Bankların “qara Çərşənbəsi”: “Azəricard”dan məhkəməyə şikayət verə bilər”backend

Bankların “qara Çərşənbəsi”: “Azəricard”dan məhkəməyə şikayət verə bilər”

“Aydındır ki, problem ayrı-ayrı banklarda yox, “Azəricard”da baş verib. Çünki problem bircə yox, bütün banklarda özünü göstərdi. Bu o deməkdir ki, təqsir sonuncularda deyil, prosessinq mərkəzindədir”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a iqtisadi mübahisələrdə ixtisaslaşmış vəkil Əkrəm Həsənov deyib.

O bildirib ki, iyunun 24-də baş verən hadisə zamanı zərər görmüş vətəndaşlar Azərbaycan Mərkəzi Bankına (AMB) və məhkəməyə müraciət edə bilərlər:

“Ola bilsin ki, “Azəricard”ın (“Azərikart”) prosessinq sistemi köhnəlib. Ya da üçüncü şəxslərin təsiridir. “Üçüncü şəxslər” dedikdə, hakerlər və kiberdələduzlar nəzərdə tutulur. Hər bir halda, məsuliyyət “Azəricard”dadır.

Son nəticədə iyunun 24-də mənfi hər hansı hadisə baş vermədi. Yəni ziyan o halda ola bilər ki, müştərilərdən kiməsə həmin an ödəniş, yaxud başqa bir məqsədlə təcili pul lazım olub və baş verən hadisə ucbatından həmin vəsaiti əldə edə bilməyib. Amma bunun əksi varsa, sübut edilməlidir. Vətəndaş belə bir halla qarşılaşıbsa və sübutu varsa, AMB-yə, yaxud məhkəməyə müraciət edə bilər”.

Ə.Həsənov əlavə edib ki, belə hallar bank kartlarından imtinaya sövq edir:

“Bu kimi hallar insanlar arasında bank kartlarından istifadə ənənəsinə ciddi zərər vurur. Xatırlayırsınızsa, ötən il kartlardan xeyli vəsait oğurlanırdı. Bütün bunlar vətəndaşlarda belə bir düşüncə formalaşdırır ki, bank kartlarından istifadə risklidir. Azərbaycanda nəinki bank kartları, ümumiyyətlə informasiya texnologiyalarına etimad xeyli aşağıdır. Çünki onlayn sistemlər xeyli zəifdir. İnsanları elektron xidmətlərin əsirinə çevirmək olmaz”.

Vəkil vurğulayıb ki, vahid onlayn sistemin yaradılması əsas şərtdir:

“Belə halların qarşısını almaq üçün bütün dövlət qurumları və sahələr üzrə vahid onlayn pəncərə sistemi olmalıdır. Hər bir qurum ayrıca sistem yaratmamalıdır. Vahid sistemə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzarət etməlidir. Sabah problem baş verəndə də biz bilməliyik ki, kimə müraciət edək. Adından da görünür ki, bu sahə məhz həmin nazirliyin sahəsidir. Doğrudur, özəl bankları icbari olaraq vahid sistemə cəlb etmək olmaz. Amma özəl banklar üçün də standartları nazirlik müəyyən etməlidir. Elektron sistemlər vaxtaşırı inkişaf tələb edir. Banklar və dövlət qurumlarının əsas problemi isə budur ki, onlar bu sistemlərin yenilənməsinə pul qoymaq istəmirlər”.

Xatırlatma: iyunun 24-də bir çox bankın bəzi kart əməliyyatları ilə bağlı texniki problem yaranıb. Texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Məsələ ilə bağlı “Azəricard” Prosessinq Mərkəzindən verilən açıqlamaya görə, bu hal banklararası hesablaşma fayllarının emalı zamanı “Azəricard”dan asılı olmayan texniki səbəbdən baş vermiş təkrarlanmalarla bağlı yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*