Sentyabrın 3-də Avropa Parlamentinin Kiprdən olan keçmiş üzvü Eleni Thecocharous (Eleni Teoxarus) Qarabağa növbəti dəfə qanunsuz səfər edib. Ona görə “növbəti” yazırıq ki, yunan deputat işğal dönəmində Xankəndini “su yolu”na döndərmişdi, az qala separatçılarla bərabər yatıb-dururdu.
Təkcə 1992-1999-cu illərdə o, 19 dəfə Ermənistanda və Qarabağ ərazisində müxtəlif “humanitar yardım missiyaları”nın iştirakçısı olub. Ondan sonrakı dönəmdə də kifayət qədər “aktiv” olub. Yəni ömrünü ermənilərə həsr eləmiş birisidir. Avropa institutlarında da erməni maraqlarını ən aktiv müdafiə edənlərdəndir. Bundan əvvəl 2018-ci ilin sentyabrında Qarabağ ərazisinə qanunsuz səfər etmişdi. Daha doğrusu, Avropa Parlamentinin Kiprdən olan digər üzvləri Yorqas Perdikis, Mikayis Qiorgalas və Kiprin Erməni Milli Konqresinin rəhbəri Nairi Muradyanun olduğu heyətə rəhbərlik etmişdi. Bundan əlavə, Belçikada erməni lobbisinin dəstəyi ilə keçirilən əksər tədbirlərin sponsorlarından olub.
Xankəndiyə son gəlişi ilə bağlı özünün twitter hesabında paylaşımlar edən E.Theocharous xüsusi missiya ilə Qarabağa gəldiyini bildirib və “Artsax xalqının xilası üçün hər kəsi töhfə verməyə” çağırış edib. Xüsusilə də onun bu ərazini “Qafqazda olan ikinci Qəzza zolağı” adlandırması erməni mətbuatında geniş əks-səda doğurub. E.Theocharous döyüşlər zamanı Şuşadan çıxarılaraq Xankəndinə gətirilmiş iki rəsm əsərini, həmçinin döyüşlər zamanı itkin düşmüş şəxslərin ailələri ilə olan şəkillərini paylaşıb. Ermənilərin ovcundan illərdir su içən bu deputat növbəti paylaşımında yuxularını bölüşüb: Şuşa şəhərinə əfqan qaçqınlarının yerləşdiriləcəyini, habelə Talibanın Ağdama cihadçıları gətirəcəyini iddia edib. Yəni sərsəmləyib. Necə ki, ermənilər 44 günlük savaş günlərində Azərbaycana Suriyadan döyüşçülərin gətirildiyi barədə saxta iddiaları dövriyyəyə buraxırdılar. Atı atın yanında bağlayanda…

Diqqət edəndə görürük ki, yunan deputatın Qarabağa səfəri adətən sentyabr ayına “təsadüf” edib.
Əvvəlki səfərlərində Xankəndi şəhərinin kukla “meri” Suren Qriqoryan Eleniyə şəhərin “fəxri vətəndaşı” statusunun verildiyini bildirmişdi. Xanın şəhərinin “fəxri”sinə baxın! Bunu “Hippokrat andı” kəssin, illər boyunca guya Qarabağda “cərrahiyyə əməliyyatları”, “humanitar missiya” həyata keçirmək adı altında ərazilərimizə gələn kiprli həkim-deputata “xidmətlərinə görə Dağlıq Qarabağın şərəf qızıl medalı” da verib erməni terrorçuları. Faktiki olaraq separatçılığı, terroru stimullaşdırıb. E.Theocharous Xankəndidə olduğu zaman Paşinyanın partiyasından olan deputatları daşa basmışdı ordakı ermənilər, “rədd olun, bizim uşaqları siz qırdırdınız”- deyərək. Əslində 44 günlük döyüşlərdə məhv edilən, amma hələ tikəsi belə, tapılmayan ermənilərə görə həm də belələrini daşa basmalıydılar. Vaxt gələr, başa düşərlər…
Şübhəsiz ki, bu il də Qarabağdakı qondarma qurumun “müstəqillik” tədbirlərində iştirak etmək üçün gəlibmiş. Amma bu dəfə “kabab iyinə gəldi, gördü ki, eşşək dağlayırlar”. Ermənilər özləri can hayındadır, Xankəndidəki bir ovuc erməni su dilənir, iş üçün Şuşadakı Azərbaycan hərbçilərinə minnətçi düşür, Türkiyə-Azərbaycan ordusu Laçında (!) hərbi təlimlər keçirir, həmin bu Theocharous ala qarğa statusunda ortalığı qarışdırmaq istəyir. Reallıq hissini bu qədər itirmiş birisi!
