“Əgər əsgərlərimiz nəyin uğrunda vuruşduğumuzu başa düşsəydilər, heç bir müharibə aparmaq mümkün olmazdı.”
— II Fridrix
“Casus belli” – müharibəyə bəhanə…
1856-cı il oktyabrın 8-də Çinin polis əməkdaşları Britaniyaya məxsus “Errou” gəmisinə qalxdılar. Onlar piratlıqda və Britaniya bayrağından qanunsuz istifadədə şübhəli bilinən 12 çinli ekipaj üzvünü həbs etdilər.
Sonradan məlum oldu ki, şübhələrin müəyyən əsası varmış. Dənizçilərdən birinin tanınmış piratın atası olduğu üzə çıxdı, gəminin ekipajı qaçaqmalçılıqla məşğul idi. Üstəlik, gəminin Britaniya bayrağı altında üzmək hüququ da artıq başa çatmışdı – onun qeydiyyat sənədinin müddəti sentyabr ayında bitmişdi.
Lakin bütün bunlar artıq heç nəyi dəyişmirdi.
Tarixə İkinci İngiltərə-Çin müharibəsi, yaxud İkinci Tiryək müharibəsi kimi düşən qarşıdurmanı dayandırmaq mümkün olmadı. Qərb tarixşünaslığında bu müharibə həm də “Errou müharibəsi” adlandırılır.
Əslində isə müharibənin arxasında daha böyük maraqlar dayanırdı: Britaniyanın Çin ərazisində ticarət imkanlarını genişləndirmək və ilk növbədə tiryək ticarətinə tam hüquqi və maneəsiz çıxış əldə etmək.
Çünki tarixdə çox vaxt əsas məsələ gördüyümüz deyil, görünməyən tərəfdir.
Bayraq – müharibəyə “qanuni” bəhanə
Britaniya üçün “Errou” insidenti müharibəyə başlamaq üçün ideal hüquqi və diplomatik bəhanəyə çevrildi.
Britaniyanın Çindəki konsulu Harri Parkes Çin hakimiyyətini Britaniya bayrağına təhqiramiz münasibətdə ittiham etdi. İddiaya görə, Çin polisi gəminin bayrağını endirmiş və hətta onu ayaqları altında tapdalamışdı. Bundan başqa, Pekinin Britaniya vətəndaşlarının toxunulmazlığına dair eksterytoriallıq prinsipini pozduğu bildirildi.
Britaniya tərəfi rəsmi üzr tələb etdi.
Sonralar hadisənin bəzi təfərrüatlarının şişirdildiyi və ya təhrif edildiyi ortaya çıxsa da, artıq əsas məqsəd üçün lazım olan bəhanə əldə edilmişdi.
Müharibənin əsl səbəbi isə ticarət maraqları, xüsusilə də tiryək bazarına çıxış uğrunda mübarizə idi.
Fransa da müharibəyə qoşuldu
Bir müddət sonra Fransa da Çinə qarşı müharibəyə qoşuldu.
Paris öz müdaxiləsi üçün başqa bir bəhanə irəli sürdü – Quansi əyalətində fransız katolik missioneri Ogüst Şapdelənin edam edilməsi.
Fransanın rəsmi arqumenti xristianlığın müdafiəsi, missionerin ölümünə görə qisas və müttəfiq Britaniyaya dəstək idi.
Əslində isə böyük dövlətlərin maraqları bir-birinə çox yaxın idi: Çin bazarlarına daha geniş çıxış əldə etmək və Pekini Avropa dövlətlərinin tələblərinə tabe etdirmək.
“Sivilizasiya” adı altında müharibə
Daha maraqlısı isə həmin dövrün mətbuatının bu hadisələri necə təqdim etməsidir.
Britaniyada hökumətyönlü mətbuat hakimiyyətin mövqeyini fəal şəkildə müdafiə edirdi. Təbliğatın əsas xətti “sivilizasiya” və patriotizm üzərində qurulmuşdu.
