İran və ABŞ arasında mümkün danışıqların gündəliyini Tehranın daha əvvəl irəli sürdüyü “yeddi günlük plan”ın şərtləri təşkil edir.
KONKRET.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera” telekanalına müsahibəsində bildirib.
Əraqçinin sözlərinə görə, hazırda müzakirə masasında olan təklif İranın daha əvvəl təqdim etdiyi və “yeddi günlük plan” kimi tanınan təşəbbüsdür. Planda Hörmüz boğazının açılması ilə bağlı Tehranın şərtləri yer alır. İranın tələbləri yerinə yetiriləcəyi təqdirdə, altıncı gün boğazın açılması, yeddinci gün isə ABŞ ilə danışıqların bərpası nəzərdə tutulur.
Nazir müsahibəsindən sitatları “Telegram” kanalında paylaşaraq planın Nyu-Yorkda, BMT Baş Assambleyasının iclası zamanı təqdim edildiyini xatırladıb.
Əraqçi təşəbbüsün bəzi detallarını da açıqlayıb:
“Birinci gün ABŞ tərəfindən bir sıra tədbirlər görülür, ikinci gün isə Hörmüz boğazı açılır və gəmi hərəkəti əvvəlki vəziyyətinə qayıdır”.
Onun bildirdiyinə görə, Vaşinqtonun yerinə yetirməli olduğu tələblər İslamabad Anlaşma Memorandumunda əksini tapıb. Sənədin 9-cu bəndində ABŞ-nin yeni sanksiyalar tətbiq etməməsi və regiondakı hərbi qüvvələrinin sayını artırmaması nəzərdə tutulub.
İran tərəfi memorandumdan sonra tətbiq edilmiş yeni sanksiyaların ləğvini, ABŞ hərbi qüvvələrinin azaldılaraq əvvəlki səviyyəyə qaytarılmasını və mühasirənin aradan qaldırılmasını tələb edir. Əraqçi həmin dövrdə nəzərdə tutulan neft istisnalarının da müzakirə mövzularından biri olduğunu bildirib. Nazir digər tələblərin yazılı sənəddə əksini tapdığını qeyd edib.
XİN rəhbərinin sözlərinə görə, Hörmüz boğazında gəmi hərəkəti üçün İran və Oman arasında razılaşdırılmış yeni marşrut qəbul edilməli, cənub istiqamətindəki digər marşrutlar isə bağlanmalıdır.
Əraqçi vurğulayıb ki, Tehranın şərtləri yerinə yetirildikdən və Hörmüz boğazı açıldıqdan sonra İranla ABŞ arasında danışıqların bərpası mümkün olacaq.\\globalinfo.az
