“Bu millətimizə qarşı müharibədir, bizi öz mahiyyətimizdən və şəxsiyyətimizdən imtina etməyə məcbur etməyə çalışırlar. Kənardan, müəyyən dairələrdən olan insanlara öz ölkəmizdə necə yaşamağımızı bizə diqtə etməyə icazə verməməliyik”. KONKRET.az xəbər verir ki, bu sözləri Sosial Ədalət Naminə Partiyasının (SƏN) sədri Arman Qukasyan Ermənistan Milli Məclisi qarşısında İstanbul Konvensiyasının ratifikasiyasına qarşı keçirilən mitinqdə bəyan edib.
Onun sözlərinə görə, İstanbul Konvensiyasının ölkəmizdə heç bir önəmi və yeri yoxdur. İctimaiyyəti təkcə milli və mənəvi dəyərlərimizi deyil, həm də millətin simasını qorumağa çağıran partiya sədri bunları bildirib:
“Qadınlarımızı və uşaqlarımızı zorakılıqdan qorumalı olan İstanbul Konvensiyasını ratifikasiya etməyin faydasına inandırmağa çalışırıq. Özümüz qadınlarımızı və uşaqlarımızı qoruya bilərik. Özümüz ailələrimizi qoruya bilərik. Daha kənar adamlar bizə necə yaşamağımızı deməməlidirlər”
Arman Qukasyan insanların İstanbul Konvensiyasının ratifikasiyası ilə ortaya çıxan əsl təhlükələri başa düşmələrinin və buna görə də bütün qüvvələri buna qarşı səfərbər edilməsinin vacib olduğunu vurğulayıb: “Anlamalıyıq ki, bu millətimizə, milli dəyərlərimizə və bütövlükdə ermənilərin varlığına qarşı müharibədir. Hamımız erməni xalqını, qadınları və uşaqları xaricdən məlum qüvvələrin diqtə etdiyi bu pislikdən qorumağa hazır olmalıyıq. Millətimizi məhv etmək – bu İstanbul Konvensiyasının əsl qiymətləndirməsidir”.
Qeyd edək ki, İstanbul Konvensiyası bu gün müvafiq daimi komissiyaların birgə iclasında və İrəvana gələn Avropa Şurasının yüksək vəzifəli şəxslərinin iştirakı ilə müzakirə ediləcək.
Şayiələrə görə, konvensiyanın ratifikasiyası Milli Məclisin yaz sessiyasının gündəliyinə daxil ediləcək.
Hazırladı: Fadil PAŞAYEV