayan yeni marşrut yaratmaq ilə Rusiyanı sistemdən tamamilə çıxarmaq eyni şey deyil. TRIPP Rusiyanın tranzit monopoliyasını zəiflədə bilər, amma onun tranzit imkanlarını ləğv edə bilməz.”

Ekspertin fikrincə, Cənubi Qafqaz səviyyəsində Rusiyanın qismən sıradan çıxarılması tamamilə mümkündür. ABŞ-ın TRIPP-in idarəetmə və maliyyə strukturundakı rolunun güclənməsi, Moskvanın illərdir öz təsir zonası hesab etdiyi regionda yeni siyasi-iqtisadi qaydanın formalaşması deməkdir.

Niyə Rusiyanı tamamilə çıxarmaq çətindir?

Onaya görə, daha geniş Avrasiya məkanında Rusiyanın tranzit sistemindən tam çıxarılması yaxın perspektivdə real görünmür. Bunun səbəbləri arasında Rusiyanın böyük bazarı, əhəmiyyətli enerji ehtiyatları və inkişaf etmiş dəmiryol şəbəkəsi göstərilir. Ekspertin fikrincə, Şimal dəhlizinin üstünlüklərindən biri marşrutun böyük hissəsinin bir ölkə ərazisindən keçməsidir ki, bu da bəzi hallarda daşımaları inzibati və logistik baxımdan asanlaşdırır.

Lakin TRIPP-in əsas təsiri başqa sahədə özünü göstərə bilər — Mərkəzi Asiya ölkələri alternativ əldə edəcək. Əgər Qazaxıstan, Özbəkistan və ya Türkmənistan artıq Moskvaya “başqa çıxış yolumuz yoxdur” demək məcburiyyətində qalmasa, Rusiyanın bu ölkələrdəki siyasi çəkisi də azalmağa başlayacaq.

Moskva TRIPP-ə necə cavab verə bilər?

Onaya görə, Rusiyanın layihəni birbaşa bloklamaq imkanları əvvəlki qədər geniş deyil, ona görə Moskva iqtisadi və logistik alətlərə üstünlük verə bilər: Şimal dəhlizi üzrə yük daşımaları tariflərinin azaldılması, gömrük prosedurlarının sürətləndirilməsi, Mərkəzi Asiya ölkələrinə güzəştli dəmiryol tarifləri təklif edilməsi, İranla birlikdə Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə və Xəzər limanlarına investisiyaların artırılması, həmçinin Azərbaycanla iqtisadi əlaqələrdən istifadə edərək TRIPP-in açıq-aşkar antirus layihəyə çevrilməsinin qarşısını almaq.

Ekspertin fikrincə, Moskva TRIPP-in İran sərhədinə yaxınlığını, Ermənistandakı daxili siyasi etirazları, infrastrukturun yüksək dəyərini və regional gərginliyi də daim gündəmə gətirməyə çalışa bilər.

Beləliklə, Onayın qiymətləndirməsinə görə, TRIPP-in əsas geosiyasi nəticəsi Rusiyanın Avrasiyada yeganə və əvəzolunmaz tranzit oyunçusu təsəvvürünün zəifləməsi ola bilər: “Moskva danışıqlar masasını tərk etməyəcək. Amma artıq marşrutu müəyyən edən yeganə aktor olmayacaq”.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*