Çinli məmurlar “barbar”, “xəyanətkar” və “mədəniyyətsiz” kimi təqdim edilir, onların Britaniya imperiyasına birbaşa təhqir etdiyi yazılırdı. Guya Çin hakimiyyəti “Errou” gəmisində Britaniya bayrağını endirib və ayaqlar altında tapdalayaraq imperiyanı təhqir etmişdi.
Mətbuat Çin imperiyasını geridə qalmış, qapalı və qəddar dövlət kimi təsvir edir, onu “beynəlxalq hüquqa hörmət etməyə” və Avropa diplomatiyasının qaydalarını qəbul etməyə məcbur etməyin vacibliyindən yazırdı.
Maraqlıdır ki, bu yazılarda “tiryək” sözü demək olar ki, ümumiyyətlə çəkilmirdi.
Müharibə tiryək ticarətinin müdafiəsi kimi deyil, guya “azad ticarət və qanunçuluq uğrunda mübarizə” kimi təqdim edilirdi.
Lakin bütün bunların fonunda həqiqəti söyləyənlər də vardı.
Bəzi nəşrlər açıq şəkildə yazırdı ki, müharibə narkotik tacirlərinin maraqlarına xidmət edir, bayraq məsələsi isə sadəcə bəhanədir.
Onların fikrincə, münaqişənin əsl səbəbi tacirlərin tamahkarlığı, tiryək qaçaqmalçılığından böyük gəlirlər əldə etmək istəyi və Çin bazarlarını zor gücünə xarici ticarətə açmaq cəhdi idi.
Fransada da mənzərə fərqli deyildi
Fransada isə mətbuat əsasən imperator III Napoleonun mövqeyini təbliğ edirdi.
Rəsmi arqument xristianlığın müdafiəsi, “şəhidlərin qisasının alınması” və müttəfiq Böyük Britaniyaya dəstək idi.
Təbliğatın mahiyyəti belə idi: “Böyük Fransa Çin fanatiklərinə qarşı çıxır və əsas müttəfiqi Böyük Britaniya ilə çiyin-çiyinə dayanaraq böyük dövlət kimi öz missiyasını yerinə yetirir.”
Beləliklə, iqtisadi maraqlar, geosiyasi ambisiyalar və hərbi güc “ədalət”, “sivilizasiya”, “azad ticarət” və “xristianlığın müdafiəsi” kimi yüksək səslənən şüarlarla ört-basdır edilirdi.
Heç nə dəyişmir – yalnız texnologiyalar dəyişir
Tarix bəzən qəribə şəkildə təkrarlanır.
Əsrlər keçir, silahlar dəyişir, informasiya texnologiyaları inkişaf edir, təbliğatın forması yenilənir. Amma müharibəyə aparan mexanizmlər çox vaxt eyni olaraq qalır:
Əvvəl maraq yaranır. Sonra bəhanə tapılır. Daha sonra ictimaiyyətə “ali məqsəd” izah edilir. Ardınca isə müharibə başlayır.
Bu baxımdan “Tiryək müharibəsi” haqqında kitabda yer alan bəzi fikirlər də düşündürücüdür:
– Müharibə kimin haqlı olduğunu müəyyən etmir. Kimin sağ qalacağını müəyyən edir.
– Həvəskarlar strategiya haqqında düşünürlər, peşəkarlar isə logistikanı hesablayırlar.
– Onlar hücum edir, biz müdafiə olunuruq. Günün sonunda kim sağ qalacaqsa, qalib də o olacaq.
– Uşaqlar əllərinə qılınc aldıqları anda artıq uşaq olmaqdan çıxırlar.
– Yalnız hər bir canlı səma nizamına hörmət etdikdə sülh bərqərar ola bilər.
Tarixin acı ironiyası isə budur:
Hərbi təcavüz və adi qarət çox vaxt “bərabərhüquqlu sülh”, “azadlıq”, “sivilizasiya”, “qanunun aliliyi” və “sülhməramlı missiya” kimi yüksək səslənən ifadələrlə yanaşı addımlayır.
Və bütün bu böyük sözlərin altında isə ən ağır yükü həmişə olduğu kimi adi insanlar daşıyır.
Hazırladı Ağagül Mürsəlov,
KONKRET.az
