Onun adı Mario Püzo idi. “Xaç atası” romanını yazana qədər isə demək olar ki, tanınmırdı. Adi bir yazıçı idi. Kitabları geniş oxucu kütləsinin diqqətini cəlb etmirdi. Borc içində yaşayırdı, beş uşağı vardı, qumar oynayır və tez-tez uduzurdu. Nəticədə on minlərlə dollar borca düşmüşdü.
Bir gün “Xaç atası” romanını yazmağa başladı. Məqsədi heç də böyük ədəbiyyat yaratmaq deyildi. Sadəcə pul qazanmaq, borclarını qaytarmaq istəyirdi. Sonralar özü də bunu gizlətmirdi:
“Mən bu kitabı pul üçün yazdım. Onun böyük ədəbiyyat nümunəsinə çevriləcəyini düşünmürdüm”.
Roman 1969-cu ildə nəşr olundu və qısa müddətdə ABŞ-da əsl sensasiyaya çevrildi. “The New York Times” qəzetinin bestseller siyahısında 67 həftə qaldı. Oxucular kitabı əldə etmək üçün növbələrə düzülürdülər. Onu metroda, təyyarədə, çimərlikdə – hər yerdə oxuyurdular. Hamı eyni personajlardan danışırdı: Don Vito Korleone, Maykl Korleone və əlbəttə, kino tarixinin ən məşhur ifadələrindən biri:
“Ona elə bir təklif edəcəyəm ki, ondan imtina edə bilməyəcək”.
Hollivud da bu uğuru diqqətdən kənarda qoya bilməzdi. Paramount kinostudiyası romanın ekranlaşdırma hüquqlarını aldı. Rejissor kürsüsünə isə o vaxt hələ geniş tanınmayan, 31 yaşlı Frensis Ford Koppola dəvət edildi. Ona verilən tapşırıq sadə səslənirdi: mafiya haqqında film çəkmək.
Lakin qarşıda mühüm bir sual dayanırdı: ssenarini kim yazacaq?
İlk baxışdan cavab aydın idi: romanın müəllifi Mario Püzo. Axı öz yaratdığı personajları ondan yaxşı kim tanıya bilərdi?
Ancaq bir problem vardı. Püzo ssenari yazmağın qaydalarını bilmirdi.
O, həyatında heç vaxt kino ssenarisi yazmamışdı. Roman yazırdı. Roman isə tamam başqa dünyadır. Orada müəllif qəhrəmanın düşüncələrini, uşaqlığını, xatirələrini, hisslərini, hətta ətrafdakı qoxuları belə səhifələrlə təsvir edə bilər. Ssenari isə fərqli dil tələb edir: dialoqlar, səhnələr, hərəkətlər, məkan və zaman göstəriciləri. Hər detal ekran üçün nəzərdə tutulmalıdır.
Bir sözlə, roman yazmağı bacaran Püzo ssenarinin necə qurulduğundan xəbərsiz idi.
Buna baxmayaraq, Koppola onunla işləməkdə israrlı idi. Rejissor hesab edirdi ki, Don Vito Korleonenin xarakterini, Mayklın daxili dünyasını və personajların davranışlarının arxasında dayanan səbəbləri məhz Püzo anlaya bilər.
Koppolanın mövqeyi təxminən belə idi: “Mənə sən lazımsan. Mayklın niyə susduğunu yalnız sən bilirsən. Donun pişiyi sığallayarkən nə düşündüyünü yalnız sən anlayırsan. Mən sənə ssenarinin formasını öyrədəcəyəm, sən isə ona ruh verəcəksən”.
Nəhayət, Püzo rejissorun təkidi ilə razılaşdı və işə başladı.
O, yazı makinasının arxasına keçdi. Köhnə, ağır, lentli yazı makinası… Və bacardığı kimi yazmağa başladı. Roman üslubunda. Uzun cümlələr, təsvirlər, qəhrəmanların düşüncələri, daxili monoloqlar…
Əslində, bu, ssenari yazmaq üzrə dərsliklərdə tövsiyə olunan qaydalara heç də uyğun gəlmirdi. Amma nəticə gözləniləndən də möhtəşəm oldu.
1972-ci ildə “Xaç atası” filmi ekranlara çıxdı. İki il sonra isə onun davamı – “Xaç atası 2” nümayiş etdirildi. Hər iki film dünya kinosunun klassikasına çevrildi.
Mario Püzo bu filmlərin ssenarilərinə görə Oskar mükafatına layiq görüldü. O, Frensis Ford Koppola ilə birlikdə “Xaç atası”nın ssenarisinə görə 1973-cü ildə, “Xaç atası 2″nin ssenarisinə görə isə 1975-ci ildə “Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyasında Oskar qazandı.
Beləliklə, ssenari yazmağı heç vaxt öyrənməmiş bir yazıçı iki dəfə kino sənayesinin ən nüfuzlu mükafatlarından birinə sahib oldu.
Təsəvvür edin: bir işi necə görmək lazım olduğunu bilmirsiniz. Bunun qaydalarından xəbəriniz yoxdur. Amma başlayırsınız, özünüzə xas üsulla işləyirsiniz və nəticədə dünyada ən yaxşılar sırasında yer alırsınız. Üstəlik, bunu bir dəfə deyil, iki dəfə bacarırsınız.
Lakin bu hekayənin ən maraqlı və bir qədər də ironik məqamı bundan sonra başlayır.
Artıq iki Oskar qazandıqdan, iki əfsanəvi filmin ssenarisinin müəlliflərindən birinə çevrildikdən sonra Püzo qərara gəlir ki, nəhayət, ssenari yazmağın peşəkar qaydalarını öyrənməyin vaxtıdır. O, kitab mağazasına gedərək ssenari sənəti haqqında qalın, nəzəriyyə ilə dolu bir dərslik alır.
Evə qayıdır, kitabı açır və birinci fəslə nəzər salır.
Orada isə belə yazıldığını görür: “Xaç atası” filminin ssenarisini diqqətlə öyrənin.
Vəssalam!
Dünya ssenaristlərinə kino ssenarisinin necə yazılmalı olduğunu öyrədən kitab dərsə məhz Mario Püzonun əsəri ilə başlayırdı. Ssenari yazmağı öyrənmək üçün kitab alan adam isə həmin kitabda nümunə kimi göstərilən ssenarinin müəllifi idi.
Bu hekayənin əsas məğzi də elə bundadır.
Şedevr yaratmaq üçün mütləq diplom sahibi olmaq lazım deyil. Bəzən qaydaları öyrənməkdən əvvəl öz səsini tapmaq daha vacibdir. Sən yaratdığın qəhrəmanları tanımalı, hansı hissləri çatdırmaq istədiyini bilməli və bacardığın kimi yazmağa başlamalısan. Səmimi, inamla və ürəkdən.
Mario Püzo pul qazanmaq üçün yazmağa başlamışdı. Amma nəticədə kino və ədəbiyyat tarixində iz qoydu. O, qaydaları bilmədən yazdı və özü də bilmədən qaydaya çevrildi.
Bəzən böyük uğurun sirri hər şeyi əvvəlcədən bilməkdə deyil, heç kimin etmədiyi kimi cəsarətlə başlamaqdadır.
Qeyd edək ki, Mario Püzo “Xaç atası” filminin ssenarisinə görə Oskarı təkbaşına deyil, Frensis Ford Koppola ilə birlikdə qazanıb. Həmçinin hər iki filmin ssenarisi üzrə mükafatlar 1973 və 1975-ci illərdə təqdim edilib.
Ağagül Mürsəlov,
KONKRET.az
