Kaliqulanın atından papanın filinə: Vatikan tarixinin təəccüblü səhifələribackend

Kaliqulanın atından papanın filinə: Vatikan tarixinin təəccüblü səhifələri

Roma imperatoru Kaliqula (37–41-ci illər) tarixə son dərəcə qəribə davranışları və özbaşınalığı ilə düşüb. O, özünü tanrı elan edir, ətrafındakılardan ilahi ehtiram tələb edir, senatorları alçaldır, şəxsi kaprizlərinə görə insanları edam etdirirdi. Roma tarixçisi Svetoninin yazdığına görə, imperator hətta sevimli atı İnsitatı konsul təyin etmək niyyətində idi.

Kaliqulanın hakimiyyət ehtirasını və özünü hamıdan üstün tutmaq istəyini nümayiş etdirən ən məşhur əhvalatlardan biri isə ona əlini öpdürmək əvəzinə ayağını öpmək adətini tətbiq etmək niyyəti ilə bağlıdır.

Nəhayət, imperator sui-qəsd nəticəsində öldürüldü. Ölümündən sonra onun bir sıra sərəncamları ləğv edildi, adı bəzi rəsmi siyahılardan və xatirə yazılarından çıxarıldı. Belə görünürdü ki, tarix mühüm bir dərs vermişdi: heç bir hökmdarı yer üzündə ilahiləşdirmək olmaz.

Ancaq bu dərsi hamı mənimsəmədi. Sonrakı əsrlərdə Roma papaları da imperator hakimiyyətinin bir sıra atributlarını öz mərasimlərinə daxil etdilər.

Ayaq öpmək mərasimi: İmperator ənənəsindən papa sarayına

Artıq VII əsrə aid mənbələrdə papanın ayağını öpmək mərasiminə rast gəlinir. Orta əsrlərdə bu adət Roma papasına xüsusi ehtiramın ifadəsinə çevrildi. Möminlər və ruhanilər papanın ayağındakı, üzərində çox vaxt xaç təsviri olan başmağı öpürdülər.

Bu mərasim əsrlər boyu qorunub saxlanıldı və yalnız XX əsrin 60-cı illərində, VI Pavelin pontifikatı dövründə tədricən aradan qaldırıldı.

Kaliqula öz hakimiyyət əzəmətini nümayiş etdirməyi xoşlayırdı. Papalar da monarxlara məxsus təntənəli ehtiram və mərasimlərdən imtina etməyə tələsmirdilər.

Təntənəli mərasimlər zamanı papalar xüsusi xidmətçilərin çiyinlərində daşıdığı “Sedia gestatoria” adlı daşınan taxtda aparılırdılar. Bu, pontifikin nüfuzunu və hakimiyyətini nümayiş etdirən mərasim atributlarından biri idi.

Bu ənənədən istifadə edən sonuncu papa 1978-ci ildə seçilmiş I İohann Pavel oldu. Onun varisi II İohann Pavel isə daşınan taxtdan istifadəni dayandırdı.

Bəs əxlaq məsələsi necə?

Roma tarixçiləri imperator Tiberinin Kapri adasındakı əxlaqsız həyatından, Kaliqulanın cinsi azğınlıqlarından və Neronun pozğunluğundan geniş bəhs edirdilər. Lakin İntibah dövrünün papa sarayı da bu baxımdan heç də onlardan geri qalmırdı.

1492–1503-cü illərdə Roma papası olmuş VI Aleksandr Borciya çoxsaylı sevgi münasibətləri, nikahdankənar övladları və saray həyatındakı qalmaqallarla tarixə düşüb.

Papa mərasimlərinin təşkilinə cavabdeh olan İohann Burxardın gündəliyində 1501-ci ildə Vatikanda kurtizanların iştirakı ilə keçirilən və tarixə “Şabalıd ziyafəti” adı ilə düşən qalmaqallı məclis haqqında məlumatlar yer alır.

Həmin hadisənin bəzi təfərrüatları tarixçilər arasında mübahisə doğursa da, bu əhvalatın özü papa sarayının nüfuzunun nə qədər zədələndiyini göstərən məşhur nümunələrdən birinə çevrilib.

Kaliqulanın atı və papanın fili

Və daha bir maraqlı tarixi paralel…

Svetoninin məlumatına görə, Kaliqula sevimli atı İnsitatı konsul təyin etmək istəyirdi. Roma imperatorunun bu niyyəti tarixdə hakimiyyətin absurd həddə çatmasının simvoluna çevrilib.

Roma papası X Leo Mediçi isə Portuqaliya kralının ona hədiyyə etdiyi Hanno adlı filə xüsusi bağlılığı ilə tanınırdı. Fil 1516-cı ildə öldükdən sonra papa onun Vatikanda dəfn edilməsini əmr etmiş, hətta heyvana həsr olunmuş epitafiya yazdırmışdı. Hannonun təsvirləri də dövrümüzə qədər gəlib çatıb.

Əlbəttə, heyvanları sevmək özlüyündə heç bir qəbahət deyil. Ancaq imperator kultunun, saray dəbdəbəsinin və dünyəvi hakimiyyət uğrunda mübarizənin fonunda belə epizodlar xüsusi simvolik məna kəsb edir.

Həvari Pyotrun varisləri, yoxsa Roma imperatorlarının davamçıları?

Bəs qarşımızda kimlər dayanır?

Məsihin “Qoyunlarımı otar” deyərək mənəvi məsuliyyət həvalə etdiyi sadə balıqçı həvari Pyotrun varisləri? Yoxsa bütpərəst Romanın mərasimlərini, hakimiyyət rəmzlərini, dəbdəbəsini və bütün vəsvəsələrini mənimsəmiş kilsə hökmdarları?

Bu sualın cavabı, şübhəsiz, oxucunun tarixi hadisələrə və kilsənin missiyasına hansı mövqedən yanaşmasından asılıdır.

Tarix öz-özlüyündə heç kimi islah etmir. O, sadəcə olaraq baş vermiş hadisələrin şahidliyini qoruyub saxlayır. Nəticə çıxarmaq isə hər kəsin öz öhdəsinə düşür.

Müəllif: Aleksandr Dombrovski

Hazırladı: Rəsmiyyə Şərifova

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*