Bu şəhərdə çimmək qadağan edildi – Təhlükəli vəziyyət pik həddə çatdıbackend

Bu şəhərdə çimmək qadağan edildi - Təhlükəli vəziyyət pik həddə çatdı 

Dünyanın bir sıra bölgələrində su qıtlığı getdikcə ciddi problemə çevrilir. Cənubi Afrikanın Keyptaun şəhəri də bu təhlükə ilə üz-üzədir. Yağıntıların azalması, su ehtiyatlarının aşağı düşməsi və istehlakın artması şəhər rəhbərliyini qabaqlayıcı tədbirlər görməyə vadar edib.

Keyptaun bələdiyyəsinin açıqlamasına görə, 2026-cı il dekabrın 1-dən şəhərdə birinci səviyyəli su məhdudiyyətləri tətbiq olunacaq. Sakinlərdən gündəlik su istehlakını ən azı 10 faiz azaltmaq tələb edilir. Adambaşına gündəlik su istifadəsinin 85 litri keçməməsi tövsiyə olunur.

Bu vəziyyət bir daha göstərir ki, su ehtiyatları tükənməz deyil və hətta inkişaf etmiş şəhərlər belə su qıtlığı təhlükəsi ilə qarşılaşa bilər.

Hindistanın Maharaştra ştatının Latur şəhərində 2016-cı ildə su çatışmazlığı o həddə çatmışdı ki, əhaliyə su qatarlarla daşınırdı. Bu hadisə su qıtlığının milyonlarla insanın gündəlik həyatına necə təsir edə biləcəyinin bariz nümunəsi idi.

Unutmayaq ki, Yer kürəsindəki su ehtiyatlarının yalnız kiçik bir hissəsi şirin sudur və onun da böyük əksəriyyəti buzlaqlarda, yeraltı qatlarda və birbaşa istifadəsi çətin olan mənbələrdə toplanıb. Bəs biz suya qənaət etmək üçün nə edə bilərik?

Bu, əslində düşündüyümüzdən daha asandır. Gündəlik vərdişlərimizdə kiçik dəyişikliklər etməklə xeyli suya qənaət edə bilərik:

1. Avtomobilinizi və motosikletinizi hər gün yumayın. Zərurət yarandıqda su sərfiyyatını minimuma endirin.

2. Həyətləri, pilləkənləri və döşəmələri şlanqla yumaqdan çəkinin. Təmizlik zamanı vedrədən istifadə edin.

3. Diş fırçalayarkən, qab yuyarkən və digər gündəlik işlərdə kranı lazımsız yerə açıq saxlamayın.

4. Suya qənaət edən məişət cihazlarından və texnologiyalardan istifadə edin.

5. Evdəki sızan kranları və boruları vaxtında təmir etdirin.

6. Dibçək bitkilərini və bağçanı sulayarkən ehtiyacdan artıq su sərf etməyin.

7. Küçələri və yolları içməli su ilə yumayın.

8. Yağış sularını toplamaq və təkrar istifadə etmək imkanlarından yararlanın.

Suya qənaət yalnız şəxsi məsuliyyət deyil, həm də gələcək nəsillər qarşısında borcumuzdur.

Bu gün israf etdiyimiz hər damla su sabah özümüzün, övladlarımızın və nəvələrimizin ehtiyac duyacağı ehtiyatlardan biridir.

Gəlin suyun qədrini onu itirəndən sonra deyil, bu gün bilək. Çünki susuz həyat mümkün deyil!

Bu çağırışı ailəmizlə, dostlarımızla və ətrafımızdakı insanlarla paylaşaq. Suya qənaət hər birimizin gündəlik həyat tərzinə çevrilsin.

Ağagül Mürsəlov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*