“İnci” körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi – VİDEObackend

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi - VİDEO 

“İnci” körpələr evi-uşaq bağçasında azyaşlının tərbiyəçi tərəfindən döyülməsi iddiası ilə barədə araşdırma aparılır.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, paytaxtın Xəzər rayonunda yerləşən tədris mərkəzlərinin birində azyaşlının tərbiyəçi tərəfindən zorakı hərəkətlərə məruz qalması ilə bağlı ərazi polis orqanına vətəndaşın müraciəti daxil olub:

“Həm valideynin, həm də tərbiyəçinin ərizə və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin olub. Hazırda təhqiqat araşdırması davam etdirilir”.

***

Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb.

Onun sözlərinə görə, uşağın bədənin müxtəlif hissələrində qızartılar var:

“Uşağımı bağçadan götürəndə deyirdi ki, “mama, ak elədilər”. Mən başda ciddiyə almadım. Lakin sonra uşağın qəribə hərəkətlər etdiyini gördüm. Başına vurur, saçını yolur və “İslam, bəsdir” deyir. Uşaq bunun kim tərəfindən ona edildiyini demirdi. Müəllimə də neçə dəfə oğlumun belə hərəkət etdiyini demişəm. Müəllimi isə ona heç nə edilmədiyini deyirdi. Bir neçə dəfə də uşağımın qolunda qançırların olduğunun şahidi olmuşam. Hiss olunur ki, kimsə çimdik götürüb. Yenə də gözardı etmişdim, üstünə getmədim. Bağçaya gedəndə müəllim uşağın dəcəllik elədiyini, yatmadığını, pəncərəyə yapışdırılan kağızları qopardığını deyib. Uşağın üzünü yuyanda qulağının ağrıdığını hiss etdim. Baxanda gördüm ki, göyərib qulağının arxası. Sonra paltarlarını soyundurdum gördüm ki, boğazında cırmaq izi var, qolunda qızartılar var. Mən bunu onlara sübut edə bilmirəm ki, uşağımı bağçada döyürlər”.

***

Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirilib ki, araşdırmanın nəticələrinə müvafiq olaraq qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək:

“Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir, aparılan monitorinqlər davamlı xarakter daşıyır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*