“Bu olmasa, ermənilər bizim tələblərimizi ciddiyə almayacaq” – İLGİNC AÇIQLAMAbackend

"Bu olmasa, ermənilər bizim tələblərimizi ciddiyə almayacaq" - İLGİNC AÇIQLAMA

Xankəndinə gəlmək istəyən Qarabağ sakini olan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Əks təqdirdə onların Qarabağa girişində müəyyən əngəllər ola bilər. Son günlər belə bir məsələnin gündəmə gəlməsi erməniləri əməlli-başlı təşvişə salıb. Onsuz da bütün təminat yolları bağlanan və Laçın dəhlizindən azərbaycanlı hərbçilərin xüsusi icazəsi ilə istifadə edən ermənilər belə bir tələbdən sonra çıxılmaz vəziyyətə düşəcəklərinin fərqindədirlər. Bəs görəsən, Azərbaycan tərəfi bu cür tələbi rəsmiləşdirə bilərmi? Yəni Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul etməsələr onların Laçın dəhlizindən istifadəsi və Qarabağa daxil olması qadağan olunacaqmı?  

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, bu tələbin irəli sürülməsi çox yaxşıdır: “Biz Qarabağdakı erməniləri maksimum təzyiq altında saxlamalıyıq. Reallıqda isə onların Azərbaycan vətəndaşlığını qəbul etməsi bizim o əraziləri tam nəzarətimizə götürməyimizdən sonra mümkün ola bilər. Ermənilər bizim real hərbi gücümüzü öz üzərlərində hiss etməyənədək, bu addımı atmayacaqlar. Çünki separatçıları orada ruslar müdafiə edir. Rusların bizə təzyiq göstərib onları yenə həmin ərazilərə buraxacağına inanırlar. Odur ki, hazırkı şəraitdə belə bir addımın reallaşacağını və nəticə verəcəyini düşünmürəm”.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Politoloqun sözlərinə görə, bu məsələnin qaldırılması Qarabağdakı ermənilərə edilən təzyiq formasından biridir: “Bu, düzgün addımdır. Sadəcə olaraq təzyiq forması real hərbi gücə çevrilməlidir. Bu olmasa, ermənilər bizim tələblərimizi ciddiyə almayacaq. Amma Azərbaycan tərəfi öz tələblərini real gücə çevirsə və həmin əraziləri tam nəzarətə götürsə, o zaman Qarabağdakı ermənilər başqa çıxış yollarının olmadığını anlayacaqlar. Bu halda onlar ya Azərbaycan vətəndaşlığını qəbul edəcəklər, ya da torpaqlarımızdan çıxıb gedəcəklər”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*