“Bayden kumir seçiləcək adam deyil, 79 yaşı var, xəstə olsa da, təcrübəlidir” – ABŞ prezidenti nəyi və necə dəyişəcək?backend

“Bayden kumir seçiləcək adam deyil, 79 yaşı var, xəstə olsa da, təcrübəlidir” - ABŞ prezidenti nəyi və necə dəyişəcək?

“Ölkədə qütbləşmə o qədər dərinləşib ki, bütvlükdə vətəndaş həmrəyliyinin yaradılması hələ ki çətin görünür”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın yeni prezidenti Co Baydenin andiçmə mərasimindəki çıxışında verdiyi mesajları dəyərləndirən politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Baydenin fəaliyyətinin ilkin dövrü sabiq prezident Donald Trampın siyasətini korrektə etməyə həsr olunacaq:

“Co Bayden artıq Trampın qəbul etdiyi ABŞ-ın iqlim və nüvə sazişindən çıxması haqda qərarını ləğv edərək, yenidən o formatlara qayıtdı. Bu addımların ABŞ üçün nə qədər faydalı, yaxud zərərli olduğunu zaman göstərəcək.

Xatırlayırsızsa, ABŞ-da Trampa “dəli Tramp” deyirdilər. Mən də bu yanaşma ilə razıyam. Bayden “dəli” Trampın qərarlarını ləğv etməyə başlayıb. Lakin o da hələ ki Trampın ABŞ səfərliyinin Qüdsə köçürülməsi və Fələstin-İsrail danışıqlarının vəziyyəti kimi məsələlərə toxunmur.

İndiki şəraitdə Bayden Rusiyaya daha çox sanksiyaların tətbiq olunması ilə məşğuldur. Bildiyiniz kimi, Obama və Tramp dönəmində ABŞ-Türkiyə münasibətləri əhəmiyyətli dərəcədə korlanıb. Zənnimcə, bu istiqamətdə müəyyən addımlar atılacaq. Eyni zamanda, Bayden Trampın bəzi müsəlman ölkələri vətəndaşlarının ABŞ-a gəlişini qadağan edən qərarını da aradan qaldırıb.

Açığı, Bayden ABŞ-ı daha şəffaf, demokratik göstərən siyasət yürütməyi hədəfləyib. Ancaq ABŞ-da qütbləşmə o qədər dərinləşib ki, bütvlükdə vətəndaş həmrəyliyinin yaradılması hələ ki çətin görünür. Dünyada da çox ciddi qütbləşmə gedir, beynəlxalq səviyyədə ciddi problemlər var.

Bununla belə, Baydeni güclü şəxsiyyət hesab etmirəm. Obama dövründə vitse-prezident olub, dövlət idarəçiliyi təcrübəsi var. O səbəbdən də, Obama və Klinton dövründəki kadrları öz komandasına daxil edir. Baydeni daha çox zəif, komandasının əl-ayağını yığışdıra bilməyəcək bir lider kimi görürəm.

Trampın ABŞ cəmiyyətinə vurduğu zədələri sağaltmağa Baydenin gücü və vaxtı çatacaqmı? Bu da qeyri-müəyyəndir. ABŞ-da vətəndaş qarşıdurması dərinləşməkdədir, ona görə də vəziyyət xeyli gərginləşə bilər”.

Politoloq belə düşünür ki, Baydenin ABŞ-ın beynəlxalq nüfuzunu yüksəldəcəyi inandırıcı deyil:

“ABŞ superdövlət kimi dünyanın bütün bölgələrinə nüfuz etmək imkanını ya itirib, ya da itirmək üzrədir. Belə görünür ki, Bayden həmin imkanı bərpa edə bilməyəcək.

Digər tərəfdən, Baydenin seçkiqabağı kampaniyada olduğu kimi, Türkiyəyə qarşı səsləndirdiyi təhdidləri bundan sonra da təkrarlaması çətin olacaq. Güman edirəm ki, Bayden Türkiyənin Rusiyadan S-400 raket kompleksləri alması ilə barışacaq. Həmçinin F-35-lərin Türkiyəyə satılmasına da razılıq verəcək.

Bayden Avropaya Trampsayağı həqarətlə yox, sevimli müttəfiqləri kimi yanaşır. Azərbaycan isə o sevimli müttəfiqlərə neft və qaz göndərir, logistika yaradır, “İpək yolu” layihəsində çox aktiv iştirak edir. ABŞ bütün bunları nəzərə almaya bilməz. O baxımdan, ABŞ tərəfindən Azərbaycana qarşı hər hansı bir təhdid görmürəm. Əksinə, ABŞ Azərbaycanla əlaqələri daha da inkişaf etdirməyə çalışacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*