Oxucularımıza xatırladaq ki, E.Theocharous ixtisasca həkim olsa da, özünün həkim müalicəsinə ciddi şəkildə ehtiyacı var, gözlərinin korluğuna, qulağının karlığına görə… Əks təqdirdə görərdi, bilərdi ki, Xankəndi daxil, Qarabağ Azərbaycandır!
Kiprin “Həmrəylik hərəkatı” partiyasının, Avropa Konservativlər və Reformistlər siyasi qrupunun üzvü olan bu şəxs Allah qoymasa, Avropa Parlamentinin Kiprdən olan nümayəndəsi, Avropa İttifiaqı – Ermənistan Dostluq qrupunun prezidentidir. 2001-ci ildə Limasol bölgəsindən Kiprin Nümayəndələr Palatasına üzv olaraq seçilməklə siyasi proseslərə qatılan kiprli deputat 2009-cu ildən sonra Avropa Parlamentində Avropa Xalq Partiyası siyasi qrupunun üzvü kimi fəaliyyətə başlayıb. O vaxtdan bütün potensialını təkcə yunanlara deyil, həm də ermənilərə xidmətə həsr edib.
Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağa qanunsuz səfər edənlərdən biri olaraq hələ illər öncə E.Theocharousun adını özünün tərtib etdiyi “qara siyahısı”na – ölkəyə “girişi arzu olunmayan şəxslər siyahısı”na daxil edib. Erməni diasporunun sifarişi əsasında qanunlarımızı həyasızcasına pozan yunan deputatının hərəkətləri ilə bağlı Respublika Prokururluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət işi açıldığı və İnterpola sorğu göndərildiyi barədə də xəbərlər yayılmışdı.
Mətbuatın vaxtilə yazdığına görə, E.Theocharousun və Azərbaycanın işğal altındakı ərazilərinə Ermənistan vasitəsilə qanunsuz gələn digər əcnəbilərin səfərlərini erməni lobbi dairələri, xüsusilə də Brüsseldə fəaliyyət göstərən və brilyant alveri ilə məşğul olan erməni əsilli Yunanıstan vətəndaşı Kaspar Karampetyan təşkil edib. Karampetyanla şübhəli, hətta cinayət xarakterli əlaqələri olan yunan deputat mənfur əməllərinə görə Ukrayna və Albaniyada da “qara siyahı”ya salınıb, bu ölkənin konstitusiyasına, təhlükəsizliyinə və ictimai asayişinə təhlükə yaradan ekstremist və nifrət saçan çıxışlarına görə…

On illər boyunca beynəlxalq təşkilatlarda, aparıcı paytaxtlarda Qarabağ məsələsinə ikili standartlarla yanaşmaların olmasından şikayətləndik. Avropa Parlamenti də bu ədalətsizliyin önündə gedirdi, Azərbaycan dəfələrlə kəskin şəkildə etirazını ifadə etdi bunun qarşılığında. İstisna hallarda öz simasını qorumağa çalışaraq Ermənistana “Qarabağa əsgər göndərmə” məzmunlu qətnamə qəbul edən AP rəhbərliyi bir qrup deputatının həftə səkkiz, mən doqquq Qarabağda nə axtardığı ilə maraqlanmadı, onlarla qarşı hər hansı cəza tədbiri görmədi. Təbii ki, erməni diasporundan qidalanan theocharousların sayəsində ədalət hissi arxa plana keçdi bu qurumda. Amma yenə də dayanmırlar, Azərbaycan əsgəri Şuşadan üzü aşağı, Xankəndinə baxdığı və tezliklə Xanın şəhərinə enmək əmri gözlədiyi günlərdə…
E.Theocharousun Xankəndidəki separatçıları və terrorçuları müdafiə üçün həyatını riskə atmasının həm də başqa səbəbi var: erməni təsiri və təəssübkeşliyi bir yana, kiprli deputat başdan-ayağa Türk düşmənidir, fəaliyyəti boyu bunu isbat edib.
2016-cı ildə Kipr adası məsələsilə bağlı yumşaq siyasətini qəbul etmədiyi Demokratik Yürüş (Disy) Partiyasını tərk edən və özünün millətçi Həmrəylik Hərəkatı Partiyasını quran bu, Türk düşməni “Kipr Respublikasını xilas edək” şüarı çağırışı ilə fəaliyyət göstərib. AP üzvü olaraq da daim Türkiyəyə qarşı radikal çıxışları ilə diqqət çəkən yunan deputatın Avropa Komissiyasına ünvanladığ sualların əksəriyyəti məhz Türkiyə əleyhinə olub! Konkretləşdirsək, Türkiyə və Azərbaycanın “daşı ilə əlləşib”.
Sözsüz ki, bu, bir-iki yunan deputatın özfəaliyyəti deyil. Öz aləmində yunanlar və ermənilər Türkiyə-Azərbaycan-Quzey Kipr Türk Cümhuriyyətinə – “Bir millət, üç dövlət”ə qarşı koalisiya qurmağa cəhd edirlər. Təsadüfi deyil ki, 2020-ci ilin 2 sentyabrında Azərbaycan Prezidenti Yunanıstan səfirinin etimadnaməsini qəbul edərkən kifayət qədər açıq mətnlə “Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”-demişdi. Dövlət başçımız həmçinin demişdi ki, “məndən eşitməyinizi istədiyim ikinci məsələ Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığımızdır”.
Kipr 44 günlük müharibədən əvvəl də, müharibə günlərində də daim Azərbaycana problemlər yaratmağa çalışıb, hətta Azərbaycana qarşı döyüşənlərin içərisində kiprlilərin də olduğu, Qarabağa silah-sursat göndərildiyi barədə də məlumatlar yayılmışdı.
Üstəlik, dünyanın Quzey Kipr Türk Cümhuriyyətinə qarşı ədalətsiz qərar qəbul etməsi və yunan Kiprinin dövlət statusu qazanması Avropa Parlamenti və AŞPA-da terrorçu Ermənistana dəstək verənlərin sırasına daha biri əlavə olundu. Üstəlik, Kipr hər zaman Avropa İttifaqı – Azərbaycan əlaqələrinə xələl gətirməyə çalışıb, Avropa Parlamentdəki kiprli deputatların fəaliyyətindən yuxarıda bəhs etdik. Ötən ay Kiprin APOEL futbol klubu ilə qarşılaşan “Qarabağ”a qarşı erməni-yunan mövqeli alçaq hərəkət bunu göstərir ki, hətta idmanı da namərdcəsinə siyasiləşdirirlər. Düzdür, Kiprdəki erməni diaspora təşkilatları Türkiyə və Azərbaycana qarşı çox aqressivdir. Qarabağda pulların köçürülməsindən tutmuş, dəstək aksiyalarına qədər hər cür addımlara gediblər, təki bu torpaqlar Azərbaycandan qoparılsın. Amma Kipr hökumətinin beynəlxalq qanunların pozulmasına heç vaxt təpki verməməsi elə rəsmi Nikosiyanın da mövqeyini əks etdirir.
Yay aylarında Azərbaycanın deputat qrupunun Şimali Kipr Türk Cümhuriyyətinə ilk dəfə rəsmi səfər etməsi yunan Kiprində narahatlıq və etiraz doğurmuşdu. 30 il ərzində rəsmi və ya qeyri-rəsmi şəxslərinin Qarabağa qanunsuz səfərlərinə göz yumanların Azərbaycan-QKTC əlaqələrinə etiraz etməyə zərrə qədər də haqqı yoxdur! Theocharous son 7 ildə Qarabağa 9 səfər edib, Kipr o vaxtlar niyə narahat olmurdu?!
Bir də ki, deyən gərək: Bakı-Lefkoşa əlaqələrindən çox narahatsan, Nikosiya, onda Theocharous kimilərini “ayağına bağla!” Bağlamasan, günün birində bloger Lapşin kimi qolubağlı təyyarə trapından düşürülən görəcəksiniz…
Elşad PAŞASOY
